Vəkillər tədricən regionlarda da işləmək istəyəcəklər

İmtahanların sayəsində bölgələrdə vəkil qıtlığı problemi zamanla aradan qalxacaq

  
Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa deyib. O, Naxçıvanda da vəkil çatışmadığını diqqətə çatdırıb. Fazil Mustafa, buna səbəb kimi “Vəkillik haqqında” qanundakı maddəni göstərib: “Belə ki, testdən keçə bilməyən vəkillər üçün 3 il məhdudiyyət var. Bu müddəa ləğv olunmalı və vəkilliyə qəbul asanlaşdırılmalıdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bununla ucqar bölgələrdə olan defisit aradan qalxar. Türkiyədə və digər başqa ölkələrdə belə müddəa yoxdur”.
 
 Mövcud durumla bağlı "Sherg.az”a açıqlama verən Konstitusiya Araşdırmalar Mərkəzinin prezidenti Əliməmməd Nuriyev deyib ki, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov da bunu dəfələrlə qeyd edib ki, regionlarda vəkil qıtlığı var: “Burada məsələ ölkədə vəkillərin sayının az olması yox, vəkil olmaq istəyən şəxslərin rayonlarda işləmək istəməməsidir. Çünki gənclərin əksəriyyəti gəlib Bakıda ali təhsil alır və sonradan paytaxtda qalırlar.
  Bu isə rayonda yaşayan vətəndaşların hüquqi yardıma əlçatanlığını azaldır. Həmçinin rayonlarda maddi durum aşağıdır. Vəkilə müraciət edənlər pul ödəmirlər, vəkil də bu səbəbdən Bakıya gəlir. Elə bölgələr var ki, il ərzində cəmi 1 cinayət işi ya olur, ya olmur. Buna görə vəkil gedib orada daimi işləyə bilmir. Yaxud da bölgələrdəki insanlar imkan azlığından peşəkar vəkilə müraciət edə bilmirlər. Elə regionlar var ki, orda bir nəfər vəkil olur və ya ümumiyyətlə vəkil yoxdur. Amma son illər vəkilliyin inkişafı səbəbindən bu peşəyə maraq xeyli artıb. Gənc hüquqşünaslar vəkil olmaq istəyirlər. Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə müntəzəm olaraq vəkilliyə qəbul imtahanları keçirir. Təkcə Bakıda deyil, regionlarda fəaliyyət göstərən hüquqşünaslar da vəkil olmaq arzusundadırlar. Hesab edirəm ki, bu imtahanların sayəsində regionlarda vəkil qıtlığı problemi zamanla aradan qalxacaq. Həyata keçirilən islahatların nəticəsi özünü büruzə verəndə vəkillər tədricən regionlarda da işləmək istəyəcəklər.
Onu da deyim ki, bölgələrdə müşahidə olunan vəkil azlığının qarşısını almaq üçün Vəkillər Kollegiyası müəyyən addımlar atıb və proses davam etməkdədir. Növbəti illərdə də vəkillərin sayının artırılması, həm peşəkarlıq, həm xidmət səviyyəsinin artırılması, həm də digər neqativ halların qarşısının alınması, məsuliyyət yükünün artırılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.
  Ümumiyyətlə, son illər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları uğurla və davamlı qaydada həyata keçirilir. Vəkillər Kollegiyası bu islahatlar nəticəsində mobil, çevik və ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardım göstərən peşəkar qurum kimi fəaliyyətini davam etdirir.
  Kollegiya əhalinin hüquqi maarifləndirilməsi sahəsində də əhəmiyyətli addımlar atır. Əhaliyə pulsuz hüquqi yardım davamlı və müntəzəm olaraq həm vəkillərin müxtəlif rayonlara getməklə bu yardımı bilavasitə yerlərdə göstərmələri, həm də kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Hüquqi maarifləndirmə işinin əhalinin müxtəlif yaş kateqoriyaları nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır. Yeniyetmələr, kiçikyaşlı məktəblilər və tələbələr arasında hüquqi maarifləndirmə bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir".
  Vəkil olmaq istəyənlər üçün keçirilən test imtahanlarına və imtahanlar kəsilənlər üçün 3 il məhdudiyətinə gəldikdə isə Ə.Nuriyev deyib ki, yüksək biliklərə malik vəkillər olmalıdı ki, insanların hüquqlarını etibarlı şəkildə müdafiə edə bilsinlər.