Elektron reseptə keçidin faydaları nədir?

Xəstələrin qara gününün biri bitdi

Həkim istəsə belə firma dərmanları yaza bilməyəcək

Elektron reseptə keçidlə həkimin fiziki işi yüngülləşəcək və xəstə həkimin yazdığı dərmandan əlavə preparat qəbul etməyəcək


  Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq. Səhiyyə nazirinin müavini Rasim İsmayılovun fikrincə, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək. Eyni zamanda dərman vasitələri ilə bağlı qiymət fərqi kəskin olan siyahıda qida əlavələri üstünlük təşkil etmir. Sadəcə, həmin əlavələr dərman siyahısında verilir.
  Professor, tibb eksperti Adil Qeybullanın sözlərinə görə, elektron reseptə keçidlə həkimin fiziki işi yüngülləşəcək və xəstə həkimin yazdığı dərmandan əlavə preparat qəbul etməyəcək.  Hər hansı bir xəstəyə yazılan dərman preparatları elektron sistemdə vahid olaraq yerləşdirildikdə ümumi sistemdən görünəcək: 
“Amma elektron reseptlərə keçmək üçün öncə sistem formalaşmalıdır. Səhiyyə bir sistemə keçməli, bütün rayonlar arasında əlaqələr qurulmalı, insanları təlimatlandırmaq lazımdır. Elektron resept beynəlxalq aləmdə tətbiq olunmuş bir sistemdir: “Xüsusilə, tibbi sığorta tətbiq edilən ölkələrdə bu məsələlərə nəzarət var. Yəni sərf olunan ləvazimatlar, dərmanlar, digər tibbi vasitələr, sərfiyyat materiallarının hamısının qeydiyyatı elektron vasitə ilə aparılır. Yəni  elektron resept ölkədə istehsal olunan və ölkəyə idxal olunan dərmanlarla istehlak olunan preparatların fərqi, əhali tərəfindən daha çox hansı dərmanların istehlak olunması kimi məsələlərə nəzarət baxımından çox vacibdir. Elektron reseptlər xəstənin xəstəlik tarixçəsinin elektronlaşdırılması və yaddaş bankına köçürülməsi, eyni zamanda xəstənin zamanında aldığı dərmanlara nəzarət nöqteyi-nəzərindən də önəmlidir”.