10 il əvvəl qəbuluna əngəl yaradılmışdı

Ekspert “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edib 


Milli Məclisin dünən  keçirilən iclasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Qanun layihəsi ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir. Layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur. Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub. Sənəddə qeyd edilib ki, ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi 9 fəsil və 68 maddədən ibarətdir, dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.

  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  isə “Sherg.az”a açıqlamasında təxminən 10 il əvvəl qəbulu əngəllənən qanun layihəsinin yenidən  müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edib:

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi bildiyim qədər qəbuluna imkan verilməyən layihələr içərisində 2-ci yerdə olub.

10 il olardı ki, bu layihə ortalıqda dövr edirdi, hər il keçirilən bankçılıq forumunda gələn il qəbul ediləcəyi bildirilirdi. Artıq bu qanun layihəsi birinci oxunuşda qəbul edilib. Xatırladıram ki, ləngimələr sırasında birincilik hələlik Rəqabət Məcəlləsinə aiddir - 17 ildir onun  qəbulu əngəllənir. Mərkəzi Bankın yeni rəhbərliyinin adıçəkilən qanun layihəsinin gündəmə gətirilməsi istiqamətində səyləri təqdirəlayiqdir”.