Taksi xidməti sahəsində qayda-qanun yaradılsın!


Çıxış yollarından biri dövlətin nəzarəti altında fəaliyyət göstərə biləcək xüsusi şirkətin yaradılmasıdır 


  Taksi fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Taksi xidmətində olan xaotik vəziyyət nəinki sərnişin və sürücüləri narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxtda uzun tıxaclara səbəb olur. Taksi sürücülərinin bu fəaliyyətdən qazancları elə də çox deyil. Bəzən isə bank hesablarına köçən pulu taksi sürücüləri həftələrlə ala bilmirlər.
  Millət vəkili  Cavid Osmanov “Şərq”ə açıqlamasında deyib ki,  taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir: “Azərbaycanda  taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir. Bu sahədə ciddi islahatlara ehtiyac var. Vətəndaşlarımızın təhlükəsizliyi ən öndə dayanan məsələdir. Sərnişinlərə normal münasibətin göstərilməsi çox vacibdir. Zaman-zaman KİV-də, sosial şəbəkələrdə paylaşılan məlumatlarda da görürük ki, bəzi hallarda xüsusən xanımlara qarşı çox qeyri-etik davranışlar sərgilənir. Bu cür sürücülərin qeyri-peşəkarlıqları səbəbindən ölkədə nəqliyyat hadisələrinin, qəzaların sayında da ciddi artım müşahidə olunur. Bu da vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında problem yaradır”.
  C.Osmanovun sözlərinə görə, hazırda fəaliyyət göstərən taksi şirkətləri qarşısında konkret vəzifələr müəyyənləşdirilməlidir: “Avtomobillərin texniki göstəriciləri, sürücülərin peşəkarlığı, eyni zamanda onların psixoloji durumları ciddi araşdırılmalı, bundan sonra fəaliyyətə başlamalıdırlar. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən konkret qaydalar müəyyənləşdirilməli, bu qaydalara məsuliyyətlə riayət olunmalı, narazılıqların qarşısı alınmalıdır. Əks halda, yeni, tam dövlətin nəzarəti altında fəaliyyət göstərə biləcək xüsusi şirkətin yaradılması çıxış yollarından biridir”.