Kənd təsərrüfatı texnikaları yollara çıxmazdan əvvəl yoxlanmalıdır

Nasaz texnikalarla bağlı sürücülərlə yanaşı texnika sahibi olan fermerlər də məsuliyyət daşıyır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
 
İdarədən “Sherg.az”a verilən məlumata görə, mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin nəzərəçarpacaq dərəcədə canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub:

 “Təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə məhsulun daşınması zamanı nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün iş və istirahət rejimini nəzarətdə saxlamaq, habelə sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur".

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun “Sherg.az”a açıqlamasına görə, kənd təsərrüfatı texnikalarının ümumi istifadə üçün nəzərdə tutulan avtomobil yollarında hərəkət qaydaları mövcuddur: “Kənd təsərrüfatı məhsullarının daşınması üçün istifadə olunan xüsusi texnikalar, o cümlədən traktor və kombayn kimi aqrar avtomobillərin sürücüləri  müəyyən olunmuş hərəkət qaydalarına əməl etməlidir. Baş verəcək hər hansı bir qanun pozuntusunda, nasaz texnikanın yola çıxmasında  sürücülərlə yanaşı texnika sahibi olan fermerlər, birləşmiş kənd təsərrüfatları da məsuliyyət daşıyır.

Xüsusən də bölgələrdə yol infrastrukturu bərbad vəziyyətdədir, yolların işıqlandırılması yox səviyyəsindədir. Yol xətləri doğru deyil, çala- çuxurların olması da ağırtonnajlı texnikaların qəza şəraiti yaratmasına səbəb olur. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi öncədən bu cür xəbərdarlıq  edir. Xüsusən də yay mövsümündə problem daha da aktuallaşır. Taxıl biçininə görə kombaynların tez-tez yollarda hərəkətini görürük. Əksər sürücülər  yük maşınlarını ötüb keçmə qaydalarının necə olduğunu bilmir”. 

Problemin həllinə gəldikdə isə  ekspert  deyib ki, bu cür xəbərdarlıqların olması labüddür. Birdəfəlik həlli yolu olmasa da, nəzarət mexanizminin təkmilləşdirilməsi ilə müsbətə doğru dəyişikliklər olacaq. DYP əməkdaşlarına xüsusi icazə verilməlidir ki, reyd keçirərək kənd təsərrüfatı texnikalarını yollara çıxmazdan əvvəl yoxlasınlar. Yaxud da sahibkarlar, fermerlər özləri tabeliklərində olan texnikanın  hansı vəziyyətdə olması ilə bağlı DYP-yə yazılı  bildiriş göndərsinlər.