Müalicə vaxtında aparılmalıdır, yoxsa yeni doğulan körpələrdə...


Yeni doğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir
  “Orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər qalxanabənzər vəzinin nəzarətindədir”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə "Sherg.az"a deyib.
  Onun sözlərinə görə, qalxanabənzər vəzi insan orqanizmində çox əhəmiyyətli hormon ifraz edən vəzilərdən biridir. Elmi ədəbiyyatlarda qalxanabənzər vəziyə tireoid vəzi də deyilir: “Boyunda, qırtlağın önündə yerləşən kiçik bir orqandır. Amma kiçikliyinə baxmayaraq, demək olar ki, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər onun nəzarətindədir. Yəni maddələr mübadiləsinin sürətindən tutmuş sinir sisteminin inkişafına qədər bir çox proses onun ifraz etdiyi hormonlarla tənzimlənir”.
  A.Əkbərzadənin fikrincə, böyüklərdə olduğu kimi, uşaqlarda da bu vəzinin xəstəliklərinə rast gəlirik: “Bu xəstəliklər həm vəzinin fəaliyyətinin az olması, həm çox fəaliyyət göstərməsi, həm də düyünləri ilə əlaqədar ola bilir. Müalicələri böyüklərdəki kimi aparılır. Tireoid xəstəlikləri də anadangəlmə, qazanılmış, müvəqqəti və daimi xarakter daşıya bilir. Hətta bəzən yeni doğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir. Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər”.
  Uşaq endokrinoloqunun sözlərinə görə, bütün yaş qruplarında tireoid xəstəliklərinə rast gəlmək olur: “Xüsusilə uşaq və yeniyetmə dövründə daha tez rast gəlinir. Bu dövrdə digər baş verən fizioloji problemlərlə yanaşı, əlamətləri daha dəqiq təyin edərək xəstəlik vaxtında müəyyən edilməli və müalicəyə vaxtında başlanılmalıdır.
  Çünki qalxanabənzər vəzinin çatışmazlığı ilə gedən vəziyyətlərdə inkişaf geriliyi, böyümə sürətinin azalması, yorğunluq, halsızlıq, uşaqlarda nevroloji inkişaf gerilikləri, kobud səs, qəbizlik, göbək yırtığı, quru dəri, zəif və cansız saç, saç tökülməsi və digər əlamətlər müşahidə oluna bilir. Belə əlamətlərlə qarşılaşan zaman mütləq Hipotireoz (tireoid hormonların azlığı) xəstəliyi ağla gəlməlidir.
  Amma əksinə, vəzinin sürətli işlədiyi hallarda isə (hipertireoz, zəhərli zob) ürək döyünməsinin artması, narahatlıq, əsəbilik, əllərdə titrəmə, nəm və isti parlaq dəri, iştahanın artmasına baxmayaraq çəkiitirmə, ishal, bağırsaqda sorulma problemləri və digər əlamətlərə rast gəlinir”.