İranda ana dilimiz qadağan edilib, amma çin dilində...

İran Ali Təhsil Şurasının qərarı ölkə Prezidenti İbrahim Rəisi tərəfindən təsdiq edilib. Qeyd edək ki, İran məktəblərində Çin dilinin tədrisi 2024-cü ildən etibarən həyata keçiriləcək. Bu xəbər sosial mediada güney azərbaycanlılar arasında geniş müzakirəyə səbəb olub.

 Onlar İranda on milyonlarla azərbaycanlının ana dilində təhsilinə icazə verilmədiyi, imkan yaradılmadığı halda, Çin dilinin tədrisinə İranda yaşayan qeyri-fars xalqlara qarşı hörmətsizlik kimi dəyərləndiriblər.
  
Qeyd edək ki, İranda 35 milyona yaxın Azərbaycan türkü yaşayır. Buna baxmayaraq, heç bir təhsil ocağında türk dilində tədrisə icazə verilmir. Bununla belə, İran hökuməti məktəblərdə çin, ərəb və fars dillərini məcburi fənn kimi tədris etməklə, ölkədə yaşayan digər etnik xalqların öz ana dillərində təhsil almaq hüququnu illərdir kobud şəkildə pozmağa davam edir.
 
 Uzun illərdir İranda antitürk siyasətinin aparıldığını xatırladan türkoloq-alim Firudin Cəlilov deyib ki, molla rejimi İran ərazisində yaşayan azərbaycanlıların inkişafına mane olmaq, onları sıxışdırmaq üçün ana dilinin tədrisinə icazə vermir: "Azadlıq, istiqlaliyyət, mədəni inkişaf, xalqın assimlyasiya edilməməsi ana dili ilə bağlıdır, soydaşlarımızın da ana dili qadağan edilib. Halbuki nəinki türk dilinin tədrisi, hətta  konstitusiyalarına görə azərbaycanlılar ana dilində məktəb də aça bilər".