Azərbaycan vətəndaşlarının oğlan sevgisi

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Selektiv aborta müraciət edən hər bir qadın birbaşa demoqrafik göstəricilərə zərbə vurmuş hesab olunur

“Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək”

  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda rəsmi olaraq 58 min abort hadisəsi qeydə alınıb.
  Bunların çoxu mini abort, qalanı isə dərman vasitələri ilə aparılan abortlardır. 2021-ci ildə isə bu göstərici 46 877 olub. Aradakı böyük fərq onu göstərir ki, bu rəqəm hər il artmaqda davam edir. Qeyd edək ki, abort etdirənlər arasında yeniyetmələrin də sayının (2100) artdığı müşahidə olunur.



 
  Qeyd edək ki, abortların sayının artmasını ekspertlər birbaşa boşanmalarla və yaxud valideynlərin ikinci qız uşağını istəməməsi ilə əlaqələndirir. Halbuki cinsindən asılı olmayaraq ikinici və üçüncü uşağı saxlamaq gücündə olmayan valideynlər də az deyil. Xüsusən də sosial media paylaşımlarında maddi sıxıntı, evsizlik, təhsil kimi və xərclərin yüksək olması səbəbindən ailələr ikinci, üçüncü və daha çox uşağın olmasını istəmirlər. Bu isə ailənin şəxsi seçimi olmaqla bərabər ölkədə demoqrafik problemə səbəb olur.
  Maraqlıdır, günü-gündən artmaqda olan bu problemlə bağlı hansı tədbirlər görülməlidir?

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, abortların sayının artması birbaşa boşanmalarla bağlıdır. Onun sözlərinə görə, cəmiyyətdə bu məsələyə diqqət artırılmalıdır: 

“Mövcud statistika mənim ürəyimi ağrıdır. 30 ildir haray çəkirəm, səsimi eşidən yoxdur. Məsələ odur ki, biz humanitar və sosial problemlərimizin həlli ilə dövrün tələb etdiyi şəkildə məşğul olmuruq. Bu işlə məşğul olan insanlar ya problemi dərindən hiss eləmirlər, ya da o onun həlli yolları barədə aydın təsəvvürləri yoxdur. Təəssüf ki, bu işləri dərindən bilən mütəxəssislərə də əhəmiyyət vermirlər. Vəziyyət günü-gündən mürəkkəbləşir. Ona görə də heç bir problemi səthi həll etmək olmaz. Problemi həll etmək üçün elmi təminat olmalıdır. Bu gün bizim məmurlarımızın elmi təminat barədə aydın təsəvvürü yoxdur".
  Sosioloq abortların sayının faciəvi şəkildə artdığını vurğulayıb: "Hökumətin bu istiqamətdə tədbir görəcək adamları nə etməli olduqlarını bilmirlər. Bu məsələ ilə dövrün tələbinə uyğun, ciddi elmi mərkəzlərin mütəxəssisləri məşğul olmalıdır. Deyəndə ki boşanmalar çoxdur, deyirlər ki, nə olsun, Belçikada da çoxdur. Anlamırlar ki, orda boşanmanın fəsadı tam ayrıdır, bizdə isə tamamilə ayrı. Çoxdursa, o demək deyil ki, onlar inkişaf etmiş xalqdır. Boşanmaların çox olması həmin ölkələrin də problemidir”.
  Ə.Qəşəmoğlu qeyd edib ki, abortun sayını artıran daha çox ikinci qız uşağı abortlarıdır: “Statistikaya əsasən, abort etdirənlər daha çox gənclər deyil. 2014-cü ildən bu tərəfə boşanmalar sanki kütləvi hal alıb. Təzə ailə quran gənc artıq hiss edir ki, boşanacaq, ona görə də uşağı dünyaya gətirmək istəmir. Abortun sayını artıran səbəblərdən biri həm də ikinci qız uşağı abortudur. Bunu ya birinci uşaqdan sonra ailədə yaranan gərginlik səbəbilə boşanmağa hazırlaşan şəxslər edir, ya da oğlan uşağı istəyənlər. Əslində bu məsələnin arxasında dəhşətli problemlər dayanır. Abort edən adam kim olursa-olsun, öz uşağının ölümünə qərar verirsə, artıq onun qəlbində bir çox mənəvi dəyərlərə münasibət dəyişir. Bu, psixoloji olaraq belədir. İkinci tərəfdən əgər ailələrin çoxu boşanırsa, yarısı da evdə gərginlik yaşayır. Bu gün Azərbaycanda 80-90 faizdən çox ailədə gərginlik var. Gərginlik olan ailələrdə isə Azərbaycanın sabahı və yeni nəsil böyüyür”.

  Abortların yüksək həddə çatmasının altında yatan səbəblərdən danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlının “Şərq”ə açıqlamasına görə, bu problem hər zaman gündəm olub:

 “Hətta bəzi inkişaf etmiş ölkələrdə dövlət abortun qadağan olunması ilə bağlı qərar verib. Bu, birbaşa ölkənin inkişafı ilə bağlı məsələdir. Bütün sahələrdə yeni davamçılar olmalıdır. Təbii ki, nəsil artımı anaların üzərinə düşür. Bir məsələni xatırlamaq istəyirəm. İkinci Dünya müharibəsindən Almaniya məğlub ölkə kimi ayrıldı, digər dövlətlər tərəfindən kapitulyasiya olundu. Buna görə də müharibədən sonra böhran yaşandı, qiymətlər qalxdı, aclıq genişləndi. Lakin o vaxt Almaniyanın verdiyi qərara görə, yalnız uşaq qidalarının qiyməti artmayacaqdı. Çünki onlar bilirdi ki, Almaniyanın gələcəyi onların əlindədir. Azərbaycana gəlincə, bizdə heç bir qərar abortların qarşısını almır. Amma proses belə davam edərsə, təbii ki, dövlət kəskin qərar verməyə məcbur qalacaq”.
  Bu halların orta məktəb şagirdləri arasında həm tibbi, həm də mənəvi cəhətdən xoşagəlməz fəsadlara gətirib çıxaracağını deyən Ş.Namazlı hesab edir ki, problemin əmələ gəlmə səbəbi ailədən başlayır: “Düzgün istiqamət olmalı, təbliğat doğru şəkildə aparılmalıdır. Daha sonra isə burada əsas rolu məktəb oynayır. Onlara tədris olunan dərslərdən bu haqda məlumatlanmalıdırlar. Üçüncü önəmli amil isə mühitdir. Çünki uşaq da sosial varlıqdır və sosial həyat bu məsələdə rol oynayır. Bu üç faktor - valideyn, məktəb, cəmiyyət məktəblilər üçün çox böyük önəm daşıyır.
  Valideyn düşünməlidir ki, abortlar nəticəsində bugünkü məktəbli gələcək analıq hüququnu itirə bilər. Təbabət buna zəmanət vermir. Bu baxımdan bütün bunlar gələcək nəslin intellektual inkişafına zərər vuracaq. Ailəli qadınlar isə iqtisadi durumu bəhanə gətirir. Deyirlər ki, iki-üç uşağım var, imkanım yoxdur və.s. Həmçinin bəzi qadınlar qeyri-qanuni yolla dünyaya uşaq gətirmək istəmədiyindən bu yola əl atır. Ən xoşagəlməz hal isə cinsiyyətə görə edilən abortlardır. Ailə, Qadın, Uşaq Komitəsinin vəzifəsi bu mövzularda təbliğat aparmaqdır. Bölgələrdə bu haqda yeniyetmələr arasında seminarlar keçirilməlidir. Eyni zamanda valideynlər də maariflənməlidir. Qeyd etmək lazımdır ki, televiziyaların da üzərinə böyük iş düşür. İntellektual verilişlərin sayı azlıq təşkil edir. Müzakirələr zamanı bu mövzuya da toxunulmalıdır. Çünki televizor hər kəsin ailəsində var. Günümüzdə bu, həqiqətən də ciddi bir bəladır. Valideynlər çox gec ayılır. Sonda da yeganə yol kimi abort məsələsini seçirlər”.
  Sosioloq-jurnalist Lalə Mehralı da “Şərq”ə açıqlamasında böyük təəssüf hissi ilə deyib ki, biz insanlarımıza abortların genefondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik: "Biz illər əvvəl deyəndə ki, selektiv abortların sayı, vaxt olacaq, üzümüzə özünün mənfi nəticələri ilə qayıdacaq. Cəmiyyət bizi ciddi qəbul etmədi.
  Azərbaycan vətəndaşlarının oğlan sevgisi, qızların hər zaman bir əşya kimi qəbul edildiyini bilirik. Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək. Selektiv aborta müraciət edən hər bir qadın birbaşa demoqrafik göstəricilərə zərbə vurmuş hesab olunur. Cinsi tarazlığın pozulmasına bütün sahələrdə mənfi təsirini göstərir. Biz məktəblərdə, bağçalarda, universitetlərdə də artıq bu nisbət pozulmasını hiss edirik. İstənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır”.
  Hər zaman aborta görə pul cəzasının çoxaldılmasının, lazımi vəziyyətlərdə hətta həbs cəzası ilə əvəz edilməsinin tərəfdarı olduğunu vurğulayan L.Mehralı deyib ki, araşdırma üçün getdiyim bir neçə dövlət xəstəxanasında qeydiyyata salınmadan, xəstəlik tarixçəsi açılmadan neçə qadının abort stoluna çıxarıldığını görüb: “Qeydə alınan abort statistikası insanın tükünü ürpərdir, indi təsəvvür edin, qeydə alınmadan nə qədər körpə ana bətnində qətl edilir, selektiv aborta məruz qoyulur. Üstəlik, bunların hamısı xəstəxana şəraitində edilmir, işinin ustası olduğunu hesab edən bəzi həkimlər elə öz evinin bir otağında xəstə qəbul edir, abort həyata keçirir. Adi tibb bacısı belə abort edib, pul qazanır. Xəstəxana şəraiti olmayan yerdə tibbi müdaxilə etmək təhlükəlidir, bunun nəticəsi ölümlə nəticələnənə qədər gedə bilər”.
  Sosioloq deyib ki, cinsi tarazlığın pozulması 2000-ci illərin əvvəllərində doğulan gənclərə evlilik zamanı da problem yaradacaq. "Bir var evlilik çağında olan oğlanın ətrafında 15-20 qız olsun, bir də var cəmi tanıdığı 5-6 qız arasında seçim etmək məcburiyyətində qalsın. Ölkədə qız tapa bilməyən oğlan əcnəbi nikahlara üstünlük verəcək ki, bu da artıq milli genefondumuzun dəyişməsi deməkdir”