Azərbaycanda ağ xalatlılar özünümüdafiəyə qalxdı

Həkimləri kütləvi təhqir edənlərə, nifrət oyadanlara qarşı rəsmi tədbir görülməlidir

Kardioloq-aritmoloq Günay Rəhimova sosial media hesabında həkimlərə qarşı inamsız, onlar haqqında  bədgüman danışan insanlara etiraz edib:

 “2 ay öncə mədəcik taxikardiyası ilə təzyiqi sıfıra düşən bir xəstə üçün gecə saat ikidə xəstəxanaya gəlib həyatını qurtarmışam, baxıram qızı sosial şəbəkədə ümumi həkimləri pisləyən yazının altına “Azərbaycanda həkim yoxdur” yazıb. Ya o gecəni mən yuxumda görmüşəm, ya məni azərbaycanlı hesab etmir”. 
 Sosial şəbəkələrdə həkimlərə olan nifrət, sürü və kütlə psixologiyasına uyub qəzəb püskürən insanların sayının günü-gündən artmasından gileylənən həkim hesab edir ki, burada bəsit vətəndaşdan tutmuş, saytların, jurnalistlərin, hətta həkimlərin belə, hər kəsin rolu böyükdür: “Ona görə də birlik olmaq, bir-birimizə dəstək vermək, bunun bir hüquqi tərəfini də artıq düşünmək lazımdır”.
  
Kardioloqun sözügedən postuna rəy yazan digər həkimlər də ona haqq qazandıraraq həkimlərin hüquqlarının pozulduğunu, bir-iki səhlənkar həkimə görə işinin peşəkar olan həkimlərin də adına ləkə gəldiyini qeyd ediblər. Niyə qurunun oduna yaş da yanmalıdır?! 

Müzakirəyə qoşulanlar həkim hüquqlarını müdafiə cəmiyyəti və ya bənzər bir qurum yaradılmasını təklif ediblər. 
  
Həkim Nərmin Əliyevanın fikrincə, sosial şəbəkələrdə həkimlərə (və ya digər peşələrə) qarşı sübutsuz, söz olsun deyə edilən ittihamlar qanuni şəkildə cəzalandırılmalı/təqib olunmalıdır: 

“Bizim insanlar düşünmədən sözü ortaya atmağı çox sevirlər. Çünki heç bir sözə görə cavabdehlik daşımadıqlarından tam əmindirlər. Bu da çox acınacaqlı nəticələrə gətirib çıxardır. Mən yaşadığım ölkədə olan həkimlərə/tibb işçilərinə/klinikalara qarşı sosial şəbəkədə və ya qəzetdə sübut olmadan heç bir yazı/comment olmaz. Çünki qanun qarşısında cavab verəcəklərindən qorxurlar. Azərbaycanda da həkimlərə qarşı orta əsrlərdəki kimi “Cadugər Ovu” (Witch hunt) dayandırılmalıdır”. 
  
Dermatoloq Əsmər Həsənova isə hesab edir ki, bu düşüncədə olan şəxslər bircə gün Azərbaycanda həkimlər işə çıxmaqdan imtina etsə, nələr baş verəcəyinin fərqində deyillər çünki...

Pediatr Vaqif Qarayev isə belə deyib:

- Uşaqda bir problem aşkar etdik, anası yüngülcə minnətdarlıq elədi. İki gün sonra status yazmışdım ki, Türkiyədə həkimləri öldürürlər. Həmin xanım şərh yazdı ki, bizdə də hamınız ölməlisiniz”. 

Pediatr Dilbər Pənahova isə deyib ki, həkimləri belə kütləvi təhqir edənlərə, nifrət oyadanlara qarşı rəsmi tədbir görülməlidir.
Həkim-psixiatr İlhamə Müslümova da hesab edir ki, ölkədə həkimlərin hüququnu müdafiə edən bir qurum mütləq yaradılmalıdır: 

“Həkimlərin həddən ziyadə haqqına girilir bu ölkədə, haqları tapdalanır. İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra ümumiyyətlə, həkimlərin hörməti düşüb aşağı, sanki hamıya borcluyuq, bizlər insan deyilik, bizi hər cür əzmək və təhqir etmək olarmış. Əslində bir gün, bircə gün bütün həkimlər sözü bir yerə qoyub işləməsək, onda hamı görər “Azərbaycanda həkim yoxdur” necə olur…
  
Qeyd edək ki, Azərbaycanda həkimlərə qarşı neqativ münasibəti cəmiyyətə hər yerdə, hər təbəqədən olan insanlarda görürük. 
Müzakirələrdən isə belə nəticəyə gəldik ki, “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir. Həkimlərin fikrincə, bu münasibət bumeranq effekti verir. Xəstə özü bu münasibətdən əziyyət çəkir. Bu cür düşüncə isə həkimdən çox, şarlatanlarla, özünü reklam etdirənlərlə, aşağı səviyyəli tibb təhsili verən universitetləri bitirənlərlə qarşılaşma nəticəsində yaranıb. Peşəkarlar vətəndaşlara həkim seçimini düzgün etməyi tövsiyə edir.  
  
Psixoloq Elnur Rüstəmovun da qənaətincə, "həkim yoxdur”, "həkimlər insanlardan istifadə edirlər” yanaşması savadlı həkimlərin işini kölgə altında qoyur: "Azərbaycan həkiminə olan bu inamsızlıq insanlarımızın müayinə və müalicə üçün daha çox qonşu ölkələrin tibb sisteminə üz tutmalarına gətirib çıxardı. Halbuki müalicə üçün qonşu ölkələrə gedib, əməliyyatdan sağ çıxmayanalar da olur. Onun hesabatını kimdən soruşmaq olar? Səhiyyədə problemlər var, amma inkişafı üçün işlər gedir. Əgər həkimimizə qarşı inam olsa, səhiyyəmizin böyük bir problemi həll olunacaq. Bu, böyük bir problemdir. Çünki çox yaxşı həkimlərimiz var. Bütün sahələrdə yaxşı və pislərlə rastlaşırıq. Azərbaycanda səhiyyənin elə sahələri var ki, qonşu ölkələrdən geri qalmır. Mən daha çox bələd olduğum sahələrdən misal çəkim. Nevrologiya, psixologiya, psixiatriyamız Türkiyədən də, İrandan da üstündür. Əksinə, gedənlərə yüksək dozalı dərmanlar yükləyirlər, bir müddət özlərini yaxşı hiss edirlər, sonra yenə eyni vəziyyətə qayıdırlar”.