Nikah müqaviləsi əhəmiyyətsiz kağız parçası deyil

Hətta bu müqaviləni bəd niyyət kimi qəbul edənlər də var

“Zamanla boşanma nümunələrinin timsalında görünəcək ki, nikah müqaviləsini imzalayan şəxslər öz aralarındakı problemi daha rahat şəkildə həll edirlər”


  “Deməli, evlənmə-boşanma nisbətlərində tərsinə artım olduqdan sonra, cütlüklər arasında başqasının adına ev, avtomobil alma təcrübəsi çoxalır. Şəxsən məndən soruşurlar, necə alaq ki boşanma zamanı əmlakımız bölünməsin? Əminəm ki, bir çox hüquqşünas belə suallarla üzləşir”. 
Bu sözləri sosial media hesabında mediator, hüquq elmləri doktoru Fərhad Mehdiyev yazıb.    
  Hüquqşünasın sözlərinə görə, boşanma ehtimalını nəzərə alan tərəflər əmlakı bölüşməmək üçün hər varianta əl atırlar: “Məsələn, oğlanın valideynləri təklif edir ki, ilkin ödənişi biz edək, sonra da cütlük özü hər ay kredit pulunu ödəsin. Bu təklifə qarşı da qızın valideyni  məsələni başa düşür və deyir ki, biz də pul verək. Aylıq ödənişdə cavanlara az yük düşsün. Əslində isə hər iki tərəfin təklifinin arxasında əmlakı bölüşməmək motivi dayanır. Başqa teatr səhnələri də görmüşəm: deməli, oğlan evlənəndə adına mənzil olur. Ailə qurulandan sonra qız küsür, oğlana da şərt qoşur ki, qayıtmağımı istəyirsənsə, sevdiyini sübut elə, evi keçir mənim adıma. Praktikamda 3 ailədə bunu görmüşəm, oğlan evi qıza bağışlayıb. Bundan sonra qız boşanmaya verib. Lakin oğlan tərəfi də bağışlama əqdinin aldatma ilə həyata keçirildiyinə görə məhkəmədə bağışlanma əqdinin ləğvi üçün iddia qaldırıb. Bütün bunları qeyd etməkdə isə məqsədim odur ki, ortalama qiyməti 150 min manat olan evmi daha önəmlidir, yoxsa sonradan nifrətə dönən süni sevgi oyunları? Demişəm, deyirəm - nikah müqaviləsi bağlamaq lazımdır”. F.Mehdiyev hesab edir ki, əmlak mübahisələrini azaltmaq, hətta tam cüziləşdirməyin yeganə yolu nikah müqaviləsidir. Nikahdan qabaq nikah müqaviləsi bağlanarsa, məqsədli evlənmələrə də imkan yaranmaz. 
  Psixoloq Orxan Oruc isə hesab edir ki, bizim cəmiyyət psixoloji olaraq nikah müqaviləsini qəbul edə bilmir:

 "Bizim mental dəyərlərimiz çox güclüdür və əksəriyyət nikah müqaviləsini əhəmiyyətsiz bir kağız parçası hesab edir. Hətta bu müqaviləni bəd niyyət kimi qəbul edənlər də var. Ailə quran gənclər inanmır ki, 5 ay sonra belə bir hadisə onun da başına gələ bilər. Hətta tərəflərdən hansısa evlənəcəyi şəxsə nikah müqaviləsi bağlamağı təklif etsə, qarşı tərəf “sən, deməli, mənə güvənmirsən, nə vaxtsa boşanacaqsan” deyə hay-küyə başlayar. Ona görə də  indiki reallıqda bizim insanlar nikah müqaviləsinə ehtiyac görmürlər.
  Sonradan nikah pozulduqda və problemlər ortaya çıxdıqda, başa düşürlər ki, nikah müqaviləsi lazım imiş. Fikrimcə, nikah müqaviləsi nikah pozulduğu təqdirdə, əmlak məsələləri ilə bağlı problemlərin tənzimlənməsində çox böyük rol oynayır. Xatırladım ki, bir çox ölkələrdə bu qanun icbari şəkildə tətbiq edilir və kifayət qədər də müsbət nəticələr əldə olunub. Bizdə də belə bir qanunun qüvvəyə minməsinə məncə, ehtiyac var. Çünki bu gün məhkəmələrə baxsaq, görərik ki, boşanmadan sonra yaranan əmlak problemləri xeyli saydadır. Əmlakın böyük, yoxsa kiçik olmasının fərqi yoxdur. Bir çox hallarda ciddi məhkəmə prosesləri gedir. Nikah müqavilələri kömək edəcək ki, məhkəmələrin də işi bir qədər yüngülləşsin. Həmçinin məhkəmə prosesi ərzində insanların arasında müşahidə olunan psixoloji aqressiya səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərəcək”.
  O.Orucun sözlərinə görə, nikah müqaviləsi ilə bağlı  psixoloji baryeri aşmaq üçün zaman lazımdır. Birdən-birə bu müqaviləni cəmiyyətə yeritmək olmaz: “Bunun üçün xüsusi bir metod da yoxdur ki, tətbiq edilsin. Zamanla boşanma nümunələrinin timsalında görünəcək ki, nikah müqaviləsini imzalayan şəxslər öz aralarındakı problemi daha rahat şəkildə həll edirlər. Yəqin ki, zaman keçdikcə, cəmiyyətdə uyğunlaşma prosesi gedəcək”.