Öncə Bakının Baş planı hazırlanmalıdır


Yeni tikinti  normalarının tətbiqindən sonra əmlak bazarında qiymət artımı qaçılmaz olacaq

"Ən vacibi isə metro xətlərinin üzərində bina tikintisinə qadağa qoyulmalıdır. Bakıda əksər metroların üzərində çoxmərtəbəli yaşayış binaları tikilib. Təəssüf ki, hər dəfə qatarların hərəkəti ilə binalarda kiçik ballıq zəlzələlər hiss olunur"

  Azərbaycanda yeni tikinti normaları hazırlanacaq. Normaların hazırlanmasında respublikanın aparıcı mütəxəssisləri iştirak edəcəklər. 
Bu barədə "Oxu.az"a danışan  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev  hazırlıq prosesinin 2024-cü ildə başlayacağını deyib.Tikinti normalarının sonuncu dəfə 2010-ci ildə hazırlanıb qəbul edildiyini xatırladan  İnstitut direktoru deyib ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda da tikinti normalarının yenilənməsinin vacibliyi qeyd edilib: “Normalar hazırlanarkən Avropa, Çin və Yaponiya təcrübəsi müqayisəli təhlil ediləcək, Azərbaycan üçün müvafiq qaydalar müəyyənləşdiriləcək. Yeni normalarda tikintiyə tələblərin artırılması və sərtləşdirilməsi müzakirə olunur. Kəskin yeniliklər ola bilər. İstənilən halda tikintiyə tələblərin artırılması qaçılmazdır”.
Daşınmaz  Əmlak eksperti Elnur Fərzəliyev isə “Şərq”ə açıqlamasında deyib ki, 1997-ci ildən bu günə qədər 2000-dən artıq çoxmərtəbəli yaşayış binaları tikilərək vətəndaşlara təhvil verilib: “Sözsüz ki, binaların artması insanların mənzil problemini həll edir və ölkə iqtisadiyyatını ayaqda tutur. Tikinti materiallarının istehsalı, satışı, usta və fəhlələrin işlə təmini və bu kimi sahələr məhz bina tikintisi hesabına gəlir əldə edir. Amma təəssüfləndirici haldır ki, bu illər ərzində tikilən binaların əksəriyyəti pərakəndə və tikinti  normativlərindən kənar tikilib. Elə binalar var ki, bir- birinə çox yaxındır, eləsi var nə həyəti, nə də parklanma yeri var. Halbuki şəhərsalma qaydalarına görə, ara məsafəsi binanın hündürlüyünün 1,5 əmsalında olmalıdır. Yəni binanın hündürlüyü 15 metrdirsə, o, 1,5-ə vurulub, qonşu bina ilə ara məsafə qoyulmalıdır. İndi 16-20 mərtəbəli binalar var ki, onların hündürlüyü 50-50 metrdən çoxdur. Şəhərdə bəzi ərazilər var ki, 3-4 belə binanı 7-8 metr ara ilə tikiblər. Təsəvvür edin ki, fövqəladə vəziyyətdə o binalardan 1-2-si uçur və bu, digər binalara da potensial təhlükədir. Binaların həyətyanı sahələri, əsas yola çıxışı olmalıdır. Yəni binalar bir-birinə yaxın tikilərkən bütün bu hallar nəzərə alınmalıdır. Mütləq avtoparkları, uşaqlar üçün oyun yerləri olmalıdır”. 
  Hazırda paytaxtda minlərlə istismar müddətini başa vurmuş köhnə  yaşayış binalarının olduğunu xatırladan əmlak eksperti deyib ki, artıq böyük əksəriyyəti qəzalı binalar kimi qeydiyyata alınıb. Və yaxın illər ərzində onlar sökülüb yeni binalarla əvəzlənməlidir: “Köhnə binaların söküntüsü dövlət siyasəti olsa da, bu prosesi özəl tikinti şirkətləri, yəni MTK-lar icra edir. Bu baxımdan  hazırlanacaq yeni tikinti normalarında şərtlərin daha da sadələşdirilməsinin, lakin tikintiyə nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edirəm. Hər şeydən öncə Bakının Baş planı hazırlanmalı və  tikinti də ona uyğun aparılmalıdır”.
  E.Fərzəliyevin sözlərinə görə, yeni tikinti  normalarının tətbiqindən sonra əmlak bazarında qiymət artımı qaçılmaz olacaq: “Bu, hər zaman belədir. Tikinti ilə bağlı hər hansı bir tələb, hansısa bir qanuna dəyişiklik edilsə, mütləq bazarda bahalaşma olur. Orta və minimal əməkhaqqı alan insanların mənzil sahibi olması artıq  mümkünsüzdür. Qiymətlər fantastik dərəcədə bahadır. Mərkəz və mərkəzə yaxın ərazilərdə  təmirsiz mənzillərin kvadrat metri 2000 manatdan başlayır və daha baha qiymətlərə təkif olunur. Bu baxımdan şərtlərin ağırlaşdırılmasından daha çox keytiyyətə nəzarət gücləndirilməlidir. Tikinti şirkətləri üçün müəyyən güzəştlər tətbiq olunmalı, onlar vergilərdən azad  edilməlidir ki, MTK-lar köhnə binaları söküb yerində  çoxmərtəbəli binalar tikməkdə maraqlı olsunlar”. 
  E.Fərzəliyev hesab edir ki, zəlzələyə davamlı binalar tikmək üçün Yaponiyanın təcrübəsini öyrənmək daha etibarlıdır: “Bu ölkədə tez-tez dağıdıcı gücə sahib zəlzələlər olur və buna rəğmən binalar sağlam qalır. Zəlzələyə davamlı bina yaratmaq üçün binanın zəmini çox vacibdir. Zəlzələyə davamlı bina keyfiyyətli materiallardan ibarətdir. İlk növbədə zəlzələyə davamlı bina üçün nasazlıq xəttinin müəyyən edilməsi çox vacibdir. Evin birbaşa nasazlıq xəttinin üzərində tikilməsi yanlış davranış sayılır. Eyni zamanda evin tikiləcəyi nöqtə də bu məqamda önəmlidir.  Yaponiyada evlər xüsusi texnologiya ilə tikilir. Orada tikililərə qoyulan seysmik tələblər həddindən artıq sərtdir. Yaponlar binaları zəlzələ dalğasının təsirinə uyğun olaraq, elə konstruksiya üzrə qururlar ki, təkanlar zamanı dağılmasın. Daha dəqiq desək, relslərin üzərində. Bu sistem zəlzələ zamanı binaların yer qabığından asılı olmayaraq hərəkətinə şərait yaradır.
Amma Bakı   həm də küləklər şəhəridir. Möhkəm əsən küləyin özü də hündür binaların yuxarı mərtəbələrində  kiçik ballıq bir zəlzələ rolunu oynayır. Odur ki, yeni normativlərdə küləyin təsiri, torpağın seysmoloji təyinatı  da öyrənilməlidir. Ən vacibi isə metro xətlərinin üzərində  bina tikintisinə qadağa qoyulmalıdır.  Bakıda əksər metroların üzərində çoxmərtəbəli yaşayış binaları tikilib. Təəssüf ki, hər  dəfə qatarların hərəkəti ilə binalarda kiçik ballıq zəlzələlər hiss olunur. Bu cür xırda tərpənişlər isə zamanla binaların istismar müddətini sürətləndirir və binaları qəzalı vəziyyətə gətirib çıxarır”.