Geomaqnit qasırğası günü çöldə olmayın!

Həmin dövrdə ağır yeməklərdən çəkinmək lazımdır

Bacardıqca balıq, tərəvəz yeməkləri və sıyıq yeməli, təbii antioksidantların qəbulu artırılmalıdır

  Bir müddətdir davamlı olaraq maqnit qasırğası ilə bağlı əhaliyə ciddi xəbərdarlıq edilir. May ayı ərzində də bir neçə zəif və bir güclü maqnit qasırğası gözlənilir.
  Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə,  4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib. Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 

04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib. LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb. Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.

  Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

  Günəşin aktivliyi nəticəsində yaranan və Yer kürəsini bürüyən güclü maqnit qasırğasının G4 səviyyəsinə çatdığını iddia edən mütəxəssislər bu cür hava şəraitinin hipertonik xəstələr üçün çox təhlükəli olduğunu deyib. Belə xəstələrə təzyiqi normallaşdıran dərmanlarla yanaşı, yüngül sakitləşdirici vasitələr də qəbul etmək məsləhətlidir. Əks halda güclü pozuntular ürək-damar xəstəliklərindən ölüm riskini artırır. 

  Qeyd edək ki, müxtəlif tədqiqatlar nəticəsində məlum olub ki, Günəşin yüksək aktivliyi olan illərdə miokard infarktından ölüm halları təxminən 5 faiz, kəskin koronar sindromlu insanlar arasında isə ölüm halları 1,6 dəfə artıb. Bundan əlavə, geomaqnit pozğunluqları olan günlərdə ürək aritmiyaları ilə xəstəxanaya yerləşdirilənlərin sayında artım müşahidə olunur və qan təzyiqinin artması daha tez-tez müşahidə olunur.

  Terapevt Leyla Quliyevanın “Şərq”ə açıqlamasına görə, meteohəssas insanlar təbiətin şıltaqlıqlarına, maqnit qasırğalarına, atmosfer havasının təzyiqinə, havanın soyuyub istiləşməsinə çox həssas reaksiya verirlər: 

“İnsan təbiətlə çox sıx əlaqədə olduğu üçün təbiətdə baş verən dəyişikliklər də insan orqanizminə təsirsiz ötüşmür. Belə ki, hava şəraitinin kəskin dəyişilməsi, məsələn, güclü şimal küləyinin cənub küləyiylə əvəz olunması, temperaturun kəskin artıb azalması, rütubətin artması bir qrup şəxslərin səhhətində problem yaradır. Bu insanlar meteohəssas insan adlanır.
  Meteohəssas insanlar daha çox ürək-damar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, revmatoloji sistem xəstəliklərindən əziyyət çəkirlər.  

  Maqnit qasırğasının təsirləri özünü əsasən bir neçə gün büruzə verir. Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur.
  Geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında, açıq havada olmamağı, saat 10-dan 17-18-ə qədər bayıra çıxmamağı, sərin yerdə vaxt keçirməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edilir. Təzyiq yüksəlməsi, ürək tutmaları, başqa hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”.
  Həkimin müşahidəsinə görə, hipertoniklərin qan təzyiqi qalxır, hipotoniklərdə isə əksinə, düşür. Bu xoşagəlməzliyin qarşısını almaq üçün hipertoniklərə çoxlu su içməyi və duzdan istifadəni azaltmağı tövsiyə edirlər: “Çünki duz orqanizmdə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur. Hipotoniklərə isə eleuterokokk və çin cır limonu (limonnik) məcunundan istifadə məsləhət görülür.

  Eyni zamanda nikotin qəbulu dayandırılmalıdır. Xüsusən ürək xəstələri əllərinin altında «fövqəladə vəziyyət» üçün dərman saxlamalıdırlar. Səhər çarpayıdan qəfil durmamalıdırlar. Trombların yaranmasının qarşısını almaq üçün aspirin qəbul edilməlidir. 

Yuxusuzluq, nevrozluq, yüksək həyəcan halında – evkalipt, valerian, melissa, damotu məcunundan və aloye şirəsindən istifadə etmək olar.

  Qasırğa dövründə ağır yeməklərdən çəkinməli, bacardıqca balıq, tərəvəz yeməkləri və sıyıq yeməli, təbii antioksidantların qəbulu artırılmalıdır. Otlarla, yağlarla vanna, yaxud kontrast duş qəbul etmək olar. Meteohəssas insanlar həmçinin belə günlərdə yaxşı yatmalı, fiziki və əqli yüklənmədən qorunmalıdırlar, idmandan, mağazalarda uzun-uzadı gəzməkdən və yaxud bağ-bostan işlərindən çəkinməlidirlər”.