Nağd qiymətə mənzil almaq əlçatan deyil

İnsanlar məcburən banklara, kreditli şərtlərlə satılan mənzillərə üz tuturlar


Daşınmaz əmlak bazarında  kəskin bahalaşma müşahidə edilir.  Ötən illərlə müqayisədə yeni  binaların qiymətində ciddi artım müşahidə edilir.  Ekspertlər isə hesab edir ki, əmlak bazarında nağd alıcılıq qabiliyyəti  yüksək olmasa da, ipoteka predmetlərinə maraq yüksəkdir. 

Əmlak eksperti Elnur Fərzəliyevin “Sherg.az”a açıqlamasına görə, paytaxtda və respublikanın digər böyük şəhərlərində  mənzillərin satış qiymətlərində hər il gözəçarpacaq dərəcədə artım müşahidə olunur:

 “Artıq nağd qiymətə mənzil almaq hər kəs üçün əlçatan olmadığına görə insanlar məcburən banklara, kreditli şərtlərlə satılan mənzillərə üz tuturlar. Ötən il, yəni 2022-ci ildə coxmənzilli yaşayış binalarında satılan mənzillərin böyük hissəsi ipoteka, bank daxili və tikinti şirkətləri tərəfindən daxili kreditli şərtlərlə satılıb. 
 
 Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan girov müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 64 963 olub. Bu məlumat yalnız çıxarışlı mənzillərə şamil olunur. Çıxarışı olmayan, yəni tikilməkdə və yaxud hazır binalarda olan daxili kreditlərlə satılan mənzillərin sayı da kifayət qədər çoxdur. İpoteka kreditlərinin şərtləri ağır olduğuna görə əksər vətəndaşlar faiz dərəcəsinin yüksək olmasına baxmayaraq, daxili kreditlərlə satılan mənzillərə daha çox müraciət edirlər.

 Bu prosesin uzun illərdir ki, davam etdiyini nəzərə alsaq, o qənaətə gəlmək olur ki, ölkədə yüz minlərlə daşınmaz əmlak banklarda girovdadır. Və o mənzillərin sahibləri, yəni yüz minlərlə insan ən azından ömürlərinin 20-25 ilini banklara kredit ödəməklə keçirirlər. Ölkədə minimal və orta əməkhaqqı ilə banka ödənilən aylıq kreditin məbləği bəzən eyniləşir. Təəssüflər olsun ki, çox zaman kredit ödəyən əksər şəxslər ömürlərinin yaşamalı olan dövrlərini özləri, ailələri üçün deyil, banklara kredit ödəmək ücün yaşayırlar”.