Banklarda anormal vəziyyət bitmir

“Ümid edirəm, Mərkəzi Bank, Banklar Assosiasiyası baş verənlərin fərqindədir”

  “Siz hansısa bankdan kredit alsanız, dərhal banklararası kommunikasiya işə düşür.  Sizin digər banklardakı kredit tarixçəniz haqqında, bütün nəsil-nəcabətiniz haqqında məlumat mübadiləsi aparılır, dövlətin digər datalarına sizin haqqınızda  sorğular göndərilir, sizin haqqınızda banklarda olan bütün  data bir anda bir yerə toplanır”. Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz deyib. Onun sözlərinə görə, bank özünü, öz pulunu sığortalamaq üçün bütün mümkün olan və olmayan  addımları atır: “İndi təsəvvür edin ki, müştərisi olduğunuz bank özünün deyil,  sizin pulunuzla bağlı qərar verməlidir.  Məsələn,  sizin vergi borcunuzla bağlı  Dövlət Vergi Xidmətindən bankınıza daxil olan sorğuyla bağlı qərar verməlidir.
  Bankınız dərhal, heç bir araşdırma etmədən, sizin hesabınız olan (ola biləcək)  digər bir banka sorğu göndərmədən, bu vergini digər bir bankınız vasitəsilə  ödədiyinizi araşdırmadan,  hesabınızdan bir anda pulu silir. Eyni addımı, hesabınız olan digər bank da atır, o da dərhal, sorğu-sualsız, hesabınızdan vəsaiti vergiyə yönəldir. Yəni nə qədər hesabınız varsa, o qədər də vergi ödənişləri reallaşır.
  Hətta bununla da bu cür anormal vəziyyət bitmir. "KapitalBank" bu sahədə daha "irəliyə" gedib və "innovativ" həllər kəşf edib. Bu bank vergidən daxil olan sorğu əsasında  nəinki müştərinin hesabından pulu silir, hətta eyni anda onun bu hesaba bağlı olan kartından da həmin vəsaiti vergiyə yönəldir. Bu da bizim ən öndə gedən bankların innovativliyi və rəqəmsal bankçılığı!
  Ümid edirəm, Mərkəzi Bank, Banklar Assosiasiyası  baş verənlərin fərqindədir”.