Taksi xidmətindəki problemlər aradan qalxan deyil

Bu sahədəki özbaşınalıq və şikayətlərin artması göstərir ki, artıq sanksiyasız keçinmək olmur

  “Bu gün taksi xidməti sahəsində özbaşınalığı aradan qaldırmağın yollarından biri də qanunvericiliyi və Nazirlər Kabinetinin bu sahədəki reqlamentini pozan taksi operatorlarına qarşı müəyyən sanksiyaların tətbiq edilməsidir".
  Bunu "Bakupost.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, əgər taksi şirkətləri gəlirlərinin 10 faizi həcmində cərimə olunsalar, o zaman bu sahədə səliqə-səhman yaranacaq: 

“Üç sadə şərtə əməl edilmədiyi üçün cərimələr tətbiq olunmalıdır. Bu şərtlərdən birincisi odur ki, taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır. Lakin 18-19 yaşlarında olan sürücülərə də rast gəlirik. Sürücünün 2 il iş təcrübəsi olmalıdır. Amma görürük ki, yeni sürücülük vəsiqəsi alanlar taksi fəaliyyəti ilə məşğul olurlar. Taksidə istifadə olunan minik avtomobilində sarı rəngli taksi fənəri olmalıdır. Biz bunu da görmürük. Ona görə də cərimələr tətbiq edilməlidir. O zaman sadalanan neqativ hallar aradan qalxacaq”.

  Digər nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov isə “Şərq”ə açıqlamasında deyib ki,  taksi fəaliyyəti üçün hansısa lisenziyaya ehtiyac olmasa da, Nazirlər Kabinetində bununla bağlı müəyyən tələblər var: 

“Nazirlər Kabinetinin təsdiq etdiyi 141 saylı qərar var ki, orada taksi fəaliyyəti üçün də müəyyən tələblər var. Hər bir şirkət taksi sürücüsü kimi götürdüyü şəxsin həm mənəvi, həm fiziki xüsusiyyətlərini nəzərə almalıdır. Ən azı bilməlidir, işçi qəbul edəndə kimi qəbul edir. 

Bundan başqa, sözügedən qanunvericilikdə o da qeyd olunub ki, işə qəbul edilməmişdən əvvəl sürücü sərnişinlərlə etik davranış qaydaları, ərazinin küçə-yol şəbəkəsini tanımaqla bağlı xüsusi kurs keçməlidir. Bundan başqa şirkət işçiləri də onları təlimatlandırmalıdır. Sürücü sükan arxasına əyləşməzdən öncə nələrin etik normalara uyğun olmadığını yaxşı bilməlidir.  Ancaq bir məsələ var ki, Nazirlər Kabineti  tələbləri pozan taksi şirkətlərinə qarşı nə sanksiya müəyyən edən, nə də  cərimə tətbiq edən orqandır. Sanksiya üçün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməlidir. Onun tətbiqi isə Dövlət Yol Polisinin səlahiyyətindədir”.

  Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı saysız-hesabsız problem olduğunu vurğulayan Ə.Hüseynov da hesab edir  ki, hüquqi tənzimləmə olmasa, bu sahədəki problemlər aradan qalxan deyil. Bu sahədəki özbaşınalıq və şikayətlərin artması göstərir ki, artıq sanksiyasız keçinmək olmur.