Əmlakını sığortalamayanlar cərimə oluna bilməz

Bunun mexanizmi yoxdur, qanun “ölü” qanundur, həm də ədalətsizdir

  “Evini sığortalamayan əmlak sahibləri cərimə olunmayacaq. Guya, 1 iyundan tətbiq ediləcək cərimənin heç mexanizmi də yoxdur”. 

Bu sözləri "Sherg.az”ə açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Sığortadan yayınan daşınmaz əmlak sahiblərinin cərimələnəcəyi ilə bağlı deyilənlərin manipulyasiya xarakterli olduğunu vurğulayan Ə.Həsənov icbari sığorta edilməyən əmlaklarla bağlı cərimə mexanizmi olmadığını qeyd edib. Hüquqşünasın sözlərinə görə, bunu hələ 2020-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyətinin dediyini xatırladıb: “Belə bir mexanizm heç indi də yoxdur!".
  Həmin vaxt ölkə Prezidenti də bu sahədə maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı. Amma görünən odur ki, 3,5 il ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank heç bir iş aparmayıb bu sahədə! Əslində, suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Asan qazanc yeri axtarırlar. Mərkəzi Bank da susaraq onlara dəstək verir. Bununla guya, sığorta bazarında canlanmanın baş verdiyini göstərmək istəyir. 2019-cu ilin sonunda sığorta bazarına nəzarət səlahiyyəti Elman Rüstəmova keçən kimi bu oyun başlandı. İndi də Mərkəzi Bankın yeni rəhbərliyi eyni ssenari üzrə hərəkət edir.
  Heç nə dəyişməyib. Bəli, qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Etməyənə cərimə də nəzərdə tutulub. Amma onun mexanizmi yoxdur. Yəni bu, “ölü” qanundur. Həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Özü də Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar. Xüsusən iri, inhisarçı meyillilər. Yeri gəlmişkən, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda inhisarlaşma güclənəcək. Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun qiyməti doğrudan da çox böyükdür. Amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatçılığa əsas yoxdur”.
  Qeyd edək ki, son günlər iyunun 1-dən etibarən daşınmaz əmlakını sığortalamayanların cərimə olunacağı ilə bağlı iddialar yayılıb. Bununla bağlı vətəndaşlara sığorta şirkətlərindən xəbərdarlıq məktubları göndərilib. Xəbərdarlıq təkcə çıxarışlı mənzillərə deyil, həm də sənədsiz evlərə də göndərilib. Mənzillərin icbari sığortası ilə bağlı məbləğ isə regionlara görə müəyyən olunduğu bildirilir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektinin icbari əmlak sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Sığorta təminatı, yəni hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda və digər şəhərlərdə yerləşən yaşayış obyektlərində isə 25 min manatdır. Onu da deyək ki, "İcbari sığorta haqqında" 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər, obyektlər nəzərdə tutulur. Sənədi olmayan yaşayış evlərində isə sığorta məcburi deyil.