Düzgün idman növü seçilməyəndə faciə ilə nəticələnir


“Uşaq peşəkar idmançı olmayacaqsa, olmaq istəməyəcəksə, onu idman zallarına göndərməyin”


  Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.
  2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
  Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
  Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib.
  Ölən azyaşlının babası Ələsgər Məlikov "Baku TV"-yə açıqlamasında deyib ki, Fərid Bakarov Mehman Xəlilovun sevimli tələbəsi olub. Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisənin şokunu yaşayırlar. Onlar həm də qohum imiş. Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdurlar.

  Mütəxəssislərin fikrincə, məşqçilər azyaşlı ilə işləyəndə çox diqqətli və ehtiyatlı olmalıdır. Yəni azyaşlının ölümünə görə məsuliyyətin tam olaraq məşqçinin üzərində olduğu qeyd edilir. 
  Qeyd edək ki, 7 yaşlı uşağın məşq zamanı boynunun qırılaraq ölməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Faciə həmçinin uşaqların kiçik yaşlarda ağır idman növlərinə qoyulması problemini də aktuallaşdırıb. Məşqçilər qeyd edir ki, azyaşlılar ağır idman növlərinə yazılmazdan əvvəl onların bədəni yoxlanılmalı, bədən elastikliyi, sümük kövrəkliyi öyrənilməlidir. Əks halda, uşağın cəlb edildiyi və ya özünün seçdiyi idman onun ən yaxşı halda zədə almasına, pis halda isə ölümünə səbəb ola bilər.
  Pediatr Vaqif Qarayev isə “Şərq”ə açıqlamasında bildirib ki, azyaşlılar üçün belə idman növləri təhlükəlidir. Həkim qeyd edib ki, idman uşaqlar üçün sağlamlıq olsa da, düzgün idman növü seçilməyəndə, bu, faciə ilə nəticələnir: “Uşaq peşəkar idmançı olmayacaqsa, olmaq istəməyəcəksə, onu idman zallarına göndərməyin. Sağlamlıq üçün üzgüçülük və gimnastika kifayətdir. İstər oğlanlarda, istərsə də qızlarda  əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında, xüsusən də qamətin düzgün olmasında həm gimnastikanın, həm də üzgüçülüyün rolu müqayisə olunmazdır. Mən həkim olaraq bu iki idman növünü məsləhət görərdim”.