Çox qazanmaq iştahı baha başa gəldi

Xəstə övladı üçün yığdığı 10 min manat pulu onlayn oyunda uduzdu

Ekspertlərin fikrincə, onlayn qumar oyunlarının geniş yayılmasının səbəbi insanların maliyyə savadsızlığı ilə bağlıdır


  31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini onlayn oyunda uduzub.
Bu barədə “Xəzər xəbər”ə danışan Ş.Əhmədova  yığılan vəsaiti artırmaq istəyərkən aldadılıb: “Birinci dəfə beş oyun təqdim etdilər. Ondan 12 manat 70 qəpik qazandım. Sonda isə səkkiz oyun təqdim etdilər. Bu səkkiz oyuna da 5 000 manat pul qoyduq. 15 000 manat qazandım. 12 manat 70 qəpik köçürüldü, amma 15 000 manat köçürülmədi. Pulumuz getdi. Bu pul da uşağın əməliyyat pulu idi”.

  Ş.Əhmədovanın 10 000 manatı geri almaq üçün cəhdləri boşa çıxıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, vətəndaşın müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır:
“Hazırda pulun ölkə daxilində və ya ölkə xaricində olan şəxslər tərəfindən köçürülməsi ilə bağlı müvafiq sorğular göndərilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
  Dəfələrlə qeyd olunub ki, onlayn “biznes oyunları” əksər hallarda vətəndaşların xeyli və ya külli miqdarda pul itirməsinə, aldanılmasına səbəb olur. Bu oyunların sonu yoxdur. Oyunların idarə mərkəzi əksər hallarda xarici ölkələrdə olur. Ona görə də həmin oyunların və piramidaların əsas təşkilatçılarını məsuliyyətə cəlb etmək mümkün olmur. Bu oyunlar eynilə narkomaniya kimi bir şeydir. Hər ikisinin başında iradəsizlik, daha sonra asılılıq, sonda borclanmaq, oğurluq, qeyri-sağlam həyat tərzi, hətta ölüm dayanır. İnsan necə ki, ətrafında olan pis dostların tələsinə düşür, onların qurbanına çevrilir, narkomaniyaya başlayır, virtual dostlar da adamı başdan çıxarıb oyunlara sürükləməklə onu eynilə narkomaniyaya bənzər bir yola yolçu edir. Narkoman da eyni həyatı yaşayır, oyunçu da... amma görünən odur ki, deyilənlərdən heç kim dərs götürməyib. Əlindəki bir manatı  beş edəcəyinə inanan  insanlar isə son nəticədə əllərində-ovuclarında olanı da itirirlər. Bəziləri isə bu tipli oyunların pul tələsi olduğunu bilə-bilə yenə də pul itirməyə davam edirlər. "Niyə", sualına verdikləri cavablar isə bir-birinə çox bənzəyir: "Qazananlar var", "Bəxtin gətirəndə itirdiyini artıqlamasıyla geri ala bilirsən", "Hər dəfə indiyəcən oyuna qoyduğum pulu qazanmağa çalışıram". 
  Ekspertlərin fikrincə, onlayn qumar  oyunlarının geniş yayılmasının səbəbi insanların maliyyə savadsızlığı və az müddətdə çox qazanmaq istəyidir. O bildirib ki, qısa zamanda böyük məbləğlər qazanmaq vədi insanları şirnikləndirir və qurbana çevirir.
  Belə  şəbəkələrin ömrünün çox da uzun olmadığını vurğulayan İKT eksperti  Cavid Əliyevin sözlərinə görə,  insanların güvənini qazanıb, külli miqdarda vəsait əldə etdikdən sonra  saytları bağlayırlar: “İnsanlar əvvəlcə kiçik məbləğlə yatırım edir, daha çoxunu qazanır. Bir-iki dəfə bu hal təkrarlanır, daha böyük məbləğ qoyanda isə maliyyə fırıldaqçılarının tələsinə düşürlər. Oyunu quranlar pulları götürüb, biznesdən çıxır. Bu şəbəkələr hər dəfə fərqli aldadıcı marketinq siyasəti yürütməklə insanları cəlb edir. Uğurlu bizneslərindən, yüksək faizli qazanclarından danışırlar. Azca da olsa maliyyə savadı olan insan bilir ki, qısa müddətdə yüksək gəlir qazanmaq mümkün deyil.  Belə layihələri ifşa etməkçün vətəndaşın şikayət etməsi lazımdır. Ortada maddi sübutlar olmadığı təqdirdə şikayətdə göstərilən faktları sübut etmək mümkünsüz olur”.