Taksi sürücüləri ilə bağlı narazılıqlar artır

Konkret bir orqan bu sahəni nəzarətə götürməli və əsas öhdəliyi sürücülərin psixoloji yoxlamadan keçirilməsi olmalıdır


  Son zamanlar taksi sürücülərinin qeyri-etik hərəkətləri ictimaiyyət arasında böyük narazılıqlara səbəb olub. Əsasən zərif nəslin nümayəndələri taksi sürücülərinin onlara əxlaqsız təklifləri barədə şikayətçidir. Hətta sürücülərin bəzən narkotik maddə aludəçisi olduğu da qeyd olunur.
  Nəqliyyat eksperti Aslan Əsədov  isə “Şərq”ə açıqlamasında deyib ki, Bakının nəqliyyat yükünün əsas hissəsi taksi xidmətinin çiyinlərindədir. Lakin bu sahədəki xoşagəlməz hadisələr  insanlarda taksiyə inamsızlıq yaradır: “İctimai nəqliyyatın bir növü kimi həm sərnişinlərin təhlükəsizliyi, həm qəzalardan nisbətən sığortalanmaq, həm də kompensasiya ödəməkdən qurtulmaq üçün bu sahəyə nəzarət  vacibdir. Dövlət orqanlarının resursları çərçivəsində taksi xidmətləri ilə bağlı müəyyən tənzimləmələr həyata keçirilməlidir. Ən azı yaşanan bu hadisələrlə bağlı ciddi ölçü götürülməlidir. Problemin həlli tək Dövlət Yol Polisi İdarəsinin işi deyil. Taksi şirkətlərini qeydə alan orqanlar da bu sahədə nəzarəti artırmalıdır.  Taksi sürücüləri işə götürülən zaman  onlarda psixoloji və tibbi heç bir yoxlama tələb olunmur.  Sürücülüklə bağlı sənədlərdən əlavə məhkumluq haqqında arayış tələb olunur. Konkret bir orqan bu sahəni nəzarətə götürməli və əsas öhdəliyi sürücülərin  psixoloji yoxlamadan keçirilməsi olmalıdır. 
  İşə götürülənlər “Nəqliyyat haqqında” qanuna və Nazirlər Kabinetinin 71 saylı qərarına əsasən, hər bir avtomobil reysdən qabaq texniki baxışdan, onun sürücüsü də tibbi baxışdan keçməlidir. Çox təəssüf ki, qanunvericiliyin həmin müddəası real icra olunmur. Səbəbi bu sahənin nəzarətsiz qalmasıdır".