Süni məhdudiyyətlər heç bir halda rəqabət yaratmır

“Trendyol”dan sifarişlərlə bağlı hansısa problemlərin yaradılması məqsədəuyğun deyil

Bir neçə gündür "Trendyol" sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb. Bu yenilik müştərilərin işini asanlaşdırsa da, bəzi geyim markaları ölkəyə göndəriş həyata keçirməyəcək. Buna səbəb kimi həmin şirkətlərin Azərbaycanda geniş ticarət şəbəkəsinin olması göstərilir. "Trendyol"un bu qadağası müştərilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə "Trendyol"a bu qadağanın ölkəmizdə monopoliya meyillərinin təzahürü olduğu iddia olunur.

  Ekspertlər isə hesab edir ki, bəzi geyim markalarının ölkəyə göndərişinin birbaşa həyata keçirilməməsi verilmiş göstərişlə bağlı ola bilər. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bir çox geyim markalarının Gürcüstanda da ticarət şəbəkələri var: "Düşünmürəm ki, "Trendyol" Gürcüstana birbaşa çatdırılmada hansısa geyim markasına qadağa qoysun. Deməli, Azərbaycanla bağlı xüsusi bir qərar verilib. 

Bu, geyim markalarını Azərbaycana gətirib satan şəxslərin maraqlarına toxunmamaq məqsədi daşıyır". İqtisadçı hesab edir ki, "Trendyol" bu qərarı sərbəst qəbul etməyib, bu məsələdə ona müəyyən tapşırıq olub: "Çünki "Trendyol" bu məsələdə müştəri və gəlir itirir. Onun özünə qalsa, belə bir qərar verməsi mümkün deyil.

 Əgər belə davam edərsə, sifarişlər başqa ölkələr üzərindən veriləcək. Yaxud da "Trendyol"un birbaşa çatdırılması xidmətindən istifadə edilməyəcək”.
  N.Cəfərli bildirib ki, bu gün "Alibaba" kimi məşhur onlayn satış platforması Çindən də geyim markaları satışını həyata keçirir: "Onda belə çıxır ki, biz sabah "Alibaba" ilə tərəfdaşlığa başlasaq, Çindən geyim markalarının daşınmasına məhdudiyyət qoyulmalıdır ki, həmin ölkənin malları "Sədərək" Ticarət Mərkəzində də satılır? Bu, məntiqsiz addımdır. Bu qərar Azərbaycanda yerli ticarət şəbəkələrinin maraqlarını müdafiə üçün verilmiş çox səhv qərardır".

  İqtisadçı-ekspert Eyyub Kərimli isə  “Şərq”ə açıqlamasında deyib ki, süni məhdudiyyətlər heç bir halda rəqabət yaratmır. “Trendyol”dan sifarişlərlə bağlı hansısa problemlərin yaradılması məqsədəuyğun deyil: 

“Trendyol”dan Azərbaycana sifariş tətbiqi yeni olduğu üçün insanlarımız onun fəaliyyətinə öyrəşməyib və yenə də öz sifarişlərini əvvəlki qaydada davam etdirirlər.

Əgər yaranan problem sadəcə karqo şirkətləri vasitəsilə edilən sifarişlərlə bağlıdırsa, bunlar artıq süni məhdudiyyətlərdir. Bu isə geyim sahəsindəki inhisarçıların maraqlarından qaynaqlanır. Problem tənzimlənməli və elə bir rəqabət mühiti formalaşmalıdır ki, istehlakçı zərər görməsin”.