Məscidlərə təyin olunan imamlar dövlətini sevən şəxslər olmalıdır
 

  Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq. M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək. Məşədi Dadaş icmasının sədri və üzvləri hazırda məsciddədir”.

  M.Qurbanlı bildirib ki, icmanın məsciddən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yanlışdır: “İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib: "İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq. Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olanlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".

  Qeyd edək ki, Əli Şərbətov əvvəl  Saray qəsəbəsindəki “Cümə” məscidinin imam müavini olub. O, 1990-cı illərin əvvəlində Liviya Ərəb Respublikasında dini təhsil alıb. Məşədi Dadaş məscidinin yeni imamı Bakı İslam Univesitetində də təhsil alıb və hazırda Bakı İslam Univesitetinin müəllimi kimi fəaliyyət göstərir. Xatırladaq ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.

  Təyinatı ilə bağlı açıqlama verən Ə.Şərbətov bu vəzifənin böyük məsuliyyət olduğunu bildirib: "Allah Hacı Şahinə rəhmət eləsin. Belə sevilən, insanların qəlbinə yol tapmış adamı əvəz etmək əvvəllər çətin olacaq. Belə məsləhət elədilər, məni göndərdilər, biz də Allahın yolunda xidmət göstərəcəyik. Mən yox, istər başqa qardaşımız da olsa, gəlib burda fəaliyyət göstərməlidir. Əlimdən gələni edəcəyəm. Hacının yerini doldura bilmərik. Heç buna iddialı da deyilik. Əlimizdən gələn xidməti göstərməyə çalışacağıq”.

  Milli Məclisin deputatı Ceyhun Məmmədov isə deyib ki, radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır. Onun sözlərinə görə, radikal dini təriqətlərə qarşı aparılan mübarizə eyni qaydada davam etdirilməlidir: “Ölkədə bu cür insanların sayı on minlərlədir. Dini fəaliyyət sahəsində də islahatları sürətləndirməliyik. Bu gün Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ən ciddi təhdidlərdən biri siyasiləşmiş və radikal islamdır. Ona görə də bunun qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır. Bu düşüncə və təfəkkürdə olan insanlar da bizim məscidlərdə vəzifələrdən uzaqlaşdırılmalıdır. Bunu da kompleks tədbirlər şəklində həyata keçirməliyik. Bu işlər davamlı şəkildə olmasa zaman-zaman yenidən eyni problemlə üzləşəcəyik”.

  Sözügedən təyinatla bağlı “Şərq”ə açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, məscidlər Allahın evləridir. Məscidlər yer üzərində olan ən xeyirli evlərdir, ibadət yeridir. Məscid sözü ərəbcə «süsud» sözündən götürülüb, mənası səcdə edilən yer deməkdir. Bizdən əvvəlki ümmətlər ibadət üçün təyin olunan yerə məbəd, xristianlar kilsə, yəhudilər isə «havra» deyirdilər: 

“Məhəmməd Peyğəmbərin (s.a.s) Mədinədə ilk işi məscid tikməklə başladı. Bu məscid islam tarixinin səhifələrində islam dövlətinin idarəsini təmin edən bir şah damarı oldu və Məhəmməd peyğəmbərdən (s.a.s) sonra gələn müsəlmanların izlədikləri bir sünnət (yəni yol) oldu. Məhəmməd Peyğəmbər (s.a.s) məsciddə, elm məclislərində iştirak etməyə təşviq etmiş və belə demişdir: «Bir dəstə Allahın evlərindən birində Allahın kitabını oxumaq, öz aralarında onu müzakirə etmək üçün toplaşsalar mütləq ilahi feyz həzrət və sakitlik onların üzərinə enər, rəhmət onları bürüyər, mələklər ətraflarına dolanar və Allah öz dərgahında olanların yanında onları xatırlayar». 

  Namaz qılmağın, xüsusilə məscidə gedib camaatla namaz qılmağın böyük fəziləti, xeyri və faydası vardır. Allah-Təala "Qurani-Kərim"də buyurur ki: «Həqiqətən də (sizdə şübhə olmasın ki,) məscidlər Allaha aiddir. Ona görə də Allahla yanaşı heç bir kəsə ibadət etməyin (Cin surəsi 18-ci ayə)». 

Bu ayə ölüb dünyadan köçmüş olan, eşidib görməyən, çağırışa cavab verməyən, gücü heç nəyə çatmayan, heç kimə kömək etmək səlahiyyətində olmayan pirləri, qəbirləri, daş və ağacları, dağları, dəmirli zəncirləri ziyarət edərək bununla Allaha yaxınlaşacaqlarını zənn edən savadsız, avam insanlara kifayətdir ki, onlar dini yalnız Allaha xas qılmaq üçün məscidlərə getsinlər, ən azından özləri getməsələr belə məscidə gedən övladlarına və ailə üzvlərinə mane olmasınlar. 

Məscidlərə təyin olunan imamlar savadlı, elmli, əxlaqlı, gözəl danışıq tərzi olan şəxslər olmalıdırlar. Vətənini sevən, dövlətini sevən, vətənpərvər, qəlbində insanlara qarşı mərhəmət hissləri olan şəxs olmalıdır. Bu səbəbdən mən düşünürəm ki, həm QMİ, həm də DQDK bu barədə doğru seçim edə bilir. Əli Şərbətovu isə  şəxsən yaxından tanımıram. Əgər məsləhət görülübsə, ümid edirik ki, öz vəzifəsini layiqincə yerinə yetirər”.