Taksi tariflərində qiymətlər kəskin bahalaşmayacaq

Cəmiyyəti narahat edən iki əsas problem var, biri keyfiyyətsiz xidmət, digəri isə təhlükəsizlik məsələsidir

“Taksometrlərin quraşdırılması könüllü də, məcburi də ola bilər. Yəni burada əsas məqsəd taksometrin olması deyil. Əsas məqsəd gedişhaqqının ədalətli hesablanmasıdı”



  “Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə proses telefonla idarə olunduğu üçün yenidən taksometrin taksilərə qoşulmasına ehtiyac duymuruq”.
  
Bu fikirləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, vətəndaşlar əgər smartfondan istifadə etməsə, bu zaman cihaz qoşula bilər: “Sürücü reysqabağı müayinə olunacaq. Hazırda başqa ölkələrin də təcrübəsini nəzərə alaraq taksopark və qarajların yaradılması lazımdır. Vətəndaş və məmur təması olmaması üçün bu prosesi müasir cihazlar vasitəsilə quracağıq. Biz sadəcə şəraitin sahibkar tərəfindən qarajlarda yaradılmasına nəzarət edəcəyik”.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov da “Sherg.az”a  açıqlamasında nazir müavininin fikirlərinə şərik olduğunu deyib. O  bildirib ki, taksometrlərin quraşdırılmasında əsas məqsəd gedişhaqqının ədalətli hesablanmasıdır. Əgər  taksidə aqretator kimi yolun məsafəsini və  məbləği hesablayan mobil tətbiq varsa,  həmin taksidə taksometrə ehtiyac qalmır: “Xatırlayırsınızsa, bir neçə il əvvəl bəzi taksilərdə gedişi hesablayan sayğaclar vardı və sərnişinlər şikayət edirdi ki, sürücülər sayğaca müdaxilə edirlər deyə qiymət artıq yazılır. Amma smartfonlara keçəndən artıq belə bir narazılıq yoxdur. Heç bir sərnişin  əlavə pul iddiası etmir”.  

E.Cəfərovun sözlərinə görə, taksilərlə bağlı bu gün cəmiyyəti narahat edən iki əsas poblem var. Biri keyfiyyətsiz xidmət, digəri isə təhlükəsizlik məsələsidir. Vətəndaş taksiyə əyləşəndə sağ-salamat mənzil başına gedib çatacağına əmin deyil: “Buna ənənəvi taksi şirkətləri və taksi sürücüləri yox, taksi xidmətinə qoşulan təsadüfi insanlar şərait yaratdılar. Məsuliyyətsiz insanlar liberal bazar iqtisadiyyatı əsasında formalaşmış çox yaxşı taksi sistemini bu vəziyyətə qoydular. Hazırda bu sahədə ciddi tənzimləmələrə ehtiyac var. Ona görə də qanunvericiliyə dəyişikliklər təklif edilib. Taksometrlərin quraşdırılması könüllü də, məcburi də ola bilər. Yəni burada əsas məqsəd taksometrin olması deyil. Əsas məqsəd gedişhaqqının ədalətli hesablanmasıdı. Bu, taksometr və ya smartfonlarda olan hər hansı proqram vasitəsilə həyata keçirilə bilər. Taksi tarifləri dəyişən tariflərdir. Biz bu gün qiymətin yüksəlib, ya da azalacağını deyə bilmərik. Mövsümlə, tələb və təkliflə, sutkanın saatlarından, həmçinin avtomobilin komfortundan asılı olaraq qiymətlər dəyişir. Amma taksi tariflərində qiymətlərin kəskin yüksələcəyinə inanmıram”.
Şəymən