Narkotik vasitə aludəçisi olan taksi “sürücü”ləri...

Bəlkə də hər gün doğmalarımızın, əzizlərimizin həyatlarını təhlükə qarşısında qoyurlar

“Gördüklərini, yaşadıqlarını deyirsən, yazırsan və olursan “çörəyə bais olan””


Azərbaycanda taksi sifarişi xidməti göstərmək istəyən qlobal aqreqator ölkədə filial və yaxud nümayəndəlik yaratmalı olacaqlar. Bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, bununla bağlı məlumat təqdim edə bilməyən şirkətlərə sərnişin daşımaları üçün icazə verilməyəcək.
  
Azərbaycanda  taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsinin vacibliyini qeyd edən ekspertlərin fikrincə, taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir. Atılacaq bütün addımlar buna hesablanmalıdır. 
  
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanda taksi xidməti ilə bağlı əsasən pandemiya dövründən başlayan reallıqarı şüuru olan hər kəs yaxşı anlayır. Lakin indi bu reallıqların yaratdığı “reallıq”ların girovuna çevrilmişik: “Hər gün şəhərin küçələri ilə qayda-qanun bilmədən, yol-iz tanımadan şütüyən minlərlə “taksi sürücüsü” əsəblərimizi tarıma, ömrümüzü sınağa çəkir. Kimlərsə hər yoldan ötənə icarəyə verdiyi ikinci, üçüncü əl nəqliyyat vasitələrindən milyonlar qazanacaq deyə hər gün eyni problemləri yaşayırıq. Doğrusunu deyim, bəzən insanlarımızı da anlamaq olmur. Həm taksi xidməti ilə bağlı problemlərdən şikayətlənirlər, həm də onların şikayətlərini araşdırıb nəticə çıxaranları, vəziyyəti sahmana salmaq istəyənləri, ən yaxşı halda qınayırlar. Gördüklərini, yaşadıqlarını deyirsən, yazırsan və olursan “çörəyə bais olan”.  

Bəlkə də 200 ildir bu “çörəyə bais olmaq” “fəlsəfəsi”nin – psixoloji təzyiq vasitəsinin əlində aciz qalmışıq. Çörəyinə bais olmaq istəmədiyimiz qeyri-peşəkar, məsuliyyətsiz, əxlaqsız, mədəniyyətsiz, narkotik vasitə aludəçisi olan “sürücü”lər doğmalarımızın, əzizlərimizin həyatlarını təhlükə qarşısında qoyur, yüzlərlə insanın ölümünə, sağlamlıqlarını itirməsinə bais olurlar. “Çörəyə bais olmaq” məntiqi ilə bütün məsələlərə yanaşsaq, o zaman cinayətkarlığa qarşı mübarizə də aparılmamalıdır. Necə olsa, oğrunun “çörəyi” oğurluqdan, əxlaqsızın “çörəyi” bədənini satmaqdan, narkotik vasitə satıcısının “çörəyi” isə insanları zəhərləməkdən “çıxır””.
  
E.Mirzəbəylinin sözlərinə görə, Bakıda, bütövlükdə nəqliyyat problemini həll etmək lazımdır. Bu şəhərdə həm də mövsümi “ideyalar”la yox, konseptual olaraq. Şəhərin mənzərəsini və bütün statistik göstəriciləri, yolları, yolsuzluqları..., nəqliyyatın hələ də öz intellektual söykəncəyini tapmaqda əziyyət çəkən sistemini, yerində olmayan yol nişanlarını və daha nələri... göz önünə sərgiləyib real zaman və məkan çərçivəsində qəti və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.