Ailə gücünün resepti: Şam yeməyi

Ailəsi ilə birlikdə yemək yeyən uşaqlar daha savadlı olur

Təhsil eksperti və psixoloq elm və təhsil naziri Emin Əmrullayevin fikirlərini təsdiqlədilər

 “Ailə mühitinin də inkişafa böyük təsiri var. Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edən ailələrdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, davranışı da prosesə böyük təsir edir". 
Bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

  Nazir deyib ki, cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntiləri formalaşır.  Lakin biliyi bir başdan başqasına mexaniki olaraq götürüb qoymaq mümkün deyil: “Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var. Müxtəlif cəmiyyətlərdə kamil insan fərqli başa düşülür. Bəzilərində daha çox dəyərlər üzərindən yanaşılır, bəzilərində əmək bazarı daha çox qabardılır. Bu artıq həmin cəmiyyətin seçimi məsələsidir. Həqiqətən də, bir insanın inkişafında ailə, məktəb və ətraf mühit əsas rol oynayır. İnsan bir mühitdə dünyaya gəlir və həmin mühit onun inkişafında əsas amildir. Mühitlərin ölçülə bilən meyarları var. Bəzən belə fikirlər irəli sürülür ki, “gəlin 10 min texnoloq hazırlayaq”. Bu, sanki ev tikəndə az investisiya qoyulmuş fundamentin üzərinə böyük yük qoymağa bənzəyir”.
  Təhsil eksperti Kamran Əsədov da nazirin dediklərini təsdiqləyib:

“Həqiqətən də, çoxsaylı araşdırmalar ailənin yemək saatında bir arada olmasının uşaqlar üçün çox faydaları olduğunu göstərir. Birlikdə yemək ailə üzvlərinin bir-birilə daha çox vaxt keçirməsinə imkan verir və ailə üzvləri arasında daha güclü bir əlaqə yaradır. 
  Uşaqlar ailənin sosial təmasını hiss edərək özünü dəyərləndirə bilir və müsbət davranışlara yönəlirlər.  Bununla birlikdə, şam yeməyi zamanı ailə üzvləri arasında ətraflı söhbətlərin aparılması uşaqların dil və söhbət bacarıqlarının inkişafına dəstək ola bilir. Aparılan tədqiqatlar əsasında deyə bilərəm ki, mütəmadi olaraq ailəsi ilə şam yeməyində süfrə arxasında oturub böyüyən uşaqların dəyər və normaları başqalarından fərqli olur. Buna görə də bir çox tədqiqatlar ailə üzvlərinin bir araya gəlməsinin uşaqların psixoloji və sosial inkişafını təmin etməsi məqsədilə şam yeməyini bir arada etməyi məsləhət görür.
  Amma Azərbaycanda vətəndaşların cəmi 17 faizinin ali təhsilli, ondan dəfələrlə az hissəsinin keyfiyyətli ali təhsilə malik oldğunu nəzərə alsaq, ali təhsilli valideynlərin uşaqların təhsil göstəricilərinə bilavasitə ciddi təsirini tədqiqatlar və buraxılış, qəbul imtahanlarının nəticələri təsdiq etmir”.
  Psixoloq Elnur Rüstəmov da  “Sherg.az"a açıqlamasında deyib ki, ailə ilə birlikdə yemək yeməyin uşaqlara psixoloji, akademik, sosial və sağlamlıq cəhətdən faydası var:



“Ailəsi ilə kifayət qədər vaxt keçirə bilməyən uşaqlar ailə yeməklərində ana, ata və ailə üzvləri ilə birlikdə söhbət edərək gözəl vaxt keçirirlər. Bu isə uşaqlarda aqressivlik, depressiya kimi xoşagəlməyən davranış pozulmalarının qarşısını alır, ailə bağları güclənir. Yeməyini  ailələri ilə birlikdə yeyən uşaqlar gələcəkdə zərərli vərdişlərdən uzaq olur, depressiv risklərə daha az məruz qalırlar.
  Bundan başqa, ailəsi ilə birlikdə yemək yeyən uşaqların akademik uğurlarında yüksəliş müşahidə edilib. Belə ki, böyükləriylə çox vaxt keçirən uşaqlar dərslərinə motivasiya olaraq oxumağa daha çox əhəmiyyət verirlər. Onlar həm də daha yüksək bal toplayırlar və özlərinə daha çox güvənirlər. Hesab edirəm ki, təhsil nazirinin bu məsələyə toxunmaqda məqsədi ailə dəyərlərinin əhəmiyyətinə diqqət çəkməkdir. Ailə yeməkləri valideyn-övlad münasibətlərinin düzgün formalaşmasına zəmin yaradır. Azərbaycanda milyon yarım təhsilalan var və hər bir uşaq fərqli ailələrdən gəlir. Onların arasında problemli, konfliktli ailələrdə böyüyən, boşanmış ailədən gələn uşaqlar  var. Əksər halda ailədəki gərginlik uşaqların psixologiyasına mənfi təsir edir. Nəticədə onun yaşadığı gərginlik, keçirdiyi stress dərsləri mənimsəməsinə mənfi təsir göstərir.