"Əhəmiyyətli məlumatlar paylaşılmayıb" - Gözlər MİDA-da!

MİDA-dan gözləntilər çoxdur!

Onlayn satışın alternativi də olmalıdır ki, kompüter bilikləri olmayanlar digər üsulla ev ala bilsinlər


 Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal, Hövsan və Gəncədə ümumilikdə 1189 mənzilin satışa çıxarılacağı barədə məlumat yayıb. MİDA-nın bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Agentliyin ötən ilin sentyabr ayında keçirdiyi onlayn mənzil satışında aşkarlanan qanun pozuntuları, sistemin tez-tez çökməsi əhali arasında bu qurumun şəffaflığına müəyyən şübhələr yaradıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, mənzillər verilərkən elektron sistem üzərindən edilən müraciətlərə baxılır və ona uyğun seçimlər aparılır:

 “Müəyyən texniki səbəblərdən problemlər yarana bilər. Ancaq məlum olduğu kimi, son hadisələrdən sonra dövlət tərəfindən bu proseslərə nəzarət gücləndirilib. Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları məsələyə yaxından nəzarət edir. Düşünmürəm ki, gücləndirilmiş nəzarətdən sonra qeyri-qanuni və neqativ hallar olsun”.
 Ekspertin dediyinə görə, ola bilər ki, ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla işləməyə davam etsin. Lakin onlar da artıq ifşa olunur və barələrində müəyyən tədbirlər görülür. "MİDA-nın güzəştli mənzillərin növbəti satışına başlaması əmlak bazarında qiymətin ucuzlaşmasına səbəb ola bilərmi" sualına gəlincə, R.Osmanlı bildirib ki, bu layihədə təqdim olunan mənzillər uzunmüddətli kredit yolu ilə vətəndaşlara verilir və ən azı 3 il ərzində alqı-satqı predmeti ola bilməz. Həmin mənzillərin sayı bazardakı ümumi təklif portfelinin 1 faizini belə təşkil etmir: “Ona görə də hesab etmirəm ki, bu amil bazara hər hansı formada təsir göstərə bilsin”.

Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz isə   KT bacarıqları olmayanların "Güzəştli mənzil" layihəsindən kənarda qaldığını deyib. Onun sözlərinə görə, onlayn satışın alternativi də olmalıdır ki, kompüter bilikləri olmayanlar digər üsulla ev ala bilsinlər. O.Gündüz MİDA-nın mənzil satışı zamanı sistemin çökməsi, kənar şəxslərin vasitəsilə mənzillərin alınması kimi problemlərin olduğunu söyləyib.
 O bildirib ki, onlayn mənzil satışı zamanı sistemin çökməsinin MİDA ilə əlaqəsi yoxdur. Çünki mənzillər "elektron hökumət" portalı üzərindən həyata keçirilir: 

“Buna görə də, MİDA tərəfdaşlıq etdiyi qurumlarla öncədən testlər etməlidir. MİDA əvvəl baş verən belə arzuolunmaz hallara qarşı hansı tədbirlər gördüyünü də ictimaiyyətə açıqlamalıdır. MİDA-dan gözləntilər çoxdur.  Ötən müddət ərzində MİDA güzəştli mənzil informasiya sistemində hansı yenilikləri edib, süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün addımlar atılıbmı?  Yaxud sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı  auditlər aparılıbmı,  güvənli qurumların rəyləri varmı?  Onlayn satışa ictimai nəzarət imkanları təşkil olunacaqmı? Təəssüf ki, MİDA mənzillərin onlayn satışında şəffaflıq və ədalətli seçimlə bağlı ehtiyac olan, ictimai əhəmiyyət kəsb edən məlumatları paylaşmayıb. Onlayn satış prosesi şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan, alternativ güzəştli mənzil satışı üsulu ilə bağlı təkliflər hazırlanmalıdır”.