300 manatlıq birdəfəlik yardım ünvanlı deyil - Sosioloq


Milyonçuya da, ən yoxsula da eyni vəsait ödənilir
“Heç olmasa, ilkin mərhələdə hər uşağa görə 100 manat məbləğində aylıq uşaqpulunun verilməsi vacibdir”
  Uşaqpulunun verilməsi məsələsi yenidən aktuallaşıb. Belə ki, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə, uşağın anadan olmasına görə əhaliyə ödənişlər üzrə xərclərin 28 milyon manatdan 32 milyon manata qaldırılması nəzərdə tutulur. Böyük ehtimalla bu, doğuma görə birdəfəlik yardımın bir qədər artırılacağı ilə bağlıdır. Hazırda bu məbləğ 300 manat təşkil edir. Lakin ictimaiyyətin müzakirə etdiyi əsas məsələ aylıq uşaqpulunun bərpasıdır ki, bununla bağlı hələ ki, parlamentdə və hökumətdə konkret fikir yoxdur.
  «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında deyib ki, istənilən sosial yardımın artırılmasını təqdirəlayiq hesab etmək olar. Çünki bu, sosial təminat cəhətdən zəif vətəndaşların müdafiəsini gücləndirir: “Burada söhbət təxminən 50 manat artımdan gedə bilər. Lakin son illərdə müşahidə olunan bahalaşma və inflyasiya templəri bu artımları “yeyir”, ona görə də bu məbləği artım hesab etmək mümkün deyil. Bu, uzaqbaşı indeksasiya və ya kompensasiya adlana bilər. Çünki pulun nominal dəyəri deyil, real dəyəridir. Son illərdə pulun real dəyəri təxminən 3 dəfə aşağı düşüb, lakin nominal dəyəri artıb.
  Birdəfəlik uşaqpulu ilə bağlı də eyni vəziyyətdir. Hazırkı 300 manat bir neçə il əvvəlki 150 manat dəyərində olduğundan bu məbləğin xeyli artırılmasına ehtiyac var. Bunun üçün ölkəmizin kifayət qədər maliyyə-iqtisadi imkanları var. Hazırda verilən 300 manatlıq yardım bir uşağın doğuş xərcinin 1/3-ni də qarşılamır.
  Azərbaycanda uşaq doğumuna görə birdəfəlik yardım əksər ölkələrə nisbətdə xeyli aşağıdır. Bəzi ölkələrdə bu, bir neçə min manatdan başlayır, bəzilərində isə 10-20-30 min manat təşkil edir. Bizdə də bu məbləğin ən azı 2-3 min manata qaldırılması vacibdir. Əlavə olaraq, aylıq uşaqpulu da verilməsi vacibdir. Heç olmasa, ilkin mərhələdə hər uşağa görə 100 manat məbləğində. Əgər imkanlı vətəndaşların buna ehtiyacı olmadığı və ünvanlılıq prinsipi əsas götürülərsə, onda heç olmasa, aşağı gəlirli ailələrin uşaqlarına bu yardımlar ödənilməlidir. Tutaq ki, adambaşına 500 manatdan aşağı gəliri olan 3 və daha çox uşaqlı ailələrə. Bu daha çox, ünvanlılıq sayıla bilər. Hazırda verilən 300 manatlıq birdəfəlik yardım da ünvanlı deyil, milyonçuya da, ən yoxsula da eyni vəsait ödənilir”.


  E.Bayramlının sözlərinə görə, sosial yardım qayğıya ehtiyacı olan vətəndaşları əhatə etməlidir. Əslində, dövlətin də məqsədi və mahiyyəti elə budur: “Statistika göstərir ki, son illərdə uşaq doğumu kəskin azalır, 1 uşaqlı ailələrin çəkisi sürətlə artır. Bu da milli genefondumuz üçün təhlükəli vəziyyətdir. Bu hal davam etsə, demoqrafik vəziyyət ağırlaşacaq, əhalinin qocalması və azalması baş verəcək, işçi qüvvəsinin azalması ilə iqtisadi aktivlik zəifləyəcək və hər 100 işləyənə daha çox pensiya və ya müavinət alanların sayının artması nəticəsində dövlətin sosial yükü artacaq. Biruşaqlı ailə normal ailə deyil. Bir millətin davamlılığının və milli genefondunun qorunması üçün orta hesabla hər ailədə 3 uşaq olmalıdır. Hələ 3 uşaq belə, əhalinin artımını yox, mövcud sayın qorunmasını təmin edə bilər. Bu vəziyyəti də dövlət stimullaşdırmalı və imkansız ailələrə uşaq pulu formasında yardım etməlidir ki, heç olmasa, uşaqların sağlam böyüməsinə dəstək olsun.
Onsuz da indiki ailələr 3-4 uşaq dünyaya gətirməkdə maraqlı deyillər, yenə əksəriyyəti 1 və ya 2 uşaq dünyaya gətirəcəklər. Onları da normal və sağlam formada böyütmək lazımdır. Bunun üçün də sosial təminat cəhətdən zəif və yaşayış şəraiti ağır olan, əlil, işsiz və kirayələrdə yaşayan ailələrə yardımlar edilməlidir. Ölkəmizin maliyyə vəziyyəti ilə bağlı heç bir problemi yoxdur və üstəlik, hər il büdcədə lazım olandan da artıq vəsait toplanır, 5-6 milyard manatlıq profisit yaranır ki, bunun da bir hissəsi uşaqlar üçün sosial yardımlara yönəldilə bilər”.