Dələduzlar vətəndaşların bank hesablarını ələ keçirir

Alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır


  Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən “Şərq”ə  bildirilib ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Nazirlik vətəndaşlara müraciət edərək, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb.
  "Vətəndaşlar kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər" - deyə müraciətdə qeyd olunub.

  İKT eksperti Cavid Əliyevin “Şərq”ə açıqlamasına görə, onlayn alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır: “Bəzən ucuz qiymətlərlə insanların diqqətini çəkirlər, amma belə nüanslara mütləq diqqət etmək lazımdır. Saytda şəxsi hesab, şəxsi kabinet açmazdan öncə şərtləri oxumaq lazımdır. Siz ora şəxsi məlumatlarınızı daxil edirsiniz, mütləq bilməlisiniz o məlumatlarla bağlı qarşı tərəf hansı formada yanaşma təklif edir. Çünki bank kartı yükləyərkən ilk dəfə sizdən 3D təhlükəsizlik kodu istəyir. Siz bu kodu yazırsınız. Qeyri-ciddi saytlarda bu kod yalnız bir dəfə istənilir və siz onu yazdıqda bilmədən növbəti alış-verişlər üçün kod istənilməməsini, məlumatlarınızın silinməməsini təsdiq edirsiniz”.
  Vətəndaşların informasiya təhlükəsizliyi ilə bağlı savadlılıq səviyyəsinin aşağı olduğunu vurğulayan ekspert deyib ki, insanlar naməlum və təhlükəli saytlara daxil olarkən bilməyərəkdən hansısa faylları açırlar: “Bu zaman isə smartfonlarına və ya kompüterlərinə xüsusi proqramlar yüklənir. Bu proqramlar vasitəsilə asanlıqla telefonun məlumatları ələ keçirilir və hakerlər bank kartlarını oxuya bilirlər.
“Bu cür halların baş verməməsi üçün insanların informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə ehtiyac var. Bank kartlarından istifadə edən bəzi istifadəçilər hələ də müasir texnologiyaların qaydalarını tam bilmirlər. Məsələn, istifadəçi kart ilə onlayn alış-veriş etdikdə, hesab məlumatlarını telefon, planşet və ya kompüter vasitəsilə daxil edirlər. Belə olan halda isə məlumatları oğurlayan proqramlar cihazda varsa, deməli, avtomatik olaraq hesabın ələ keçirilməsi də asanlaşır”.