Şagirdin ailə saxlamaq dərdini normallaşdırmayaq  - Ciddi siqnallar var!

“15 yaşından ailə saxlamaq üçün çiyinlərinə ağır yükü götürən uşağın işləməsini bu qədər təbliğ edib normallaşdırmamalıyıq”


Ötən gün sosial şəbəkələrdə məzun olan gəncin kuryer işlədiyi motosikletlə çəkilən görüntüsü gündəm olmuşdu. “Xezerxeber.az" iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsal ilə söhbətləşib. Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır, son dəfə 9-cu sinfədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.

Vüsal deyir ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də... Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var. 2-si ailəlidir. O, hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.

Atası o hələ 6 yaşında ikən onları tərk edib və o gündən bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb evə çörək aparmaqdır. İndi həyat ona xəyal qurmağa imkan verməsə də o, əslində həkim olmaq istəyirmiş.

Bizimlə həmsöhbət olduqdan dərhal sonra Vüsal yenə telefonunu açıb sifariş aparmaq üçün yola düşdü.
Ümid edirik və inanırıq ki, bu gün öz ayaqları üzərində durmağa çalışan, ailəsi üçün xəyal qurmaqdan vaz keçən bu oğlan bir gün xəyallarında o həyatı yaşaya biləcək.

 Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də  “Sherg.az”a açıqlamasında "Wolt" şirkətində kuryerlik edən yeniyetmənin görüntülərini izlədiyini deyib: “Qəlbim fərəh hissi ilə doldu, sevindim ki, nə yaxşı, ehtiyac içində yaşayan ailəsinin qeydinə qalan belə övladlarımız var. Həmin yeniyetmənin hərəkətində heç bir qəbahət yoxdur, əksinə, hörmətə və ehtirama layiqdir. 

9-cu sinifdən məktəbi buraxıb kuryerlik edən oğlanın görüntüləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusu oldu. Çoxluq mənim kimi onun hərəkətini alqışladı, amma bunu reklam kimi qiymətləndirən, yeniyetmənin əməlinə başqa rəng verib onu tənqid edənlər də oldu. Yəqin ki, bu, məlumatsızlıqdan baş verib. "Xəzər" televiziyasının apardığı araşdırma da sübut etdi ki, o yeniyetmə özünü reklam etmir, ciddi işlə məşğuldur. 

Hesab edirəm ki, belə məsələlərdə həssas olmaq lazımdır. Klaviatura qarşısında şirə çevrilməyə ehtiyac yoxdur. Həmin uşağı qınayanlardan biri onun ailəsinə əl boyda çörək veribmi? Kimsə başsız qalan o ailənin qayğılarından xəbərdardırmı? Şəklə baxıb danışmaq, fikir yürütmək asandır, amma həm də lazımsız işdir. İnsanın gününü sosial şəbəkələrdə keçirməsi, lazımlı-lazımsız şərhlər yazması boş-bekarlıq əlamətidir. Mən həmin insanları ciddi işlə məşğul olmağa dəvət edirəm”.

Sosioloq Lalə Mehralı isə deyib ki, biz hər gün uşaq pulunun bərpası ilə bağlı yazılar yazıb kampaniyalar aparırıq ki, aztəminatlı ailələrin uşaqları kiçik yaşlarından istismar olunmasın:

 “Kiçik yaşlarından atasız böyüyən uşaq  ailəsinin durumuna görə məktəbi atıb işləməyə başlayırsa, burada bütün məsuliyyət dövlətin üzərinə düşür. Görün, o uşaq hansı çətinlikləri yaşayıb ki,  zamanını məktəbə getmək, oxumaq üçün  yox, işləyib pul qazanmağa sərf etməyi daha üstün  tutub. Biz cəmiyyət olaraq bundan narahat olmalıyıq. Düzdür, mən bəlli bir yaşdan sonra uşaqların zəhmətlə tanış olmalarının tərəfdarı olmuşam. Amma bu  oğlanın 9-cu sinifdən məktəbdən çıxıb, kuryerlik etməsi xoşagəlməz haldır.  Dövlət bu  cür çətin durumda olan ailələrin sosial rifahını təmin etməlidir. Onun fotoları sosial şəbəkələrdə paylaşılıb təbliğ olunsa da, bu məsələnin arxasında çox ciddi siqnallar var. Təhsilini atmadan boş vaxtlarında işləyib ailəsinə dəstək olsaydı, bu hadisə xoş qarşılanar, həmin gəncin asudə vaxtlarında  ailəsinə kömək üçün işləməsi təqdir olunardı. Amma o, boş vaxtlarını dəyərləndirmək yox, ailəsini dolandırmaq üçün işləyir. 15 yaşından ailə saxlamaq üçün çiyinlərinə ağır yükü götürən  uşağın işləməsini bu qədər təbliğ edib  normallaşdırmamalıyıq”.