65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsinə son qoyulacaq

 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyin ləğvi gözlənilir. Sözügedən dəyişikliyə etiraz edən  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki,  yaş insanın əmək fəaliyyətinə mane ola bilməz: "Özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışacağıq ki, bu məhdudiyyəti aradan qaldıraq".
  Musa Quliyev qeyd edib ki, bu dəyişiklik Milli Məclis tərəfindən irəli sürülməyib: "Bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanları tərəfindən gəlib və doğru deyil. Bu məsələdə ən çox aqressiv münasibət TƏBİB tərəfindən göstərilir. Yaşı tamam olan şəxsi həmin işdən azad edirlər. Bizə bununla bağlı müraciətlər olur. Lakin TƏBİB və Səhiyyə Nazirliyindən bildirilir ki, yaşı tamam olanlar işdən uzaqlaşdırılmalıdır. Nəzərə alaq ki, həkimlərimizin pensiyaları da o qədər yüksək deyil ki, işdən çıxdıqdan sonra yaşayışlarını normal şərtlər daxilində davam etdirsinlər. Psixoloji sosial sağlamlıqdan danışırıqsa, elə özümüz bu addımı atmaqla onların psixoloji sosial vəziyyətinə zərbə vurmuş olduğumuzu nəzərə almalıyıq”.
  Sosioloq  İlqar Hüseynli isə “Şərq”  açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən məşhur həkimlərin əksəriyyəti 65-70 yaşında olanlardır: “Pensiya yaşının təyin edilməsi o demək deyil ki, yaş tamam olan günün səhəri illərdir fəaliyət göstərən təcrübəli həkimlərin hamısı işdən azad edilsin. Hazırda bölgələrimizdə həkim çatışmazlığı problemi yaşanır. Belə məqamda yaş senzinin tətbiqi isə kadr çatışmazlığı yaradır: "Səhiyyə Nazirliyinin saytında yerləşdirilən vakansiyalara baxanda görmək olur ki, 100-ə qədər həkim tələb olunan rayonlar var. Bu qədər həkimə tələbat olduğu halda, yaş senzi tətbiq edib, əmək qabiliyyətini itirməyən həkimlərin işdən azad edilməsi doğru deyil. Həkim peşəkardır. Əgər bu və ya digər hansısa xəstəlik səbəbindən iş qabiliyyətini itiribsə, bu başqa məsələ. Amma bu məsələdə bir qədər daha geniş düşünmək lazımdır”.