Bütün çimərlik ərazilər nəzarətə götürülməlidir

Üzü yaya doğru gedirik və növbəti aylarda göllərdə, kanallarda uşaqların boğulma halları tez-tez olacaq


“Ölüm hadisəsi baş verəndən sonra günah keçisi axtarmaq absurddur. Aydın məsələdir ki, bu hadisədə aidiyyəti qurumların da, valideynlərin də məsuliyyəti var” 

  Ceyranbatan qəsəbəsində faciə yaşanıb. Ötən günlərdə qəsəbə 1 saylı məktəbinin 5 şagirdi Samur-Abşeron kanalına düşüb. Nəticədə onlardan biri, 8-ci sinif şagirdi Babakişi dünyasını dəyişib.
  Məlumata görə, uşaqlar kanalın bir üzündən o biri üzünə uzanan ipdən tutaraq üzmək istəyiblər. Lakin ip qırılıb və məlum hadisə baş verib. Yaxınlıqdan keçənlər yalnız 4 şagirdi kanaldan çıxara biliblər.
  Qeyd edək ki, bu, ilk hadisə deyil. Yerli sakinlərin dediyinə görə, ətrafı açıq, mühafizə olunmayan bu kanal ona yaxınlaşan uşaqları “udur”. Elə bu səbəbdən  də  onu “ölüm kanalı” adlandırırlar. "Bakupost.az"a şikayət edən sakinlər bildiriblər ki, ötən gün burada daha bir faciə yaşanıb. Onların dediyinə görə, Ceyranbatan 1 saylı tam orta məktəbin 5 şagirdi Samur-Abşeron kanalına düşüb. Hadisə nəticəsində onlardan biri - 8-ci sinif şagirdi Babakişi dünyasını dəyişib.
  Hadisənin necə baş verdiyinə gəlincə, sakinlər deyir ki, uşaqlar kanalın bir üzündən o biri üzünə uzanan ipdən tutaraq üzmək istəyiblər. Lakin ağırlıq səbəbindən ip qırılıb və onlar kanala düşüblər. Yaxınlıqdan keçənlər şagirdlərdən 4-nü kanaldan çıxarsalar da, Babakişinin həyatını xilas etmək mümkün olmayıb”.
Bəs, əylənmək, çimmək istəyən uşaqların kabusuna çevrilən “ölüm kanalı” niyə mühafizə olunmur?
  Məsələ ilə bağlı Samur-Abşeron Kanal İstismar İdarəsinin müdiri Zakir Rüstəmovla əlaqə saxladıq. O, həmin kanalın Abşeron Suvarma Sistemləri İdarəsinin tabeliyində olduğunu qeyd edib. Abşeron Suvarma Sistemləri İdarəsi ilə də əlaqə saxladıq. Oradan da "Bakupost.az"a kanalın Samur-Abşeron kanalı olduğu üçün onların tabeliyində olmadığı bildirilib. 
  Maraqlıdır, məsuliyyəti biri-birinin üzərinə atan bu qurumlar üçün görəsən, tədbir görmək, təhlükəsizliyi təmin etmək çoxmu çətindir?

  Təhlükəsizlik eksperti Elmar Nurəliyev də Sherg.az-a açıqlamasında bu cür bədbəxt hadisələrin zaman-zaman qeydə alındığını deyib. Onun sözlərinə görə, bəzən insanların ehtiyatsız davranışları da onların həyatı bahasına başa gəlir. Buna görə də mütləq  nəzarətsiz su kanalları, sahilyanı ərazilər, göllərdə boğulma hallarının qarşısını almaq üçün mütləq ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir:  “Üzü yaya doğru gedirik və növbəti aylarda göllərdə, kanallarda uşaqların boğulma halları ilə bağlı xəbərlərə tez-tez  şahid olacağıq. Adətən uşaqlar, hətta gənclər  süni su hövzələrinə, su anbarlarına, çaylara, kanallara və göllərə gedərək orada çimirlər. Ancaq bunun nə qədər təhlükəli olmasını bilmir, yaxud bilərək özlərini təhlükəyə atırlar. Halbuki süni su hövzələri, kanal  kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar".
  E.Nurəliyev diqqətə çatdırıb ki, bu kimi halların qarşısının alınması, yaxud yaşanmaması üçün müəyyən tədbirlər görülməlidir: “Məsələ ilə bağlı bir neçə qurum birlikdə müştərək tədbirlər planı hazırlaya bilər. Həmin yerlərə yay mövsümü ərzində polis naryadı ayrıla bilər. O ərazilər  çəpərlənə, hasarlana bilər. Yaxud inzibati tədbir olaraq cərimə tətbiq oluna bilər. Bunun qarşısı alınmalıdır. Ümumilikdə həmin yerlər bələdiyyənin balansındadır. Amma hazırda bu məsələyə nəzarət edən konkret qurum yoxdur. Bəli, mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirmə aparılır. Ancaq inzibati mexanizm də olsa yaxşı olar. Yay mövsümü üç ay olur və çox təəssüf ki, bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir. Hesab edirəm ki, bu cür yerlər dövlət tərəfindən nəzarətə götürülməlidir. Xüsusilə də valideynlər diqqətli olmalı və övladlarına  bunun nə qədər təhlükəli olduğunu aşılamalıdırlar. Aidiyyəti dövlət qurumları da bu işdə maraqlı olmalıdır. Rayonların ərazisində olan və hər il insanların ən çox getdiyi su kanallarının, göllərin üzmək üçün təhlükəli olduğuna dair xəbərdarlıq lövhəsi vurulmalı, əgər kiminsə ərazidə üzməsi faktları aşkar olunsa, zəruri tədbirlərin görülməsi üçün rayon rəhbərliyinin qarşısında vəsatət qaldırılmalıdır. Beləcə, məsələnin həllinə nail olmaq mümkündür. Ölüm hadisəsi baş verəndən sonra günah keçisi axtarmaq absurddur. Aydın məsələdir ki, bu hadisədə aidiyyəti qurumların da, valideynlərin də məsuliyyəti var”.