Ürəkdən gedənlər... -  Səbəb koronavirus peyvəndidir?  

Qəfil ölüm halları artıb
Bunun koronavirus peyvəndi ilə heç bir əlaqəsi yoxdur
Ürək-damar xəstəliklərinin əsas səbəbi  hərəkətsizlik, oturaq həyat tərzi, trans yağlardan və şirniyyatlardan çox istifadədir 

  Bugünkü statistik reallıqlara baxanda nəinki ölkəmizdə, eləcə də dünyada ürək-damar sistemi xəstəliklərinin sayında xüsusi artım yoxdur.
Bunu APA-ya açıqlamasında ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, ürək-damar xəstəlikləri say baxımından həmişə dünyada birinci yerdə olub, bu gün də elədir və ani ölümlərin bir nömrəli səbəblərindəndir: "Əfsus ki, insanlarımız KİV-də bu barədə gedən məlumatların sürətlə yayılmasına görə elə zənn edirlər ki, ürək-damar sistemi xəstəliklərinin sayında artım var. Lakin ürək-damar sistemi xəstəliklərinin sayında artım müşahidə edilmir, bu həmişə bir nömrəli problemlərdən olub". Rəşad Mahmudov COVID-19 əleyhinə vurulan peyvəndlərin ürək-damar sistemi xəstəliklərini artırması ilə bağlı məqama aydınlıq gətirərkən isə bildirib ki, bununla bağlı sübut edilmiş heç bir məlumat yoxdur: "Bununla bağlı heç bir fakt olmadan belə bir fikrin yayılması peyvəndlərə qarşı əks-təbliğata çevrilə bilər ki, bu da ürək-damar sistemi xəstəliklərindən daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər".
  R.Mahmudov həmçinin bildirib ki, anidən vəfat edən jurnalist Zülfüqar Hüseynzadə və operator Tural Qasımovun peyvənd olunmamışdan əvvəl ürək-damar sistemində problem olub: "Zülfüqar Hüseynzadə peyvənd olunmamışdan əvvəl ürək problemi yaşayıb, həyati təhlükə yaşadığı zamansa ürəyinə stend qoyulub. O, risk qrupunda olan şəxslərdən idi. Təəssüf ki, daha əvvəldən ürək probleminin olması və qəfil tutma zamanı gecə, dağ şəraitində yardım göstərilə bilinməməsi həyatını itirməsi ilə nəticələndi".
  O bildirib ki, risk qrupunda olanların vaxtında həkimə müraciət etməsi önəmli olsa da, daha vacib olan qidalanma və həyat tərzinə fikir verməkdir: "Həyatımız get-gedə süniləşir. Özümüzü qorumaq üçün imkan daxilində təbii qidalara üstünlük verməyimiz və aktiv həyata meyilliliyimizi artırmalıyıq. Dövrümüzün bəlası olan internetin şərait yaratdığı informasiya yükü və hərəkətsiz həyat tərzindən bacardığımız qədər özümüzü müdafiə etməliyik. Gündəlik 5 km yerimək çox faydalıdır. Bu, xərçəng xəstəliyindən qorunmaqda da bir nömrəli üsullardandır. Digər məqam isə təbii ki, zərərli vərdişlərdən uzaq olmaqdır".
  İnfeksionist Mərdan Əliyev  isə “Sherg.az"a açıqlamasında deyib ki, peyvəndlə bağlı həmişə belə iddialar olub, amma bunun elmi əsası yoxdur:
"Belə hallar çoxdur, mən də eşitmişdim. Koronavirus peyvəndi çıxandan bəri bu tip iddialar səsləndirilir. Amma bunun heç bir elmi əsası yoxdur.
  Peyvənd dozası azaldılan viruslardır, insan orqanizminə yeridilir, bundan sonra həmin virusa qarşı bədəndə immunitet əmələ gəlir. Düşünürəm ki, bu tip iddialar yalandır. Peyvənd qoruma xarakteri daşıyır. O ki qaldı ürək-damar sistemindəki xəstəliklərə və qəfil ölüm hallarına, bunun səbəbləri hərəkətsizlik, oturaq həyat tərzi, trans yağların istifadəsi, şirniyyatlardan çox istifadədir. 
  Hansı ki, bu sadaladıqlarım qanda xolesterinin yüksək olmasına gətirib çıxarır. Bu da öz növbəsində ürək-damar sistemini zədələyir. Ona görə də ürək-damar xəstəliklərinin səbəbini peyvəndlərdə axtarmaq doğru deyil".
  Bildirək ki, koronavirus peyvəndinin ürək-damar sistemini zədələməsi ilə bağlı elmi araşdırma olmadığı kimi, zədələmədiyi haqda da məlumat yoxdur.