Ailə və Gənclik Bankı yaradıla bilər? - Gənc ailələrə faizsiz kredit...

Bizə də Ailə və Gənclik Bankı lazımdır
Bəlkə Türkiyədəki qərardan sonra bizim hökumət də “qonşudan geri qalma” deyib, belə bir proqram tətbiq edər
“Azərbaycanda gənc ailələrə faizsiz kredit verilməsi ilə bağlı müzakirə açmaq olar. Yuxarıda da qeyd etdiyim kimi, bu da yaxın 5 il üçün gözlənilən deyil”
  
Türkiyədə Ailə və Gənclik Bankı qurulacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bu bank vasitəsilə yeni ailə quran cütlüklərə və gənclərə faizsiz kreditlərin verilməsi nəzərdə tutulur.
  Evsizlik və mənzil problemi bizim ölkəmiz üçün də aktual məsələdir. Mənzil qiymətləri baha, bank faizləri isə o qədər yüksəkdir ki, yeni evlənib ipoteka ilə ev götürən cütlüklər nəvələrinə belə kredit borcu qoyub gedir. Hələ bu, ən yaxşı haldır. Əksər gənclər heç ipotekaya yaxın dura bilmir. Düşünürəm, bir-bir sadalamağa ehtiyac yoxdur, onsuz da bunlar hamının bildiyi məlum problemlərdir. Təsadüfi deyil ki, mənzil problemi səbəbindən Dövlət Statistika Komitəsinin məlumatlarında evlilik yaşının xeyli artdığını görürük. Yəni əvvəllər cütlüklər daha tez ailə qurmağa üstünlük verirdilərsə, son illərdə vəziyyət dəyişib. Belə ki, 2011-ci ildə 25-34 yaşda ailə quran bəylərin sayı 48 min 241, 2021-ci ildə isə 38 min 211 olub. Eyni dövrdə müvafiq yaş qrupları üzrə ailə quran qadınların sayı 21 min 226, 2021-ci ildə isə 17 min 206 olub.

Sözümün canı, Azərbaycanda faizsiz kreditlər mövzusu dəfələrlə gündəmə gətirilsə də, hələlik məsələ ilə bağlı konkret addım atılmayıb. Bəlkə Türkiyədəki qərardan sonra bizim hökumət də “qonşudan geri qalma” deyib, belə bir proqram tətbiq edər...


 "Sherg.az"a açıqlamasında Azərbaycanda vəziyyətin fərqli olduğunu bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov isə ölkənin sosial və investisiya proqramlarının Qarabağın bərpasına yönəldildiyini deyib: “Bu səbəbdən Azərbaycanda gənc ailələrə faizsiz kredit verilməsi prioritet ola bilməz”. Onun sözlərinə görə, istənilən bir sosial-iqtisadi layihəni həyata keçirmək üçün dövlətin hüquqi və maddi bazası olmalıdır: “Hazırda ciddi maliyyə sıxıntısı yaşayan Türkiyədə Ailə və Gənclik Bankı hansı vəsaitlər hesabına qurulacaq, yeni evlənən cütlüklərə faizsiz kreditlər necə veriləcək. Ölkənin milli valyutası hər gün rekord həddə dəyər itirir, inflyasiya dərinləşir, üstəlik, 85 milyonluq ölkədə nə qədər yeni evlənən cütlük olacaq. İndiki reallıqda Türkiyə iqtisadiyyatının bu qədər ağır bir maddi yükü olan proqramı həyata keçirəcəyinə inanmıram. Bu ideyanın özünü doğrultması gənclər üçün təqdirəlayiq hal olsa da, ölkə iqtisadiyyatı üçün ciddi böhran yaradar. Türkiyə gələcəkdə bu proqramı reallaşdırmaq gücündə ola bilər, amma indi yox”.
  İqtisadçının sözlərinə görə, yeni ailə quran gənclərə faizsiz kreditlərin verilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün başqa sosial-iqtisadi layihələrin həyata keçirilməsi təkcə Türkiyə üçün yox, bütün ölkələr üçün arzuolunandır. Azərbaycanda da gənclər üçün belə bir imkanların yaradılmasını çox istərdim: “Amma reallığı da inkar etmək düzgün deyil. Ən azından yaxın 5 il ərzində Azərbaycanda belə bir layihənin həyata keçirilməsi real deyil. Çünki bu gün Azərbaycanda dəstəyə ehtiyacı olan daha vacib sahələr var. Düzdür, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması da ölkə üçün kifayət qədər əhəmiyyətli bir məsələdir və çox istəyərdim ki, yaxın illərdə bu istiqamətdə hansısa bir proqramlar olsun. Lakin ölkə reallığı ilə danışsaq, indi hökumət üçün əsas məsələ iqtisadiyyatın dirçəlməsinə təkan verən sahələrə vəsait ayırmaqdır. Burada söhbət əməkhaqlarının, pensiyaların artırılmasından, uşaqpulunun tətbiqindən, yeni iş yerlərinin açılmasından gedir. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin görülməsi ölkə üçün mühüm faktordur. Dövlət və cəmiyyət üçün prioritet olan bu məsələlər həll olunduqdan sonra Azərbaycanda gənc ailələrə faizsiz kredit verilməsi ilə bağlı müzakirə açmaq olar. Yuxarıda da qeyd etdiyim kimi, bu da yaxın 5 il üçün gözlənilən deyil”.