Vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək

İqtisadçı hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarı yeni heç nə demir, əvvəl də tətbiq edilən praktikanı təsbit edir


  Azərbaycan Konstitusiya Məhkəməsinin dünən dərc olunan qərarına əsasən, vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Qərarda bildirilib ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
  Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrini şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz: “Azərbaycanda İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri zamanı həyat sığortası tələb olunur. Bu, şəxsin həyatının və ya əmək qabiliyyətinin itirilməsi halında kredit müqaviləsi üzrə qalıq borca bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənzil şəxsin mülkiyyətində (və ya varislərininin mülkiyyətində) qalacaq, kredit borcu isə tam ödəniləcək. Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın. Qeyd edim ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtlərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir”.
  İqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarının cəmiyyətdə çaşqınlıq yaratmasına səbəb Azərbaycanın dövlət və hökumət qurumlarının vətəndaşlarla ünsiyyət qura bilməməsidir: “Qərarlar, qanunlar  o qədər quru, hüquqi dillə verilir ki, vətəndaşlar çaş-baş qalır. Anlayıram ki, Mərkəzi Bank elmi-iqtisadi dildə rəsmi məlumatlar yaymalıdır, dili qəliz ola bilər, amma onların sözçüləri olmalıdır ki, həmin ictimai çıxışlarla sadə dildə olan-bitəni izah etsinlər. 
  Yəni KM-nin dünənki qərarı yeni heç nə demir, əvvəl də tətbiq edilən praktikanı təsbit edir, sadəcə, Bakı Apellyasiya Məhkəməsi KM-nə şərh üçün müraciət edib ki, əmsal qərar olsun, bu məsələ ilə bağlı məhkəmə işləri artmasın, Plenumun qərarını əsas gətirərək bank-müştəri münasibətlərinin tənzimlənməsi mümkün olsun. Bəzən vətəndaşlar mənzil-evə mülkiyyət hüququnu vərəsəliyə görə qəbul edirdilər, amma öhdəliklərlə bağlı problemlər yaşanırdı, sonra da məhkəmə çəkişmələri aylarla sürürdü. Vərəsə həm də sığorta pulunun vərəsəsi sayılır axı, bu qərarla məsələ tənzimlənir. Bundan başqa sığortası olmayan yüksək faizli kommersiya ipotekaları da mövcuddur, sayları çox deyil, amma var – vərəsə mülkiyyətə sahib çıxırdı, amma öhdəliklərdən yayınırdı, KM-nin bu qərarı həmin məsələyə də son qoydu. Belə ki, Konstitusiya Məhkəməsinin qərarı həyat sığortası olmayan hallarla yanaşı, məbləğin tam sığortalanmadığı kreditlərə də şamil olunur.  Qərarda qalan kredit hissəsinin kimin verəcəyi sualına aydınlıq gətirilir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kreditlərdə həyat sığortası məbləğə uyğun edilir. Lakin həyat sığortası götürülən məbləğdən az olduqda qalan hissə vərəsə tərəfindən ödənilir”.