Görülən işlər tam deyil

Boşanmaların qarşısını almaq mümkünsüzdür

Ona çalışmaq lazımdır ki, boşanmadan sonra insanlar ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşayiət olunsun


  Dünən "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki,  boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur: “Bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir.  Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir.  Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər.  Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun".

  B.Muradovanın sözlərinə görə,  2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub: "Orada cüzi olaraq müsbətə doğru dəyişiklik olsa da, boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir sıra problemlərə yol açır".

  Konfransda iştirak edən  Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə  boşanmaların qarşısını almağın mümkünsüz olduğunu  deyib.  

  Onun sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi üçün bir çox təşkilati hüquqi tədbirlər görülsə də, bu, tam deyil: “Bu, davam edən və daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və sair buna misaldır. Lakin heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil. Hesab edirəm ki, zorla da bunun qarşısını almağa elə də ehtiyac yoxdur”. Şöbə müdiri bildirib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir: “Bəs necə etmək olar ki, boşanmadan sonra insanlar çox ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşayiət olunsun? Bax bu haqda düşünməyə dəyər. Bunun üçün öncə dediyim kimi maarifli, savadlı insanlar, cütlüklər olsa və onlar boşansalar belə, uşaqla bağlı problemləri birgə həll edə bilərlər, nəinki yersiz nifrət və intriqa səbəbindən daha da vəziyyəti ağırlaşdırmaqla. Bunun həlli yolu əhalinin maariflənməsindən keçir”.

  A.Vəliyevin sözlərinə görə, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır. O bildirib ki, alimentlə bağlı problemlər də çox ciddidir: 

"Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Bu alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda, ya onu sübut eləmək mümkün olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa, bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əməkhaqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var. Mən hesab edirəm ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır. Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər”.
  Şöbə müdiri deyib ki,  “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunması Milli Məclisin qarşısında duran mühüm məsələlərdən biridir:
“BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı tövsiyələrində də bu məsələ öz əksini tapıb. Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur. Lakin müasir dövrdə hər bir insanı valideyn edə bilən tibbi üsul tətbiq olunur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də məhz bu tələblər çərçivəsində hazırlanıb”. Bu məsələ ilə bağlı daha ciddi problemlərin mövcud olduğunu söyləyən Adil Vəliyev bildirib ki, bütün bunlar qanun layihəsinin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əsas xüsusiyyəti də bu problemin həllində ailə planlaşdırılmasının əlavə mexanizm kimi təsbit olunmasıdır.
  “Azərbaycanda nikaha daxil olanların sayında artım var. Belə ki, dövlət qeydiyyatına alınan nikahların sayı 10 faiz artıb. Boşanmaların sayı isə qismən azalıb”. Bu sözləri isə  Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.  Mediasiya proseslərində ailə mübahisələrinin üstünlük təşkil etdiyini vurğulayan R.Kərimovanın sözlərinə görə, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edənlər psixoloq xidmətlərindən keçirlər: “2018-ci ildən təşkil olunan belə xidmətlər nəticəsində 7619 nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərdən 1300-dən çoxunun bu fikirdən daşınmasına nail olunub. Belə psixoloq xidmətləri Bakı şəhərinin qeydiyyat şöbələrini əhatə edir. Biz bunun əhatə dairəsini də genişləndirməyi düşünürük”.

  Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev isə qeyd edib ki, məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20 faizini ailə mübahisələri, onların da 60 faizini nikahın pozulması ilə bağlı işlər təşkil edir”.  Onun sözlərinə görə, 2021 və 2022-ci illərin statistik məlumatlarına əsasən, bağlanmış nikahların təqribən hər üçündən biri pozulub: 

“Məhkəmələrin icraatında olan ailə mübahisələrinin əksəriyyəti də məhz nikahın pozulması ilə bağlıdır. Belə ki, 2021-ci ildə birinci instansiya məhkəmələrinə ailə mübahisələri ilə bağlı daxil olmuş 46 028 işdən 27 506 iş, 2022-ci ildə isə daxil olmuş 38 633 işdən 22 597 iş nikahın pozulması ilə bağlı olub. Görünən odur ki, məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20 faizini ailə mübahisələri, onların da 60 faizini nikahın pozulması ilə bağlı işlər təşkil edir. Ölkə üzrə vəziyyəti əks etdirən bu göstəricilər ailə qanunvericiliyində dərin təhlilə əsaslanan islahatının aparılmasını zəruri edir. Belə ki, Ailə Məcəlləsinin qəbulundan ötən 20 ildən artıq müddət ərzində ictimai münasibətlərin inkişafı, dünyada və ölkəmizdə baş verən qloballaşmaya meyillər sosial-iqtisadi sferada görülməli işlərlə yanaşı, qanunvericilikdə müasir çağırışlara cavab verən ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlərin tətbiqini tələb edir”.
  S.Hacıyev Ali Məhkəmənin Aliment Fondunun yaradılması ilə bağlı məsələni dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan hakimləri qorxmazdır: “Bugünkü qanunvericiliyimiz nikahın pozulması ilə bağlı tələbləri rədd edə bilmir. Nə vaxt ki, nikahın pozulmasına dair tələbləri sürətləndirəcəyik, o zaman hakimlərin cəsarətini görə biləcəyik”.
  Vəkillər Kollegiyasının sədri Anar Bağırovun  dediyinə görə, hər bir sahədə olduğu kimi, nikahın xitamı, ailə qanunvericiliyinin tətbiqi sahəsində də müəyyən boşluqlar mövcuddur. 
  O bildirib ki, bu boşluqların aradan qaldırılması sahəsində Vəkillər Kollegiyası bir sıra qurumlar, təşkilatlarla əməkdaşlıq edir. "Bu qurumlar sırasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini xüsusilə vurğulamaq istərdim. Bu çoxşaxəli və səmərəli əməkdaşlıq çərçivəsində üzvlərimiz Komitə tərəfindən yaradılan işçi qruplarında təmsil olunur, ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilir. Eyni zamanda əməkdaşlıq çərçivəsində son 1 ildə Komitə tərəfindən Kollegiyaya 60-dan çox ödənişsiz hüquqi yardımla bağlı müraciət göndərilib ki, bu müraciətlərin hər birinə həssas yanaşılaraq həmin şəxslərə ödənişsiz hüquqi yardım göstərilib". Kollegiya sədrinin fikrincə, dini nikahlarla bağlı məsələ çox ciddi problemdir. Çünki çox təəssüf ki, bəzi insanlar kəbin kəsdirir, lakin rəsmi qaydada nikaha daxil olmur. Bu da sonradan neqativ hallara səbəb olur: “Qeyri-rəsmi nikahlar bu gün cəmiyyəti narahat edən məsələlərdən biridir. Zənnimcə, bu istiqamətdə işləməliyik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müzakirələr aparılmalıdır. Dini nikahlarla bağlı statistika hazırlanmalıdır. Qanunvericilik sahəsində bununla bağlı tədbirlər görülməlidir".
  Məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinə olduğunu qeyd edən A.Bağırovun sözlərinə görə, bu, uşaqlar üçün böyük travmadır: "Məncə, bununla bağlı qanunvericilikdə dəyişikliklərə böyük ehtiyac var".
  “Bu il boşanma tələbi ilə müraciət edən 700 ailənin işinə məhkəməyə getmədən xitam verilib". Bunu  isə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib. Onun sözlərinə görə, bəzən elə hallar yaşanır ki, boşanmaq qərarı verən tərəflər sonradan mediasiyaya gəlmir, çünki tərəflər məhkəməyə getmək qərarından daşınır: “Belə ki, mediasiya hər iki tərəflə həm birlikdə, həm də təktərəfli görüşlər keçirir. Bu görüşlərdən sonra boşanmaq fikrindən daşınanlar olur və biz bu işlərə məhkəməyə getmədən xitam veririk”. “Cari ildə bu cür xitamların sayı 700 olub və həmin işlər məhkəməyə getməyib. Bu, kiçik bir rəqəm kimi görünə bilər. Lakin sözügedən prosesin arxasında 300 mediator və eyni sayda vəkil dayanır”.