Dilənçiliyin forması əslində dəyişməyib

Küçə uşaqlarının 90 faizdən çoxu təhsildən yayınır

Son vaxtlar işıqforlarda maşın şüşəsi silən, yol kənarlarında salfet satan uşaqların sayı çox artıb

  Bu gün ölkəmizdə dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb”. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O deyib ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində salfet tutub 10 qəpiyə satırlar: “Həmin məbləğə sənə salfet təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqlar anidən hücuma keçirlər və şüşələri təmizləməyə başlayırlar və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır”.

  Azərbaycan Uşaqlar Birliyinin sədri  Kəmalə Ağazadə isə “Şərq”ə açıqlamasında deputatın dediklərində böyük  həqiqət payı olduğunu deyib.  AUB sədrinin sözlərinə görə, son vaxtlar işıqforlarda maşın şüşəsi silən, yol kənarlarında salfet satan uşaqların sayı çox artıb: 

“Paytaxt küçələrində ailəsini dolandırmağın yükünü kiçik yaşlarından çiyinlərində daşımağa çalışan uşaqlara tez-tez rastlanır. Amma bu, dilənçilik formasının yaxşılaşması deyil. Əslində uşaq hüququnun pozuntusu olan bu sosial problemə qarşı səlahiyyətli qurumlar tərəfindən zaman-zaman tədbirlər görülsə də, problem hələ də qalmaqdadır. Onu deyim ki,  həmin tədbirdə mən də  iştirak edirdim. Elman Nəsirov  əslində  bunun müsbət yox,  xoşagəlməz bir hal  olduğunu deməyi nəzərdə tuturdu. Sadəcə, fikrini düzgün ifadə edə bilməyib. Çünki bu hadisə birmənalı uşaq əməyinin istismarıdır. Ona görə də dilənçiliyin yaxşı forması hesab edilə bilməz.  Küçə ticarəti ilə məşğul olan uşaqlar onları istismar edən şəxsləri ələ vermədiyi  üçün  bu sahədə tədbir görmək olmur. Salfetka satan, maşınların şüşəsini silən uşaqlar arasında sorğu keçirəndə, işləmələrini müxtəlif səbəblərlə əsaslandırmağa çalışırlar. Əksəriyyəti ailəsinə kömək etmək məqsədilə  işlədiyini deyir. Onları buna sövq edənlərin məsuliyyətə cəlb olunması üçün uşaqların ifadəsi olmalıdır. Qanunvericiliyə görə, 14 yaşdan yuxarı uşaqlar sağlamlığına ziyan vurmayan əmək fəaliyyəti ilə məşğul  ola bilərlər. Amma küçədə salfet satmaq, işıqforda dayanan avtomobilləri silmək qanunvericiliklə tənzimlənmir”. 

  K.Ağazadənin sözlərinə görə, küçəsə salfetka satan, şüşə silən uşaqların çoxu “Roman qrupu kimi tanıdığımız qaraçılardır: "Guya ki, “müasirləşiblər”. Araşdıranda görürük ki, bu uşaqların zərərli vərdişləri var. Bütün bu problemlərin həlli üçün “roman”larla işləyəcək mərkəzlər olmalıdır”. Ümumilikdə,  həssas qruplara yönəlik daha geniş sosial proqramlar icra olunmalıdır.  Küçə həyatı yaşayan uşaqların  harada, hansı vəziyyətdə yaşadıqları mütləq araşdırılmalıdır. 
Bu insanları dilənməyə məcbur edən  qruplaşmalar mütləq aşkar olunmalıdır”. 

  Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı isə dövrün  tələbinə uyğun olaraq dilənçiliyin də yeni formalarının meydana gəldiyini deyib.  Onun sözlərinə görə, küçədə dilənən insanlar, küçə ticarəti ilə məşğul olan uşaqların 99 faizi mütəşəkkil qruplaşmalar tərəfindən  idarə olunur: “Şəhərdə əllərində  gül, salfetka, tum   satan uşaqların sayı kifayət qədərdir. Biz bilmirik  uşaq həqiqətən ailəsinə kömək etmək üçün çarəsizlikdən uşaq yaşlarından küçə-küçə gəzərək bu işlə məşğul olur, ya sadəcə uşaq əməyinin istismarı ilə məşğul olan cinayətkarlar tərəfindən işlədilir.
  Yəni bizim hansısa uşağın halına acıyıb verdiyimiz pullar onların özlərinə çatmır. Təəssüfləndirici haldır ki, hamının gözü qarşısında uşaqlar istismar olunur və cəmiyyət olaraq bizlər də buna şərait yaradırıq. Biz hansısa bir dilənçiyə pul verəndə, uşaqlardan salfetka alanda bir növ “işbaz”ların biznesini stimullaşdırırıq. Onlar görür ki, bu sahədə yaxşı gəlir var. Daha çox uşağı öz çirkin oyunlarına qurban edib,  yayın istisində, qışın soyuğunda onları  dilənçiliyə sövq edirlər. Ona görə də, küçədə dilənən, uşaqlara pul verməyi düzgün hesab etmirəm. Əgər kimsə onlara kömək etmək istəyirsə, imkanı qədərində yemək almaq, geyim, ayaqqabı vermək daha məqsədəuyğun olar.  Ümumiyyətlə, küçə uşaqları problemi dövlətin və cəmiyyətin birlikdə və ciddi şəkildə həll etməli olduğu problemdir. Bu uşaqlarla xüsusi dövlət və qeyri-hökumət təşkilatları məşğul olmalı, onları internat məktəbinə yerləşdirməli və ciddi nəzarətdə saxlamalıdır. Onların sayının azaldılması istiqamətində ciddi işlər görülməlidir. Bu gün o uşaqlar salfeti uzadıb xahişlə, minnətlə pul istəyirlərsə, böyüyəndən sonra bunu artıq başqa cür istəyəcəklər”.
  Küçələrdə salfetka  satan uşaqların heç də hamısının qaraçı olmadığını vurğulayan sosioloqun sözlərinə görə, bəziləri yoxsul ailələrin övladları, ya da ki, valideynini itirmişlərdir: “Bəzilərinin isə evdə xəstəsi olduğu üçün ailənin yükü onların üzərinə düşür. Ona görə də bu cür uşaqlarla bağlı aidiyyəti qurumları məlumatlandırmaq lazımdır ki, dövlət həmin uşaqları normal yaşayışla təmin etsin. Küçə uşaqlarının 90 faizdən çoxu təhsildən yayınır. Bu uşaqlar gələcəkdə uşaq alverinin, zorakılığın, cinsi istismarın qurbanı olurlar. Uşaq 15 yaşına kimi əməyə cəlb edilməməlidir. Ailənin sosial durumu ilə ölkənin aidiyyəti orqanları məşğul olmalıdır. Ailənin iqtisadi durumunun aşağı olması uşağın günahı deyil. Burada söhbət əməkdən yox, istismardan gedir”.