Yanğınların səbəbi nədir?  - Təhlükəsizlik eksperti

Yanğınların sayı hər gün artır

Evlərdə elektrik naqilləri ilə bağlı təhlükəsizlik qaydalarına mütləq qaydada hamı ciddi riayət etməlidir


  İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğın  zamanı Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerində olub. 
  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə bildirib ki, İnşaatçılar prospektində baş vermiş yanğın nəticəsində beşmərtəbəli binanın 840 kv.metr sahəsi yanıb.
Polkovnikin sözlərinə görə, hadisə yerinə 18 texnika və 90 şəxsi heyət cəlb edilib: "Saat 7:02-də Qüvvələrin İdarəetmə Xidmətinin 101 mərkəzinə İnşaatçılar prospekti 80 ünvanında yanğın baş verməsi haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə ilk olaraq Yasamal Dövlət yanğından mühafizə hissəsinin yaxınlıqda olan qüvvələri cəlb olunub. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğını nəzərə alaraq dərhal hadisə yerindən çağırış işi təyin edilib. Bununla da Bakı qarnizonunun qüvvə və vasitələri yanğın söndürülməsinə cəlb olunub. Yanğına umummilikkə 18 əsas və xüsusi texnika və 90 nəfər şəxsi heyət cəlb olunub. Binanın yanan əsas hissəsi dam örtüyüdür".
  "Bina beşmərtəbəlidir. Onun 4 mərtəbəsi yaşayış üçün nəzərdə tutulan, beşincisi sonradan tikiləndir və dəhliz tiplidir. Orada əvvəllər emalatxanalar fəaliyyət göstərib. Sonra orada müəyyən otaqlar özəlləşdirildikdən sonra digər formada fəaliyyət göstərib. Ümumilikdə binanın dam örtüyünün sahəsi 1640 kvadratdır. Onun 840 kvadrat metri yanğına məruz qalıb. Digər hissəsi isə mühafizə olunub. Bununla yanaşı, aşağı mərtəbələr mühafizə olunub. Hazırda yanğın texnikaları işləməkdədir. 9:29 dəqiqədə tam söndürülüb. Dam örtüyünün dəmir lövhələri təmizləndikcə, təhlükə törədən mənbələr söndürülür. Yanğının hansı səbəbdən baş verdiyi istintaq qrupunun araşdırmasından sonra məlum olacaq" - deyə o, əlavə edib.
"Sherg.az"a danışan Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, yanğınlar əsasən yanğın təhlükəsizliyinin pozulması səbəbindən baş verir: 
“Çoxmənzilli yaşayış binalarında insanların rahat, sağlam və təhlükəsiz yaşaması üçün tikintisi zamanı layihələndirməsindən artıq bütün zəruri olan təhlükəsizlik qaydalarına, norma və standartlarına riayət edilməklə tikilməlidir. Burada həm ekoloji təhlükəsizlik, həm sanitar-gigiyenik normalar, həm də sağlam yaşayış mühiti olması nəzərə alınmaqla binalar inşa edilməlidir. İnsanlar da bilməlidir, ilkin məlumatları olmalıdır ki, yanğın təhlükəsizliyi qaydalarına necə riayət etsinlər, hadisə baş verərsə, necə az zərər ilə qurtulsun.
  Ümumiyyətlə, çoxmənzilli binalarda yanğınlar elektrik qısaqapanması nəticəsində baş verir. Evlərdə elektrik naqilləri ilə bağlı təhlükəsizlik qaydalarına mütləq qaydada hamı ciddi riayət etməlidir. Yəni evin elektrik naqillərinin sazlığına, elektrik naqillərində problemin olmamasına, elektrik naqillərinin normadan artıq yüklənməməsinə mütləq qaydada nəzarət etmək lazımdır. Heç olmasa, hər kəs evlərinin elektrik naqillərini ildə bir dəfə yoxlatdırmalıdır. Hansında zədələnmə var, elektrik yük götürmək qabiliyyəti nə qədərdir. Yəni nasaz və ya problem olub-olmadığını mütləq bilməlidir. Çox təəssüflər olsun ki, bəzən on illərlə elektrik naqilləri yoxladılmır. Bəzən naqillər bir neçə yerdən zədələnir ki, bundan da ev sahibi xəbərsiz olur. Yaxud da ki, izolyasiya düzgün aparılmayıb. Bütün bunlar da potensial yanğın təhlükəsi yaradan amillərdir”.