Millət vəkilləri ədalətsizliyin aradan qaldırılmasını istəyir

Kollec tələbələrinə də hərbi xidmətdən möhlət hüququ verilməsi təklif olunur


  Milli Məclisdə kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklif olunub. Bu təkliflə Parlamentin dünən keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib: “Hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır. Amma kollec tələbələrinə möhlət verilmir. Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Bu məsələyə ən azı növbəti illərdə baxaq”.

Qeyd edək ki, Azərbaycanda kolleclərə qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyi bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanlayıb.  Elm və təhsil nazirinin müavini İdris İsayev bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, söhbət tam möhlət hüququnun verilməsindən getmir: "Bildiyiniz kimi, təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm".

  Təhsil eksperti Kamran Əsədov hesab edir ki, orta ixtisas təhsil müəssisələrində təhsil alan oğlanlara hərbi xidmətə görə möhlət verilməsi təklifi doğru deyil. Onun sözlərinə görə, tələbənin təhsil müddəti üçün möhlət hüququnun verilməsinin təxirə salınması məsələsi yalnız on birinci sinifdən sonra kollecə daxil olan gənc sonuncu kursda yetkinlik yaşına (on səkkiz yaşına) çatdıqda müsbət həll edilə bilər:

 “Təcrübədə yuxarıda göstərilən qayda tətbiq edilmir, çünki ümumi orta təhsil haqqında sənədin alındığı günə qədər gənc on səkkiz yaşına çatmış olur. Beləliklə, müddəti üç ildən çox olan kollecdə təhsil müddəti nəzərə alınmaqla, vətəndaş iyirmi yaşında orta ixtisas təhsili haqqında diplom alır”.

  Millət vəkili Razi Nurullayev  isə kolleclərə qəbul olunan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsini  müsbət hal hesab edir. Deputatın sözlərinə görə, tələbənin təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanması onu təhsildən bir qədər soyudur: “Xidmətdən il yarım sonra geri qayıdıb yenidən təhsilini davam etdirən tələbədə adaptasiya zamanı müəyyən problemlər yaranır. Üstəlik, bizdə ali məktəb tələbələrinə möhlət hüququ verilir. Əgər ali məktəblərdə möhlət verilirsə, orta ixtisas məktəblərində möhlət niyə verilmir? Burda da ədalətsizlik var. Ona görə də orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi həm dediyimiz ədalətsizliyi aradan qaldırar, həm də həmin tələbələrin təhsilinə müsbət təsir edər”.

Qeyd edək ki, məsələ Elm və Təhsil Nazirliyinin də gündəmindədir. Nazir müavini İdris İsayev bir neçə gün öncə mətbuata açıqlamasında bildirib ki, orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik:

  “Burada tam möhlət hüququnun verilməsindən söhbət getmir. Bildiyiniz kimi, təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər”.