Avtobusların çoxunun istismar müddəti bitib  - Böyük təhlükə...


Ona görə də sürücü hesab edir ki, avtomobili texniki müayinəyə aparmaq sərfəli deyil

  Baş Dövlət Yol Polisi İdarəsi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürücülərinə qarşı tədbirlərə başlayıb.
  Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib: “Eyni zamanda xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq, sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır. Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib.
  Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.
  Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib. Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.
  Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz töhfəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir”. 
Baş nazirin səyləri nəticə verəcəkmi? – "Bakının tıxaclardan qurtulması  üçün..."
  Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynlinin “Şərq”ə açıqlamasına görə, sərnişin avtobusları sərnişindaşıma şirkətləri tabeliyində fəaliyyət göstərir və avtomobillərin texniki baxışdan keçirilməsinə də həmin şirkətlər məsuldur:
"Məsuliyyət şirkət rəhbərliyinin üzərinə düşür. Niyə yayınırlar texniki baxışdan, çünki hələ də  sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin  bir hissəsi köhnədir, bir çoxunun istismar müddəti bəlkə də çoxdan bitib. Bu avtomobillər texniki baxışa təqdim olunsa, yararsız hesab ediləcəklər.  Ya da o qədər nöqsan “aşkarlayırlar” ki, məbləğ böyüyür.  Bunu nə şirkət ödəmək istəyir, nə də sürücünün belə bir maddi imkanı var.  Ona görə də sürücü hesab edir ki, avtomobili texniki müayinəyə aparmaq sərfəli deyil. Sürücülər avtomobildəki nasazlığın nədən ibarət olduğunu bilir, özləri birtəhər həll edirlər”.