Sənədsiz tikililərin taleyi həll olunacaq

Əmlak amnistiyasından sonra kimsə öz gəlirlərini və ya əmlakını gizlədə bilməz

  Azərbaycanda "Maliyyə və əmlak amnistiyası haqqında" qanun layihəsi hazırlanır.
Sözügedən qanun çərçivəsində digər məsələlərlə yanaşı, vaxtilə qanunsuz tikilən və indiyədək sənədləşdirilməmiş tikililərin taleyi də həll olunacaq. Bu qanun çərçivəsində həmin tikililərin sənədləşdirilməsi gözlənilir. Qanun çərivəsində qanunsuz obyektlərin sənədləşdirilməsi ilə bağlı nəzərdən keçirilən üsullardan biri də həmin obyektlərin kiçik məbləğ – tikilinin qiymətini cüzi hissəsini ödəməklə sənədləşdirilməsidir.

  Qeyd edək ki, Bakı və Abşeron yarımadası ərazisində 500 mindən artıq qanunsuz yaşayış və qeyri-yaşayış obyekti var. 2019-cu ildən başlayan proses çərçivəsində qanunsuz tikililərin inventarizasiyası aparılıb.

  Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyası ekspertlər tərəfindən də təqdirəlayiq hesab olunur. 
  Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanun qəbul ediləcəyi halda kimin nə qədər daşınar və daşınmaz əmlakı, pulu varsa, onu qeyd edir və dövlət həmin vətəndaşın əmlakı kimi tanıyır, sənədləşdirir. Bundan sonra artıq heç vaxt həmin şəxs ona məxsus olan əmlakı, maliyyə vəsaitlərini necə əldə etməsi barədə sorğu-sual edilməyəcək. Yəni faktiki olaraq, dövlət kimin hansı yolla pul qazanmasına göz yumur. Buna qədər nə baş veribsə, kim necə qazanıbsa, bağışlanır, amma bundan sonra belə olmayacaq. 

Ekspertin sözlərinə görə, “Maliyyə və əmlak amnistiyası haqqında" qanun layihəsi qəbul edildikdən sonra hamı, xüsusən də dövlət məmurları öz gəlir və xərclərini bəyan etməlidirlər. Əks halda, suallarla qarşılaşa bilərlər: “Yəni əmlak amnistiyasından sonra kimsə öz gəlirlərini və ya əmlakını gizlədə bilməz. 

Sonradan müəyyən olunar ki, filankəsin əynindəki kostyumun 50 min manat qiyməti var və ya çox bahalı maşın istifadə edir. O zaman ondan soruşacaqlar ki, bu qədər pul haradandır? Məhz əmlakını bəyan etmədiyinə görə məsuliyyət daşıyacaq. Həmin şəxs əvvəlcədən əmlakını bəyan edərsə, o zaman sorğu-sual olunmayacaq. Çünki hökumət artıq onun nə qədər əmlakının olduğunu biləcək”.   

  Həmsöhbətimiz hesab edir ki, əmlak amnistiyası həm dövlətə, həm də vətəndaşlara faydalı olacaq: 

“Azərbaycanda yerli sərmayəçilər öz əmlaklarını, maliyyə vəsaitlərini iqtisadiyyata yatırmaqdan qorxurlar. Onlara amnistiya verilərsə, həmin aktivlər ölkə iqtisadiyyatının inkişafına sərf oluna bilər. Əmlak amnistiyası iqtisadiyyatın inkişafına təkan verəcək”.

  Hüquqşünasın sözlərinə görə, əmlak amnistiyası sənədsiz evlərin qeydiyyatı ilə bağlı problemlərin aradan qalxmasına təkan olar.

 Bu qanunun qəbulu eyni zamanda  əmlak bazarının canlanmasına da müsbət təsir göstərər. Vətəndaşlar belə evləri almaq istəmirlər.