Kürün adı qalıb, suyu yoxa çıxıb

Çayın quruması təbiətin yox, bizim məmurların günahıdır


“Ötən ay rayonları sel aparırdı. Bəs bu qədər su hara getdi!? Bir yandan daşqınların vətəndaşlara vurduğu ziyanın dərdini çəkirik, bir yandan da susuz qalan rayonların dərdini çəkirik”
  
Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb.

"Report"un xəbərinə görə, bu ərazidə suyun səviyyəsi son bir həftədə 1 metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb.
 
 Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər əkin sahələrinin suvarılmasında çətinliklər yaranıb.
 
 Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.
  
Ekoloq Ənvər Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Kürün ancaq adı qalıb, suyu yoxa çıxıb: “Bu çaya ”Kür” adını bol sululuğuna və tez-tez aşıb-daşdığına görə veriblər. Hətta “Dəli Kür”. İndi isə çayın nə “dəli”liyi, nə də çılğınlığı qalıb. Kür Azərbaycanın ən böyük çayıdır. Kiçik və Böyük Qafqazın bütün sularının qidalandığı çay da elə “Kür”, haylı-küylü olmalı idi. Lakin son illər Kürün üzərində tikilən böyük su anbarları, suvarma sistemləri Kürü məhv elədi. Çaylar yağıntıdan və yeraltı sulardan qidalanır. Azərbaycanda isə yağıntıların böyük qismi yazın sonu, yayın əvvəlində qeydə alınır. Bu aylarda çayların quruması az qala mümkünsüz bir haldır, amma Kürün başına nə oyun açıblarsa, ölkəni aparan sel-su da onun qurumasının qarşısını ala bilmədi. Yağış suyunun hamısını anbarlara yığıblar. Hesablamalarıma görə, 36 milyard kubmetr su ehtiyatı yığılıb. Bu ehtiyatları da niyə yığırlar, kimlərdən ötrü yığılır, hamı bilir. Ən çox suvarılan ərazi taxıl sahələridir. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Məmurlar azad olunmuş ərazilərdə özlərinə təsərrüfat qurub. Suyu da özəlləşdiriblər, torpağı da. Yağış suyundan yığılan ehtiyatlar Kürə axıdılmalıdır. O ərazilərdə yaşayan insanlara su Mingeçevir gölündən verilməlidir. Kürün suyunu içmək olmaz. Yüzillər ərzində torpağa verilən fosfor, gübrə, azon un modifikasiyaları zəhərə çevrilərək çayın tərkibinə axıb”.
  Ə.Əliyevin sözlərinə görə, su ehtiyatlarının, çayların, dənizlərin səviyyəsinin aşağı düşməsi iqlim dəyişiklikləri ilə əlaqədar olur: “Kür çayının quruması təbiətin yox, bizim məmurların günahıdır. Ötən ay rayonları sel aparırdı. Bəs bu qədər su hara getdi!? Bir yandan daşqınların vətəndaşlara vurduğu ziyanın dərdini çəkirik, bir yandan da susuz qalan rayonların dərdini çəkirik. Azərbaycanda mütləq sudan istifadə haqqında konsepsiya hazırlanmalıdır. Kürətrafı rayonlarda arx sularından istifadə qadağan olunmalıdır. Məişətdə istifadə olunan suyu nizamlamaq olmur, amma suvarma üçün istifadə olunan suları tənzimləmək olar. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Suyun hər qramını diqqətlə istifadə etməliyik. İsrail dövləti ilə bir çox sahələrdə əməkdaşlıq edirik. Yaxşı olar ki, onların suvarma texnologiyaları Azərbaycanda da tətbiq edilsin. Yağış sularından damla-damla istifadə olunmalıdır”.