"Bu qrupların fəaliyyətinə imkan vermək olmaz"  - İran faktoru...

13 nəfər təhlükəli Azərbaycana gətirildi

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılar həbs olunub

Onların əksəriyyəti Qərb ölkələrinin maliyyəsi və siyasi xətti üzrə fəaliyyət göstərirlər


  Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlıların müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
  
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatuna görə,  xaricdə qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Azərbaycan vətəndaşları həbs ediliblər. Həbs edilən şəxslər terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriyaya gediblər və burada xüsusi hazırlıq düşərgəsində hərbi təlimlərdən keçiblər. 
  
Onların “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etdiyi bildirilir.  
 
 Cinayət əməllərini törətməkdə ittiham olunan 13 nəfər Azərbaycan vətəndaşı həbs olunub. Qeyd olunub ki, onlar beynəlxalq axtarışa dair prosedur çərçivəsində saxlanılaraq Azərbaycana gətiriliblər. Sözügedən şəxslər Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilirlər. 
Məhkəmənin qərarı ilə onların barəsində həbs-qətimkan tədbiri seçilib.

 Qeyd edək ki,  2000-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycanda radikal dini birləşmələr Suriyadakı silahlı qüvvələrə  qoşulmaq üçün yerlərdə radikal təşkilatlar yaratmağa cəhd ediblər.  Lakin hər dəfəsində qanunsuz qruplaşmaların əsas mərkəzləri DTX tərəfindən ifşa olunub. Müvafiq qurum tərəfindən onlara qarşı ciddi mübarizə aparıldığından hazırda bu qruplaşmalar Azərbaycan üçün ciddi təhlükə mənbəyi hesab edilmir. 

“Milli Cəbhə” Partiyasının sədr müavini Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulan Azərbaycan vətəndaşları zaman-zaman olub. Bu təkcə Azərbaycan üçün deyil. Hətta Avropa ölkələrinin vətəndaşları da belə radikal, silahlı birləşmələrə qoşulurlar:

 “Burada bir neçə faktor var. Maddi mənfəətə görə də olur belə hallar. Cəhalət, dini savadsızlıq üzündən də olur. Bəzən də tanıdığı, inandığı adamların təsiri ilə də baş verir. Belə halların olmaması üçün əvvəla düzgün dini maarifləndirməyə ehtiyac var. Radikal qruplara qoşulan şəxslər çox zaman təsir altına düşürlər. Onlara həm maddi gəlir söz verilir, həm də dini xurafatlarla, radikal fikirlərlə fanatizmə meyl aşılanır. Bu, çox zaman xaricdən olur. Bu kimi qruplar ümumiyyətlə həm ölkəmiz üçün, həm də bəşəriyyət üçün zərər və ziyanlıdır. Bu qrupların bəziləri vəhhabi yönümlü, bəziləri isə şiə - İran yönümlüdür. Bu qrupların radikalları dünyəvi quruluşlara qarşı barışmaz olmaqla yanaşı bir-biri ilə də rəqabətdə və düşmən mövqedədirlər. Bəzən də bu qruplar bir-birini sıradan çıxarmaq üçün münbit məkan axtarırlar. Xarici güclər də onların bu düşüncəsiz düşmənçiliyindən həm islamı məhv etmək üçün, həm də öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Mən inanıram ki, ölkəmizdə belə qrupların meydana gəlməsinə heç zaman yol verilməyəcək. Çünki təhlükəsizlik orqanlarımız çox operativ və səmərəli işləyirlər. Dini sahədə də müəyyən boşluqlar olsa da, maarifləndirmə aparılır və radikalizm meyilləri aradan götürülür”.

T.İrfanın sözlərinə görə,  radikal silahlı qruplaşmaların əksəriyyəti Qərb ölkələrinin maliyyəsi və siyasi xətti üzrə fəaliyyət göstərirlər: 

“Müsəlmanlar arasında nifaq salmaq, müsəlman dövlətində əvvəlcə radikal qrupları yaradıb sonra da o ölkəni təhlükəli yer kimi xarakterizə etmək ABŞ və Qərbin köhnə adətidir. İran faktorunu unutmamalıyıq. Bu kimi qrupların fəaliyyətinə qəti şəkildə imkan vermək olmaz. Onlar həm dinə, milli-mənəvi dəyərlərə, həm də qanunçuluğa düşməndirlər. Bu kimi qruplara meylin olmaması üçün də normal dini maarifçilik işi aparılmalıdır”.