Hərbçilərin pensiya təminatı haqqında qanun yenidən bərpa olunmalıdır

Yüzlərlə məhkəmə işi var


“Hərbçilərin maaşı, pensiyası ilə bağlı çox ciddi narazılıqlar var. Hər şey bahalaşıb, ölkədə inflyasiya gündən-günə artır. Lakin hələ də 1000 manat əməkhaqqı almayan gənc zabitlərimiz var”
 
 2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün onların pensiyası artmır. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, hərbçilərimizin hüquqlarını qorumaq lazımdır: “2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün onların pensiyası artmır. Bu gün birinci zərbəni öz üzərinə sərhəd qoşunları, hərbçilərimiz götürür. Əlahiddə xidmət edən insanların hər hansı şikayəti olmamalıdır. Onların konkret şikayəti üzrə konkret addımlar atılmalıdır. Bu istiqamətdə bütün qurumların dərhal özünə aid məsuliyyəti anlaması lazımdır. Hərbçini incidəcək heç bir fəaliyyət olmamalıdır”.
 
 Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da “Sherg.az”a açıqlamasında deyib ki, bu, kifayət qədər ciddi problemdir. Onun sözlərinə görə, hərbi qulluqçuların pensiya təminatı haqqında qanun yenidən bərpa olunmalıdır: “Bu səlahiyyət Dövlət Sosial Müdafiə Fondundan geri alınaraq güc strukturlarına qaytarılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən DSMF hər şeyi bir-birinə qatıb qarışdırıb. Yüzlərlə hərbi qulluqçu hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət edib. Fazil Mustafa çox haqlı olaraq bu məsələni qaldırıb. 2000-ci ilə qədər hərbi qulluqçuların pensiya təminatı ilə bağlı sistem yox idi. Hətta onu da xatırladım ki, 90-cı illərdə döyüş bölgəsində xidmət edən hərbi qulluqçular müharibə əməliyyatlarına cəlb olunduğuna görə 3 qat maaş alırdı. Sonradan bunu iki qata saldılar. 44 günlük müharibədən sonra isə artırmaq əvəzinə 1,5 qata salıblar. Çox absurddur. Hərbiçilərin maaşı, pensiyası ilə bağlı çox ciddi narazılıqlar var. Hər şey bahalaşıb, ölkədə infyasiya gündən-günə artır. Lakin hələ də 1000 manat əməkhaqqı almayan gənc zabitlərimiz var”.
 
 Ü.Cəfərovun sözlərinə görə, hökumət Silahlı Qüvvələrlə bağlı çox passiv siyasət yeridir. Bəzi problemlərlə bağlı Nazirlər Kabinetinə müraciət edib, çatışmazlıqları onların diqqətinə çatdırsa da, həlli istiqamətində heç nə etməyiblər .