Nəzarətsiz sahə: Hər gün 12 saat taksi idarə etmək nə demək?

  Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin, taksi şirkətlərinin yol verdikləri kobud qanun pozuntuları, bununla yanaşı, bu sahədəki boşluqlar gündəmin ən çox müzakirə edilən mövzuları arasındadır. Sərnişinlərin taksi sürücülərinin şəxsi keyfiyyətlərindən, avtomobillərin təmizlik və səliqəsindən və digər bu kimi nüanslardan şikayətlənməsi adi hala çevrilib.

Taksi xidmətində olan xaotik vəziyyət isə nəinki sərnişin və sürücüləri narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxtda uzun tıxaclara, hətta cinayət hadisələrinə səbəb olur. Lakin buna baxmayaraq, adıçəkilən sahədə heç bir irəliləyiş müşahidə olunmur. Taksi şirkətləri  tibbi müayinədən keçmədən, sürücülük vəsiqəsinin olub-olmadığı bəlli olmayan, hətta narkoman şəxslərin ucuz avtomobil alıb internetdən mobil tətbiqlərini endirərək taksi fəaliyyətinə başlamaları üçün hər cür şərait yaradır. Nəticədə isə tez-tez sürücülərlə sərnişinlərin arasında mübahisələrə şahidlik etmiş oluruq.  Reallıq bundan ibarətdir ki, bu gün sürücülük vəsiqəsi olan hər bir vətəndaş istədiyi zaman taksi sürücüsünə çevrilə bilər. Özü də qeydiyyat prosedurunda heç bir xüsusi sənəd və ya bacarıq tələb olunmur. Yalnız sürücülük vəsiqəsinin və avtomobilin sənədlərinin olması kifayət edir. Olduqca maraqlı olan digər bir məqam isə sürücülərin qeydiyyatı zamanı heç bir fərdi söhbətin və ya testlərin aparılmamasıdır.

  Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,  Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xeyli qanun var, amma problem qanunvericiliyin köhnə olmasındadır və yalnız klassik taksi fəaliyyətini tənzimləyə bilir:

 “Bu qanun aqreqatorlar, müxtəlif platformalar üzərindən taksi sifarişləri qəbul edən taksilərin fəaliyyətini tənzimləməyə yaramır, ən böyük çatışmazlıq isə odur ki, bu qanunlar 2000-ci illərin əvvəllərində qəbul edilib və burada aqreqatorun fəaliyyəti ilə bağlı heç bir məlumat, həmin taksilərin fəaliyyətinin tənzimlənməsi üçün heç bir müddəa yoxdur. Ona görə də mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır. Bunun üçün beynəlxalq təcrübə var. Dünyanın hər yerində hüquq ictimai münasibətlərə uyğunlaşdırılır. İctimai münasibətlərin mahiyyətində yeniliklər olan kimi bunu qanunvericilikdə tətbiq edirlər. Amma bizdə bu aqreqatorlar çoxdandır var və pandemiya dövründə də geniş yayıldı. Həmin aqreqatorların adı qanunvericilikdə yoxdur. Belə olan halda onlara necə nəzarət ola bilər?”. Hüquqşünas məsələnin həlli üçün vahid nəzarət sisteminin tətbiqini vacib sayır. Onun sözlərinə görə, problemi aradan qaldırmaq üçün vahid taksi sistemi deyil, taksilərə nəzarət qurumunun vahid sistemi olmalıdır: “Vahid taksi sistemi nə praktik, nə hüquqi, nə də nəzəri olaraq mümkündür. Burada söhbət xidmətin vahidliyindən getmir. Vahid nəzarət dövlət adından olmalıdır. Azərbaycanda gömrük, DİN-in vahid nəzarət sistemi var. Məsələn, ABŞ-də nəzarət qurumunun vahid sistemi var ki, tutaq ki, ölkədə 50 şirkət varsa, onların hamısına bir dövlət qurumu nəzarət edir. Həmin qurumun da vahid sistemi var. Ölkədə olan taksi şirkətləri həmin sistemə inteqrasiya edir və sistemə daxil olan sürücülərlə bağlı bütün məlumatlar əldə edilə bilir”. Ə.Hüseynovun sözlərinə görə, taksilərə vahid nəzarət sistemi olmayanda onlara yetərli nəzarət etmək mümkün olmur və sui-istifadə halları baş verir: “Həmin sürücülər 12-14 saat istismar olunur. Şərtlər belədir ki, onlar normal qazanc əldə etmək üçün bu qədər uzun müddət çalışırlar, bu da təbii ki, sürücü olmaq məntiqinə ziddir. Heç kəs hər gün 12 saat avtomobil idarə edə bilməz”. Ekspertin fikrincə, taksi fəaliyyəti ilə bağlı paytaxtda baş verən son xoşagəlməz hadisələri hər hansı avtomobil markasının adına bağlamaq düzgün deyil. Burada vacib olan insan faktorudur.

  Sosial məsələlər üzrə ekspert  İlqar Hüseynli  isə  Sherg.az-a açıqlamasında deyib ki, hazırda həll edilməsi vacib olan məsələlərdən biri taksi sürücüləri ilə bağlı kriteriyaların müəyyənləşdirilməsidir.  Onun sözlərinə görə, taksi sürücüsü peşəkar olmalı, ünvanları tanımalı, vətəndaşlarla ünsiyyətdə diqqətli olmalı, avtomobili yaxşı vəziyyətdə saxlamalı, istirahət və iş rejiminə diqqət yetirməlidir: 

“Ölkəmizdə taksi fəaliyyəti olduqca xaotik vəziyyətdədir. Bu, hər kəsə məlum olan məsələdir. Ona görə də ciddi tənzimləmələrə ehtiyac var. Taksi fəaliyyəti çox vacib və zəruri bir məsələdir. Ona görə də taksi fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu gün Bakı şəhərində ən azı 60 minə yaxın taksi fəaliyyət göstərir. Bu, böyük rəqəmdir, ona görə də ciddi tənzimləmələrə ehtiyac var. Taksi sürücüləri ilə ciddi iş aparılmalıdır. İşin hansı səviyyədə görülməsi isə vahid taksi xidmətinin sənədlərində əks olunmalıdır. Təəssüf ki, xarici aqreqator şirkətlər ölkəmizdəki taksi fəaliyyətində özbaşına qiymətlər müəyyənləşdirir, sürücüləri vaxtından artıq işlədirlər. Belə olan halda isə təbii ki, ciddi problemlər ortaya çıxır. Bu baxımdan vahid taksi xidmətini yaratmaqla problemlərin həllinə köklənmək lazımdır”.