Rayonlarda müəllimlərə şərait yoxdur

Müsabiqədən keçən gənc müəllimlər ucqar məktəblərdən imtina edir

Ən böyük zərər isə təhsil alan şagirdlərə dəyir
 
 Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək yuxarı bal toplayan və vakant yer seçən bəzi namizədlər ən sonda müxtəlif bəhanələrlə təyinat aldıqları məktəblərə getmirlər. Ya məktəbdəki şəraiti görəndən sonra orada işləməkdən imtina edirlər, ya təhsil ocağına gedib çatmağın çətinlikləri onları qorxudur, ya da digər səbəbləri əsas gətirirlər. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin dediyinə görə, MİQ-in həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi Elm və Təhsil Nazirliyinin manevr imkanlarına mane olur.

Onun sözlərinə görə, belə olan halda Nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır: "Bu prosesdən də ən çox əziyyət çəkən şagird olur. Çünki hər il yeni bir müəllimlə tədrisə davam edir. Digər tərəfdən, qeydiyyatdan keçib imtahanlarda iştirak etməyənlər də çoxdur. Məsələn, ötən il MİQ üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını imtahanda iştirak etməyib".
  
Təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında deyib ki,
hər il təxminən 10 mindən artıq müəllim MİQ imtahanı vasitəsilə işə qəbul olunur: “Bunların bir hissəsi hansısa məktəbdə işləyən və müsabiqədə yerdəyişmə üçün iştirak edənlərdir. Yerdə qalanı isə yeni işə başlamaq istəyənlərdir. Nurlan İsmayılbəylinin dedikərində çox böyük həqiqət payı var. MİQ müsabiqəsindən keçən namizədlərin bir qismi təyinat aldığı məktəbdən imtina edir. Səbəb isə yerlərdə müəllimlər üçün müvafiq şəraitin yaradılmamasıdır.

 Müəllim olmaq istəyən hansısa bir gənc namizəd ucqar kəndlərdən birindəki məktəbi seçsə də, gedib görür ki, nə normal infrastruktur var, nə də qalmağa yeri. Onlar da məcburiyyətdən həmin məktəbdən imtina edir ki, gələn il yenidən MİQ imtahanı verib başqa məktəbi seçsin. Bir çoxları isə həmin məktəblərin direktoru ilə razılaşırlar, adları orda gedir, özləri isə Bakıdakı kurslarda müəllimlik edirlər.

  Nazirlər Kabinetinin 2010-cu il 14 aprel 67 saylı qərarına əsasən, ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərə əlavə, həvəsləndirici tədbirlər görülsün. Əvvəllər gənc müəllimlər 35 yaşları tamam olana qədər bu təminatlardan istifadə edə bilirdi. Lakin sonradan qərarda dəyişiklik edildi ki, 35 yaşı tamam olana qədər yalnız bir dəfə həvəsləndirici tədbirlərdən istifadə edə bilir. Bütün bunlar son nəticədə gənc müəllimlərin ucqar məktəblərdən imtina etməsinə səbəb olur. Bu kimi hallarda da ucqar məktəblərdə ixtisas müəllimi çatışmazlığına səbəb olur. Ən böyük zərər də təhsil alan şagirdlərə dəyir”.