Azərbaycanda plastik düyü varmı?  - Qida mütəxəssisi

Azərbaycan bazarında plastik düyü yoxdur

Amma bununla belə ehtiyatlı olmaq lazımdır

  "İnsanlar arasında düyünün plastik olması barədə məlumatlar yayılıb. Nəzarət tədbirləri çərçivəsində müayinə məqsədilə laboratoriyaya təqdim etmək üçün ticarət şəbəkələrində satışa çıxarılan düyü məhsullarından 25 nümunə götürülüb. Bunlardan 4-ü yerli istehsal, 21-i idxal edilən düyü məhsulu olub".
  Musavat.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib".
  Doğrudanmı, Azərbaycanda plastik düyü yoxdur? Ümumiyyətlə, düyünün plastik olub-olmadığını başqa necə müəyyənləşdirə bilərik?

 Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov da “Sherg.az"a açıqlamasında deyib ki, plastik düyü Çin bazarına aiddir və bu ölkədə geniş şəkildə istifadə olunur. Bu, kartof nişastası ilə müəyyən plastiklərin sintezindən əldə olunan düyüdür: “Azərbaycan bazarında plastik düyünün olması ilə qarşılaşmamışam. Amma bununla belə plastik düyü istehsalı, satışı olan ölkələrdən - Sinqapur, Vyetnam, Hindistan kimi ölkələrdən idxal zamanı ehtiyatlı olmaq lazımdır. Yəni bu o demək deyil ki, Hindistan düyülərinin hamısı plastikdir. Çünki gömrükdən daxil olan məhsullar AQTA tərəfindən analiz edilir. Ümid edirik ki, yerli bazarda belə düyülərə rast gəlinməz".
Mütəxəssisin sözlərinə görə, istənilən halda risk olaraq düşündüyümüz ölkələrdən gətirilən düyülər ciddi şəkildə laboratoriyadan keçirilməli və sonra ölkəyə buraxılmalıdır: “Düyü qırılırsa, plastik deyil, əzilirsə plastikdir. Bundan başqa, dadı, qoxusu olmasa da plastik düyülərin görünüşü var. Lakin etiraf edək ki, belə düyülərə bəzən ətir də vururlar. Düyünün qapağı açıldıqda ordan fərqli xoş qoxu gəlirsə, bu da şübhə yarada bilər".