“Dövlət hələ ki kitab yazanlara diqqət göstərmir”

Bahəddin Həzi: “Göstərirsə də, bu diqqət yazıçılara deyil, əsl yazıçıların hesabına şişən məmurlaşmış yazıçılara çatır”

  27 may - 4 iyun tarixində 5-ci Milli Kitab Sərgisi keçirilib. İçərişəhərdə Qoşa Qala meydanında baş tutan sərgidə nəşriyyat və kitab mağazaları ilə bərabər, müstəqil yazıçılar da iştirak edib. Xeyli sayda müəllif panel arxasında dayanaraq öz kitablarını satıb.  

  Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq, yaradıcı istedadlara dəstəkdir. Burada 70 mindən çox kitab 70 faizdək endirimlə satışa çıxarılıb. Sərgidə kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilib. Sərgidə nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim ediblər. Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq, yaradıcı istedadlara dəstəkdir.
 
 Sərgidə “Bizim yol”un baş redaktoru, şair-publisist Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının təqdimatı və imza günü təşkil edilib. Təəssüratlarını “Şərq”lə bölüşən müəllif deyib ki, kitabın satışını özü yox, "Qanun" nəşrlər evi təşkil edib: “Ölümcül həqiqətlər” kitabımın nəşr və kommersiya hüququ onlara aiddir. Xərci də nəşriyyatındır, qazancı da. Mən də başqa oxucular kimi kitabımı pulla alıram. Bu kitabdan hər hansı maddi qazanc ummamışam. Odur ki, neçə kitab satıldığını bilmirəm, maraqlanmamışam. Əksinə, Milli kitab sərgisində bir neçə gənc fəal oxucumuza kitab hədiyyə etdim. 

Ancaq ümumiyyətlə, bu sərgilərin əhəmiyyəti böyükdür. Mənim üçün böyük mənəvi dəyəri var. Bu sərgilər böyük mədəni hadisələrdir. Kitabı nə qədər çox təbliğ edə bilsək, oxutdura bilsək, o, şəxsən mənim üçün qazancdır. Ancaq yaxşı olardı ki, bu işə ya dövlət, ya imkanlı mesenatlar sahib çıxsın ki, yazıçılar, ümumiyyətlə, müəlliflər kitab yazmaqdan pul qazanıb normal dolana  bilsin. Dövlət isə hələ ki diqqət göstərmir. Göstərirsə də, yazıçılara deyil, əsl yazıçıların hesabına şişən məmurlaşmış yazıçılara çatır bu diqqət”.