"Ürəyim sıxılır": Kliniki tablo, yoxsa... - PSİXOLOQ MƏSLƏHƏTİ


Can sıxıntısı isə sadəcə bir neçə gün çəkir
Darıxmaq hər kəsin qaçdığı bir hissdir. Bu çox depressiv vəziyyət olsa da, adi bir hadisədir. Qədim Roma filosofu Seneka cansıxıcılığı ürəkbulanma ilə müqayisə edib. Buna son qoymaq üçün isə beyində dopamin ifraz edən bir fəaliyyət tapmalıyıq. Dopamin bizə etdiyimiz işdən, fəaliyyətimizdən həzz almağa imkan yaradır.
"Bakupost.az"-ın can sıxıntısı ilə bağlı araşdırmaları göstərir ki, insanlar bu hissdən xilas olmaq üçün hər şeyi edə bilərlər. 2014-cü ildə Virciniya Universitetində aparılan bir araşdırma, insanların 6-15 dəqiqə tək başına qala biləcəyini öyrənməyə çalışıb. Tədqiqat zamanı iştirakçılar özləri ilə baş-başa qalacaqları boş bir otağa yerləşdirilib. Tədqiqat iştirakçılarının yarısı tək qalmaqdansa, könüllü olaraq özlərinə yüngül elektrik şoku verməyi seçib. Araşdırma sonunda iştirakçılar təcrübədən razı qalmadıqlarını bildirib. Məsələ ilə bağlı mütəxəssislər isə bu hissin müsbət fəaliyyət hədəflədiyini qeyd edib. Onlar bildirib ki, darıxmaq insanlara yeni şeylər kəşf etmək üçün motivasiya verir. Bu hiss insanların marağını artırır və yeni şeylər kəşf etməyə təşviq edir. Bundan əlavə, bu günə qədər aparılan bir çox araşdırmada məşğul insanların özünü daha xoşbəxt hiss etdiyi məlum olub.
Klinik-psixoloq Gülarə İsgəndərova isə "Sherg.az"a açıqlamasında deyib ki, səbəbi bəlli olmayan, qeyri- müəyyən bir şəkildə ortaya çıxan can sıxıntısının adı “lypophrenia”dır. Bu hal qərarsızlıq, üzüntü, rahatsızlıq, hətta nəfəs ala bilməmə kimi əlamətlərlə özünü göstərir.
Psixoloqun sözlərinə görə, xüsusən narahat xarakterli, hər şeyə diqqət edən, vəsvəsəçi, mükəmməl olmağa çalışan insanlar bu problemlə daha asan qarşılaşır: “Bütün bu əlamətlər yaşanan bir hadisəyə, getmək bilməyən düşüncəyə, həll olunmaqda olan və ya heç cür həll edilməyən bir problemə, xəstəliyə, münasibətlərdəki problemə bağlı ola bilər. Əslində bütün bu hallarda hiss edilən can sıxıntısının təməlində çarəsizlik duyğusu ilə bərabər narahatlıq, qayğı da durur.
Can sıxıntısı və depressiya arasındakı əsas fərq depressiyanın uzun davam etməsidir. Depressiya kliniki bir tablodur. Can sıxıntısı isə sadəcə bir neçə gün çəkir. Depressiyada özünə qapanma, geri çəkilmə, kefsizlik, qara fikirlər, kədər kimi əlamətlər hakimdir. Can sıxıntısında isə geri çəkilmə yoxdur, sadəcə, tərəddüdlər var. İnsan nəsə istəyər, ancaq nə istədiyini bilməz. Depressiyada isə istək yoxdur, insan heç bir şey istəməz və əldə edəcəyi heç bir şeyin ona yaxşı təsir edəcəyini düşünməz. Can sıxıntısı isə insanda boşluq hissi yaradır. Belə halda insan nəyinsə itdiyini düşünər, ancaq bunun nə olduğunu tam anlamaz.
Mükəmməl olmaq istəyənlər daha çox can sıxıntısı yaşayır. Hər kəsin can sıxıntısı yaşaya biləcəyini deyən psixoloqun sözlərinə görə, bu hal imtahan əvvəli, bir şeyin nəticəsini gözləyərkən, iclaslardan əvvəl, xəstəxanaya gedildiyində, gərginliyin artması kimi hallarda ortaya çıxır”.
G.İskəndərovanın sözlərinə görə, insan can sıxıntısını əvvəlcə özünə ifadə etməlidir. Daha sonra "hansı hadisə ilə bağlı iç sıxıntısı yaşaya bilər, ən son kiminlə danışıb, nə üçün narahatdır?" kimi suallara cavab tapmalıdır. Xüsusən də bir işin həllini gözləyərkən, o vaxtı başqa işlə başını qatmaq sıxıntını azalda bilər. İnsanı narahat edən məsələni başqaları ilə bölüşmək də sıxıntını azaldır.