Artıq ailəyə vacib institut kimi baxılmır - Psixoloq və mediator RƏYİ

Qızlar çalışır karyera qursun, özü rahat pul qazansın, bu da evlənənlərin sayının azalmasına səbəb olur

Boşanmaların sayı yenə artıb, evlənənlər isə azalıb. Məlumat cari ilin ilk beş ayının  statistikasında yer alıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19 381 nikah və 9 040 boşanma halları qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-ə qədər artıb.
  
Psixoloq  Ayşən İbrahimova “Sherg.az”a açıqlamasına qeyd edib ki, əvvəllər valideynlər daha çox övladının ailə qurmasına, qayğılarına təsir edirdilər. İndi isə onlar iqtisadi yükü öz üzərinə götürmək istəmir. Valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanı olursa, gənc ailəni öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla gənclər razılaşmır və problemlər yaranır. Onu da deyim ki, qızlar çalışır karyera qursun, özü rahat pul qazansın. Bu da evlənənlərin sayını azaldır. Əvvəllər hər kəs bilirdi ki, ailə qurmaq onun borcudur. İndi sosial şəbəkələr, filmlər, virtual aləm insanlarda dəyərləri dəyişib. Artıq ailəyə zəruri, vacib institut kimi baxılmır. Həmçinin insanlarda belə bir yanlış düşüncə var ki, ailə həyatı qurduqdan sonra əvvəlki sən olmayacaqsan, həyatın bütünlüklə dəyişəcək. Təbii ki, dəyişikliklər baş verəcək, ancaq bu, hər iki tərəfin evliliyə olan münasibətindən bilavasitə asılıdır”. Psixoloqun sözlərinə görə, bəzən də  insanlar ailə həyatı qurduqdan sonra "azadlıq"larının əllərindən alınacağından ehtiyat edirlər: 

“Azadlığını itirmə qorxusu evlilikdən insanı uzaqlaşdıra bilir. Həm də ailənin təməl prinsiplərində maddiyyat dayanır. Ona görə də boşanmaların sayında artımlar var. Gec evlənənlər də bu boşanmalardan qorxur, psixoloji sarsıntı keçirir ki, gələcəkdə onun da ailəsində yaşana bilər. Digər səbəblərdən biri isə gənclərin özlərinə karyera qurmaq həvəsidir. Xüsusən də qızlar evləndikdən sonra ev xanımı olmamaq üçün əvvəlcə iş-güc həvəsinə düşür. Düşünürlər ki, ailə qurduqdan sonra bu istəkləri oğlan evində xoş qarşılanmaz və xəyalları puç olar. Təbii ki, bu da onların evlilik yaşlarının keçməsinə gətirib çıxarır. Oğlanlar da karyera üçün gec ailə qurur, amma onlar daha çox ailə-uşaq-ev qayğılarından azad olmaq üçün karyeralarını bitirdikdən sonra evlənməyi planlayırlar. Bir növ avropalaşmağa üstünlük verirlər. Ailə məsuliyyətini tez daşımaq istəmirlər".
  
Mediator Fərhad Mehdiyevin “Sherg.az”a açıqlamasına görə, boşanmaların artmasının əsas səbəblərindən biri iqtisadi durumdur. İnsanların sosial rifahı bütün dünyada aşağı düşüb və maddi vəziyyət getdikcə pisləşir: “Əgər ailədə maddi sıxıntı yoxdursa, o zaman ər və arvad arasındakı bəzi xırda problemlər çox gözə batmır. Ancaq maddi sıxıntıların üzərinə xarakter uyğunsuzluğu və ya digər problemlər də gəlirsə, bu zaman artıq ailədə inam, etibar, birlikdə yaşamaq istəyi də azalır.  Ərindən arzuladığı diqqət və qayğını görə bilməyən qadın ona pul  xərclətməklə daxili boşluğunu doldurur. Kafe-restoranlara gedir, bahalı geyimlər, bəzək əşyaları  aldırır. Bunlarla xoşbəxt olan qadınları ərinin ondan soyuması, ona qarşı sevgisinin azalması maraqlandırmır. Maddi  imkanı zəif olan ailələrdə isə kişilər qadına bu şəraiti yarada bilmir deyə  aradakı soyuqluq tez  gözə çarpır.
Digər səbəb isə  21-ci əsrdə ənənəvi ailə modelinin, dəyərlərinin gündəmdən çıxaraq öz əhəmiyyətini itirməsidir. Sosial-iqtisadi şərait dəyişib. Heç nə əvvəlki kimi deyil. Azərbaycan xalqının mentaliteti əvvəlki ailə müəssisəsinə uyğundur. Reallıqda isə şahidi olduğumuz mənzərə tamam fərqlidir. Artıq insanlarımız rahat şəkildə bir-biriləri ilə ünsiyyətə girib, rahat şəkildə yeni tanışlıqlar əldə edirlər. Bunun özü də ailə bağlarını zəiflədən səbəblərdən biridir. Yəni hər iki tərəf düşünür ki, evləndiyi şəxslə xoşbəxt ola bilməsə, boşanıb başqa biri ilə  münasibətdə olacaq. Yəni insanlarımız üçün artıq ailə həyatı müqəddəs deyil.

 Onlar üçün vacib və dəyərli olan şəxsi həyatlarıdır. Qarşı tərəfin istəkləri, evlilikdən gözləntiləri ümumiyyətlə  maraqlandırmır. Cütlüklərimiz bir-birini itirməkdən qorxmur. Bir-biri ilə münasibətləri korlananda  aralarındakı problemlərin həllinə çalışmaq əvəzinə arzuladığı münasibəti kənarda axtarmağa çalışır. Əvvəllər, internetin bu qədər əlçatan olmadığı vaxtlarda boşanmış bir qadının, yaxud kişinin qısa müddətdə başqası ilə tanış olması mümkün deyildi.  Ona görə də tərəflər ailəsini qorumağa, münasibətlərini qoruyub saxlamağa  çalışırdı. İndi isə gənclər ailə quranda qalıcı olub-olmayacağına əhəmiyyət vermirlər. Bu çox vacib məsələdir. Onlar sadəcə münasibət qurmaq istəyirlər. Həmin münasibətin nə qədər davam edəcəyi maraqlı deyil”.