Məşq zalları kabusa çevrildi

Valideynlər övladlarını idman məşqlərinə göndərməklə bağlı narahatlıq keçirməyə başlayıblar

Psixoloq: “Uşaqlarla məşğul olan müəllim psixoloji cəhətdən sağlam olmalıdır. Evdə və çöldəki problemlərini sinif otaqlarına və ya məşq zallarına gətirməməlidir”

  Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi ölkənin əsas gündəm mövzularından birinə çevrilib. Məsələ ətrafında xeyli suallar var. Məlum videodan sonra övladını idmana qoyan  valideynlər övladlarını idman məşqlərinə göndərməklə bağlı narahatlıq keçirməyə başlayıblar. Avropa oyunlarının mükafatçısı Mehman Xəlilovun etdiyi kobud sambo fəndi nəticəsində həyatını itirən 2016-cı il təvəllüdlü Fərid Bakarovun ölümü hər kəsi sarsıdıb. Mütəxəssislər isə hesab edir ki, valideynlər hansı idman növü olmasından asılı olmayaraq uşaqlarını əmanət etdikləri müəllimlər haqqında əvvəlcədən düzgün məlumat əldə etməlidirlər. Onun hansı həyat tərzi yaşaması haqqında müəyyən bilgilərə sahib olsalar yaxşı olar. Ən azı bir neçə məşq övladlarını həvalə edəcəkləri məşqçini yaxından izləməli və onun uşaqlarla necə ünsiyyət qurmasını dəyərləndirməsi faydalı olar. Qeyd edək ki, məlum hadisədən sonra məktəblərdəki idman zallarının bağlanması ilə bağlı da söz-söhbətlər yayılıb. 

  Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil məktəblərində idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək: “Ümumi təhsil müəssisələrinin idman zalları fiziki tərbiyə fənninin tədrisi, həmçinin dərsdən sonrakı vaxtlarda müxtəlif idman növləri üzrə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının qorunması və inkişaf etdirilməsi, bu sahədə kütləviliyin təmin olunması, uşaqların idmana olana marağının artırılması məqsədilə istifadə olunur. İdman zallarının bağlanılması bu sahədə səmərəliliyin aşağı düşməsinə, uşaqların idmandan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, məktəblərdə idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək”.

  Bildirilib ki, nazirlik sistemində 76 uşaq-gənclər idman-şahmat məktəbi fəaliyyət göstərir:

 “Onlardan 20-si Elm və Təhsil Nazirliyinin birbaşa, 56-sı regional təhsil idarələrinin tabeliyində işləyir. Bu müəssisələr idmanın müxtəlif növləri üzrə idman sahəsində kütləviliyin təmin edilməsi, təhsil müəssisələri arasında yarışların təşkili və keçirilməsi, müəssisələrə metodiki köməkliyin göstərilməsi istiqamətində fəaliyyət göstərir. 2022-2023-cü tədris ili üçün olan məlumata əsasən, qeyd olunan məktəblərdə idmanın 29 növündə 346 bölmə üzrə 2 452 məşqçi-müəllim və 4 271 qrup fəaliyyət göstərir, qruplarda 60 minə yaxın idmançı məşğul olur (idman növləri: şahmat, futbol, sərbəst güləş, voleybol, yunan-Roma güləşi, boks, stolüstü tennis, cüdo, basketbol, ağır atletika, sambo, badminton, atletika, taekvando, akrobatika gimnastikası, həndbol, dama, karate, üzgüçülük, qılıncoynatma, idman gimnastikası, batut gimnastikası, kikboksinq, avarçəkmə, tamblinq, tennis, bədii gimnastika, veloidman, atıcılıq)”.

  Gənclər və idman naziri Fərid Qayıbov samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, onun ölümünə səbəb olmasına münasibət bildirib. O, hadisəyə görə təəssüf hissi keçirdiyini söyləyib: 

“Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən uşağın ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik”. Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla daim görüşdüklərini xatırladan nazir əlavə edib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir: “Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Bununla mübarizə aparırıq. İdmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi yönündə işlər aparılır. İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir”.
  Əməkdar məşqçi Rafiq İsmayılov uşaqlara qarşı məşqçilərin azyaşlılarla necə davranmalı olduğunu açıqlayıb: “Məşqçi idmanda uşaqlarla oynamalıdır. Onlar azyaşlıdır və çox şeyi anlamır. İdmanı onu məcbur edərək yox, sevdirərək keçmək lazımdır. Bizim yanımıza da uşaqlar gəlir. Onları qucaqlayırıq, başını tumarlayırıq, əzizləyirik. Bu, idman metodikasıdır. Məşqçi özünü də, idmanı da ona sevdirməlidir, onun həmyaşıdı kimi davranmalısan. Kobud davranmaqla heç nə olmayacaq. Bütün bu sadaladıqlarım idman metodikasında var. Məsələn, biz uşaqlara məşqlərdə müxtəlif oyunlar veririk ki, o, məşqi həmin oyunlarla sevsin. Hər kiçik uğurunda ona “afərin” deyirik, tərifləyirik. Uşaqlarla yeniyetmələrin məşqi eyni yerdə olmamalıdır, hətta paltardəyişmə otağı belə ayrı olmalıdır. Bu da tərbiyənin bir növüdür. Çox məşqçilər bunlara əməl etmir. Mənim yanımda azyaşlılar çoxdur, bütün günü burda atlanıb-düşürlər, əylənirlər. Bizi də öz əmisi, dayısı, qardaşı bilirlər. Belə də olmalıdır”. R.İsmayılov düşünür ki, bu cür hadisələrin olmasının səbəbi həm də valideynlərin diqqətsizliyidir: “Çox pis hadisədir. Ürək ağrısı ilə qarşıladım. Məncə, ilk günah valideynlərdədir. 

Ona görə ki, onlar öz övladlarını maraqlanmamış, məşqçilik təcrübəsi olmayan, pedaqoji təhsili olmayan adamlara əmanət edirlər. Səbəb odur ki, onlar instaqramda, feysbukda, tik-tokda videolar paylaşan məşqçilərə aldanırlar. Düşünürlər ki, bu məşqçidən yoxdur, çox yaxşıdır və uşağımızı onun yanına göndərə bilərik. Ola bilər ki, bu məşqçi nə vaxtsa titullar qazanıb. Amma onun fəaliyyətinə qiymət vermək, izləmək, incələmək lazımdır. Belə məşqçilər videolar çəkib sosial şəbəkələrdə yerləşdirirlər və beləcə, valideynlərin marağına səbəb olurlar”. Əməkdar məşqçi tələbələrinə qarşı şiddət göstərən məşqçilərin uşaqlıqda psixoloji travma yaşadıqlarını deyir: “Həmin psixoloji probemlər bu gün məşqlərə təsir edir. Azərbaycanda təcrübəli, sözünü demiş məşqçilər çoxdur. Sayılıb-seçilirlər. Düşüncəli valideynlər övladlarını gətirib həmin məşqçilərin yanına qoyurlar. Mehman Xəlilovun videosuna baxdım və fikrimcə, o, anlaqlı vəziyyətdə deyil. Çünki çox aqressiv görünür. Bu cür hallar mütləq araşdırılmalıdır”.

  Əməkdar məşqçi bu cür zalların istifadəsinin tənzimlənməli olduğunu da sözlərinə əlavə edib: 

“Keçmiş idmançılar hara müraciət edib məşq keçirsə, həmin klublar nəzarət etməlidir. Klub, ya federasiya maraqlanmalıdır ki, bu adam kimdir, necə məşq keçir, harada təhsil alıb, məşqçilik lisenziyası varmı... Mütəmadi olaraq bütün qurumlar Gənclər və İdman Nazirliyinə bu barədə məlumatlar verilməlidir. Bizim federasiya hazırda bunu edir və məşqçilər haqqında məlumatlar yerləşdirilir. Təkcə Boks Federasiyası yox, bütün qurumlar bunu etməlidir. Məşqçilərlə danışıqlar aparılmalıdır, işə götürəndə onlarla söhbətlər edilməlidir, testlər aparılmalıdır. Yəni bəlli olsun ki, doğrudan da bunun ağlı, təhsili imkan verirmi ki, o, məşqçilik etsin? Bunlar vacib amillərdir”.
  Psixoloq Aytən Ələkbərova isə sosial şəbəkələrdə yayılan videonun insanlarda qorxu və təşviş yaratdığını deyib.  Onun sözlərinə görə, məşqçinin düşüncəsiz və səriştəsiz hərəkətləri bir ailənin taleyinin sönməsinə səbəb olub. Bu hadisə nəticəsində insanlarda idman zallarına qarşı təşviş və qorxu, həmçinin etimadsızlıq duyğusu yaranıb: “Düşünürəm ki, belə halların baş verməsinin qarşısını almaq üçün valideynlər övladlarını daha təcrübəli və səriştəli məşqçilərin yanına göndərməlidirlər. Məşqçilər idman psixologiyası ilə yanaşı, uşaq psixologiyasını və psixofizioloji dözüm səviyyəsini də bilməlidir. Əgər bunlara əməl olunsa, bu tipli hadisələrin qarşısı alınacaq”. Psixoloqun fikrincə, uşaqlarla məşğul olan müəllim psixoloji cəhətdən sağlam olmalıdır. Evdə və çöldəki problemlərini sinif otaqlarına və ya məşq zallarına gətirməməlidir: “Çünki məşqdə olan uşağın qarşısına çıxan çətinlik, yoldaşları və müəllimlə, eləcə də ailədə olan qarşılıqlı münasibətdə də baş verə bilir. Müəllimin ciddi tələbkarlığı, müxtəlif tapşırıqların verilməsi uşaqda gərginlik və eyni zamanda sıxıntı yaradır. Beləliklə, uşaq düşdüyü yeni şəraitə çətin uyğunlaşır və öz yoldaşları ilə ünsiyyətə girməkdə çətinlik çəkir. Buna görə də təcrübəli müəllim, öz şagirdinin nöqsanlarını müntəzəm şəkildə izləyib, düzəltməyə səy göstərməlidir. Cüdo, sambo, güləş kimi döyüşlərdə uğur qazanmış müəllimlərimiz var ki, gəncləri yetişdirmək üçün hansısa aqressiyanı göstərirlər, amma o körpə uşağa göstərilən kimi yox. Əgər belə bir hərəkət edibsə, onun psixoloji durumu tamamilə sıfırdır. 

Onun qeyri-adekvat vəziyyətlərdə özünü idarə etməmə mexanizmi işə keçib. Uşaqlarla məşğul olan müəllim hamıya eyni tələbkarlıqla yanaşsa da, onların arasında düzgün qarşılıqlı münasibətin formalaşması üçün ən gözəl şərait yaratmalıdır”.