Uşaqların imtahan stressi bitmir ki, bitmir...

Abituriyentlərdən çox valideynlər bir-biri ilə yarışa girib

“Kimin övladı neçə bal toplayıb, kimin övladı hansı universitetə qəbul olub”

 “İmtahan günü qarşılaşdığım hadisədən sonra düşünürəm ki, valideynləri bir daha xəbərdar edim. İmtahan başlayandan arıq, zəif bir qız abituriyent dayanmadan ağlayırdı. Hətta həkim çağırıb sakitləşdirici verməli olduq. Bir az sakitləşəndən sonra onu danışdırmağa başladım. Məlum oldu ki, imtahana gələrkən atası ona "az bal toplasan səni öldürəcəm" deyib”. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu deyib. 
 
Onun sözlərinə görə, abituriyent atasının qorxusundan imtahanı bitirəndən sonra binadan çıxa bilməyib. "Atam onsuz da məni öldürəcək, imtahan balları çıxana kimi intihar edəcəm" dedi. Bir saatdan çox onunla danışmışam. İmtahanın ikinci mərhələsinin olacağını, bu dəfə az bal toplasa, ikinci mərhələdə bal toplaya biləcəyini, bu il olmasa, gələn il imtahana yenidən girə biləcəyini demişəm. Binadakı hər kəs qıza dəstək olmağa çalışdı. O yaş elə bir dövrdür ki, heç düşünmədən uşaqlar intihar edə bilir. Orda olan polisə hadisəni dedim, qızı onunla birlikdə valideynlərinin yanına göndərdim və baş verənləri anlatmasını, qıza təzyiq göstərməmələrini tapşırdım. Övladı instituta qəbul imtahanı verən valideynlər, imtahandan öncə və sonra övladınıza mənəvi dəstək olun.

 Onları imtahanqabağı təhdid etməyin, hədələməyin. Qorxutduğunuz, təhdid etdiyiniz övladlarınızın imtahan zamanı da psixologiyası yerində olmur, bildiklərini də unudurlar. Unutmayın ki, intihar bir göz qırpımında baş verir və ömür boyu övlad həsrətilə əzab çəkərsiniz. Hər kəs ali təhsil almağa məcbur deyil. Günümüzdə hər hansı bir peşəni (maşın, kondisioner, mebel, telefon, ev ustaları və b.) mükəmməl öyrənən şəxslər ali təhsilli, diplomlu şəxslərdən daha çox pul qazanır. Bu ölkədə üç-dörd diplomlu alim, elmi işçi olub cüzi maaşla əziyyət çəkməkdənsə, yaxşı bir kondisioner, maşın, telefon ustası olmaq daha yaxşıdır”.
 
 Qeyd edək ki, hər il imtahan ərəfəsində intihar mövzusu  aktuallaşır. Ötən illər ərzində az bal topladığı üçün valideynləri və ətraf mühit tərəfindən edilən tənələrə dözə bilməyib intihar edən gənclər və onların yazıb qoyduğu vida məktubları barəsində çox eşitmişik. Ekspertlərin də qeyd etdiyi kimi, artıq universitetin mahiyyəti bir kənarda qalır, camaat ona həyati əhəmiyyətli psixoloji bir maneə kimi baxır.
 
Mövzu ilə bağlı “Sherg.az”a danışan klinik-psixoloq Aysel Zeynallı isə hesab edir ki, abituriyentlərdən çox valideynlər bir-biri ilə yarışa girib ki, kimin övladı neçə bal toplayıb, kimin övladı hansı universitetə qəbul olub. Bunun kökü təhsil sisteminə gedib çıxır. Məktəblər normal təhsil versə, valideyn artıq pul verib repetitor tutmasa, övladına da bu təkidləri etməz ki, mən bu qədər pul xərcləyirəm, sən universitetə girməlisən. Mənim əziyyətimi boşa çıxarmamalısan: “İmtahana hazırlıq zamanı yeniyetmələrin çoxu stress altında olur və stress onlarda öyrənmə istəyini azaltmağa başlayır. Lakin valideynlər tərəfindən göstərilən psixoloji təzyiq nəticəsində məcburi də olsa imtahana hazırlanmalı və gecə-gündüz çalışmalı olurlar. Bu qədər zəhmətlərinin nəticəsində də onlardan bir təsdiq gözləyirlər. Lakin bu təsdiqi almamaları, gördükləri psixoloji təzyiq, yaşadıqları imtahan stressi onlarda get-gedə psixoloji vəziyyətin zəifləməsinə gətirib çıxarır. Bunun nəticəsində də emosional olaraq halsızlıq, yorğunluq, heç nədən zövq almama və özünə zərəryetirmə düşüncələri yaranmağa başlayır. Bundan başqa, “bacara bilməyəcəm və bacarmasam valideynlərim tərəfindən günahlandırılacam və ya cəzalandırılacam” düşüncəsinin yaranmasına səbəb olur. Nəticə uğurlu olmadığı zaman isə valideynlərinin onu qınayacağı, cəzalandıracağı, ətrafdalıkların onu lağa qoyacağı düşüncələrindən uzaq durmaq üçün ən rahat yolu, intiharı seçirlər. Hətta valideynlərindən qisas almaq üçün də bu yola baş vururlar. Çünki çəkdikləri əziyyətin, acının valideynlərinin də yaşamasını istəyirlər”.
 
A.Zeynallının sözlərinə görə, valideynlər övladını başqalarının uğurları ilə müqayisə etmək yerinə onun uğurlarına önəm verməlidir: “İmtahana hazırlıq zamanı övladımıza başqalarının uğurlarından hər zaman danışırıq. Bu yolun da övadımızı cəsarətləndirəcəyini düşünürük. Nəticədə isə bu üsul, onu cəsarətləndirmək yerinə onun daha çox həyəcan keçirməsinə və stress yaşamağına səbəb olur. Əziz valideynlər, başqalarının uğurlarından daha çox övladınızın bacarıqlarına və keçmişdəki uğurlarına diqqət yetirin və onu cəsarətləndirmək üçün bacarıq və uğurlarını onunla paylaşın. Övladınız üçün etdiklərinizi bir fədakarlıq olaraq görməyin. Valideynlər çox vaxt bu müddət ərzində övladlarına həm maddi, həm də mənəvi olaraq dəstək olduqlarını vurğulayırlar. "Bu günə kimi sənin hər istədiyini etdim”, “Bütün həyatımı sənin üçün çalışdım”, “Sənə maddi olaraq bu qədər dəstək oldum” və s. kimi cümlələr işlədərək övladlarını borclu çıxarmağa çalışırlar. Lakin bunları deməklə onların daha çox stress keçirmələrinə səbəb olurlar. Bu müddət ərzində övladınıza dəstək olmağa çalışın, əldə olan imkanlarınızın fərqində olmasını və bunu lazımi dərəcədə istifadə edə bilməsini ona izah etməyə çalışın. Övladınıza ətrafdakıların nə düşündüklərini, nələr əldə etdiklərini, özünüzün istəklərinizi və düşüncələrinizi demək yerinə onun istəklərini və düşüncələrini dinləməyə çalışın. Ona sevginizi və dəstəyinizi göstərərək onun yanında olduğunuzu göstərin. İmtahanın nəticəsindən çox övladınızın zəhmətinə diqqət edin. İmtahana hazırlıq zamanı övladınıza imtahanın nəticəsinin sizi o qədər də maraqlandırmadığını və onun bu müddət ərzindəki zəhmətinin sizin üçün daha vacib olduğunu və bunun sizin üçün bir uğur olduğunu ona göstərməyə çalışın”.